ziyalilarforumu-29iyun

Ziyalılar cəmiyyəti ayağa qalxmağa səslədi

ziyalilarforumu-29iyunÖlkədəki korrupsiya müzakirəyə çıxarıldı; “Bu siyasət yuxarıdan apaılır”

Ziyalılar Forumunun təşkil etdiyi növbəti tədbir Azərbaycanda korrupsiya probleminə həbs olundu. Dünən bu mövzuda keçirilən dəyirmi masada məruzəçi olan iqtisadçı Qubad Ibadoğlu ölkəmizdə korrupsiyanın miqyasına və həcminə toxundu. Onun sözlərinə görə, ildən-ilə Azərbaycanın dövlət büdcəsi böyüdükcə korrupsiyanın səviyyəsi də artır. O, Mərkəzi Bankın büdcənin aylıq icrasına həsr olunan məlumatlarına istinad edərək, büdcədən mənimsəmələri detallarıyla izah etdi.

Bir çıxış yolu var…

“Büdcə ilə bağlı bir rəqəm deyəcəyəm və bununla da mənzərə aydın olacaq. 2011-ci ilin büdcəsinin 46 faizini, yəni 8 milyardını qeyri-maliyyə aktivlərinin alınmasına xərcləyiblər. Guya, lisenziyalar, patentlər alıblar, ancaq bu mümkün deyil”, – deyə Qubad Ibadoğlu bildirdi.

Iqtisadçı ölkənin xarici ticarətində korrupsiya hallarına toxunarkən Türkiyə və Azərbaycan tərəfinin rəsmi məlumatlarındakı ziddiyyəti ortaya qoydu: “Türkiyə 2008-ci ildə Azərbaycana 1 milyard 667 milyon 500 min dollarlıq mal göndərdiyini bildirirsə, rəsmi Bakının məlumatında bu rəqəm 8-7 milyon həcmindədir. Fərq də onu göstərir ki, dövriyyənin 51,6 faizini Azərbaycan qeydiyyata almır. Yaxud Rusiya məlumat verir ki, 1 milyard 966 milyon dollarlıq mal göndərib, amma Azərbaycan 1 milyard 350 milyonluq mal gəldiyini bildirir. Gürcüstanın rəsmi məlumatında Azərbaycana 205 milyon dollarlıq mal göndərildiyi qeyd olunsa da, Azərbaycan bu rəqəmin 51 milyondan artıq olmadığını bildirir. Əgər fərq 10 faizə qədər olardısa, normal hesab etmək mümkün idi, amma bizdə fərqlər 31-55 faiz arasındadır. Bu fərqlər Iranla, Böyük Britaniya və başqa ölkələrlə də var”.
Qlobal maliyyə böhranının Azərbaycana təsir etmədiyi barədə bir sıra rəsmilərin səsləndirdiyi fikirlərin əsassız olduğunu deyən Qubad Ibadoğlunun sözlərinə görə, böhran ölkənin hətta gizli iqtisadiyyatına da təsir göstərib: “Azərbaycan sərhədinə daxil olan portağalın 1 kiloqramı 44 qəpik təşkil edir, amma bazarda orta qiymət 2 manatdır, yaxud kartof Belarusdan gəlir 6 qəpiyə qeydiyyata düşür, 8 qəpiyə gömrükdən çıxır, 53 qəpik orta qiymət olur. Yəni, qiymətləri qaldıran malları gətirən inhisarçılardır. Heç bir ölkədə bu qədər böyük fərqlə qazanc əldə etmək mümkün deyil.  Fəlakət ondadır ki, ötən il gizli iqtisadiyyat 66,2 faiz təşkil edib və bu daha çox oliqarxların hesabına formalaşıb”.

Rüşvətxorluğun yaranma səbəblərinə gəlincə, iqtisadçı ilk növbədə psixoloji amili qeyd edir: “Yəni, rüşvət verməyincə, problemi həll etmək olmur. Ikinci amil sosial bəraətdir. Həkimlərin ştat sayı 26 mindir, amma səhiyyə sistemində 33 min nəfər çalışır, çünki bir ştatı 2-3 yerə bölüb, maaşı 100-150 manat ediblər. Bununla da həkimlər ”rüşvət almayıb, necə dolanım?” sualıyla özlərinə bəraət qazandırırlar. Üçüncüsü, qorxudan sığortalanma amilidir. Məmurlar nə vaxtsa həbs olunacaqlarını bildiklərindən çoxlu pul yığıb bununla da gələcəklərini sığortalamaq istəyirlər. Bizi həmişə tənqid etməkdə suçlayırlar. Guya, biz yol göstərmirik. Halbuki mən Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına bu barədə danışdıqlarımı və çıxış yolunu yazılı şəkildə göndərmişəm, reaksiya yoxdur”.
Qubad Ibadoğlu hazırkı korrupsiya bataqlığından uyğun bildiyi çıxış yolunu da açıqladı: “Əsas bircə yol var – hakimiyyətin peşəkar komandası olmalı, idarəetmədə islahatlar aparılmalı və onlar insan haqlarına hörmət etməlidir”.

“Korrupsiya siyasəti yuxarıdan aparılır”

Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazov isə çıxışını daha çox cəmiyyətin korrupsiyaya təpkisinin hansı səbəbdən aşağı olması üzərində qurdu: “Düzdür, bizim məmurlar alman məmurlar deyil, bəs cəmiyyətimiz, ziyalılar, biz də alman olmadığımız üçün susmalıyıq? Bu mənada ilk addımı cəmiyyət atmalı və deməlidir ki, biz avropalılardan əskik deyil. Əks təqdirdə məmurlardan və onların təsiri altında olan məhkəmələrdən  heç nə gözləməyə dəyməz”.
Politoloqun fikrincə, ilk növbədə əsas tələb kimi Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və buna müvafiq qurumların buraxılmasını gündəmə gətirmək lazımdır. Eldar Namazov təklifini belə əsaslandırdı: “Çünki korrupsiya siyasəti yuxarıdan aparılır. Məsələn, müəllimləri seçki saxtakarlığına cəlb etmək üçün az maaş verib korrupsiyaya vadar edirlər. Ona görə də hakimiyyət ölkədə orta sinfin formalaşmasına imkan vermir”.

Qanunlar var, amma siyasi iradə yoxdur

Vəkil Fuad Ağayev Milli Məclisin bu yaxınlarda “Informasiya əldə etmək haqqında”, “Kommersiya sirri haqqında” qanunlara edilən əlavə və dəyişiklikləri yada salaraq bildirdi ki, bu, Azərbaycanın da ratifikasiya etdiyi BMT-nin Korrupsiyaya Qarşı Mübarizəyə dair Konvensiyasına ziddir. Konvensiyada hansı şirkətlərin arxasında konkret kimlərin dayandığının bilinməsinin vacibliyi qeyd olunub. Bu mənada hökumətlər, o cümlədən Azərbaycan da həmin məlumatları aşkarlamaq öhdəliyi götürdüyü halda, bu qanunlara edilən dəyişikliklərlə öhdəliyi pozurlar. Fuad Ağayevin fikrincə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində müvafiq mexanizmlər, qanunlar var, ancaq siyasi iradə yoxdur.

“Rüşvətxor məmurun üstünə getmək lazımdır”

Iqtisadçı Nazim Məmmədov korrupsiyadan danışarkən insanlarda, xüsusən də sahibkarlardakı xof hissinə, marginallaşmaya toxundu: “Rüşvətdən danışırıqsa, sahibkarların marginallaşdığını deməliyik. Çünki sahibkarlar da az vergi verib daha çox qazanmaq istəyirlər. Rüşvət qorxaqla quldur arasında gizli saziş deməkdir. Quldur məmurdursa, qorxaq da sahibkar, yaxud vətəndaşdır. Ona görə də qorxmaq lazım deyil, rüşvətxor məmurun üzərinə gedilməlidir”.

“Xalqın əksəriyyətinin maaşı heç xeyrə-şərə getməyə çatmır”

Keçmiş deputat Gültəkin Hacıbəyli də cəmiyyətin korrupsiya hallarına biganə münasibətindən, müqavimət göstərməməsindən gileyləndi: “Cəmiyyətimiz cavabsız suallar mərhələsindədir. Bu gün hədəfimiz vəziyyətdən çıxış yollarını axtarmaqdır. Cəmiyyət problemin kökünü dərk edirsə, artıq korrupsiya səltənətinin özülləri silkələnir. Hazırda cəmiyyətimiz bu sualların cavabını tapıb yeni suallar qoyur ki, vəziyyətdən necə çıxaq? Əslində, xalqın əksər hissəsinin maaşı heç xeyrə-şərə getməyə çatmır və bununla da insanlara ”xeyrə-şərə yaramayan” damğası vururlar. Amma cəmiyyət düşünməlidir ki, vətəndaş haradan qazanc yeri tapmalıdır?”
Gültəkin Hacıbəyli Şevardnadzenin dövründə Gürcüstanda korrupsiyanın tüğyan etdiyini, lakin Saakaşvilinin hakimiyyətə gəlişindən sonra bu sahədə ciddi irəliləyiş olduğunu yada saldı: “Baxın, gürcülər 5 ildə hansı məsafəni qət etdilər. Deməli, cəmiyyət idarəolunandır, əsas passionar qüvvədir, onlar xalqı irəli aparır. Ziyalıların sözü, hətta partiya liderlərindən də gur eşidilir. Bu mənada, ziyalıların üzərinə böyük məsuliyyət düşür. Ona görə ziyalılar mətbuatda maariflənmə işini gücləndirməli və cəmiyyəti silkələməlidir”.

“Azərbaycan kütləvi narkomanlaşmış cəmiyyətə çevrilir”

Professor Cəmil Həsənli çıxışında vurğuladı ki, Azərbaycanın ən böyük problemi idarəçilik mexanizminin yararsızlığıdır. Professor siyasi məhbus problemi, o cümlədən insanların fərqli baxaşlarına, siyasi mövqelərinə görə qondarma ittihamlarla həbsə atılmalarından da danışdı: “Bizi idarə edənlər diqtə edirlər ki, ”biz oğurluqla məşğul olsaq da, siz susmalısınız”. Həm zənginlik mənbəyini əllərində saxlamaq istəyirlər, həm də mənəvi dəyərlərə nəzarət mexanizmini. Siyasi məhbus probleminin kökü də bu məsələyə söykənir. Çünki həbs olunanlar korrupsiya idarəçiliyinə etiraz ediblər. Hesab edirəm ki, bir neçə nəfər azad olunsa da, siyahı tamamlanmadı. Son vaxtlar ictimai-siyasi fəalların cibinə narkotik atıb həbs etmək isə, lap biabırçılıqdır. Hətta SSRI kimi anti-bəşəri bir quruluş vətəndaşının cibinə narkotik atmağı özünə  sığışdırmırdı. Dünən jurnalistlərin, bu gün isə elmlər namizədinin cibinə narkotik atırlar, mən Hilal Məmmədovun həbsini nəzərdə tuturam. Beləliklə, Azərbaycan kütləvi narkomanlaşmış cəmiyyətə çevrilir. Biz siyasi motivlərlə həbs olunan bütün şəxsləri müdafiə edirik”.

“Siyahını görüb dəhşətə gəldim”

“Ayna” – “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı isə bildirdi ki, əsas məsələ “indiki vəziyyətdə nə etməli?” sualına cavab verməkdir. O da cəmiyyətin hərəkətə keçməsinin vacibliyinə diqqət çəkdi: “Son vaxtlar ədəbi tənqid nümunəsi görmüşükmü? Milli Dram Teatrındakı tamaşalara baxmışıqmı? Səhnəyə kimin tamaşaları və nə üçün qoyulur? Bax, korrupsiya faktı orada var, müəlliflərin adına baxsaq, birbaşa korrupsiya qoxusunu hiss edəcəyik. Sadəcə, hamısı dostlarımız olduğundan səsimizi çıxarmırıq. Mən bir neçə gün əvvəl çəkilməli olan filmlərin siyahısına baxdım, dəhşətə gəldim, biabırçılıqdır. Qusmanın 25 il əvvəl çəkdiyi filmin yeni variantına böyük məbləğdə pul ayrılıb. Bəli, korrupsiya pisdir, amma bizlər də hərəkət etməliyik”.

“Vətəndaş pulunun oğurlanmasından narahat olmalıdır”

Keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev də büdcənin talan edilməsinə cəmiyyətin səssiz qalmasından təəccübünü ifadə etdi: “Əgər biz ona nail ola bilsək ki, vətəndaş ona çatmalı pulun oğurlanmasından narahatlıq keçirir, deməli, dəyişikliklərin də təkanı başlayacaq. Bu gün vətəndaş nə verdiyi vergidən, nə də cibindən oğurlanan puldan narahat deyil. Biz bu narahatlığı nə vaxt yarada bilsək, o zaman da  təpki olacaq”.

“Bugünkü rejim sovet dövrünün metastazıdır”

Yazıçı Əkrəm Əylisli dəyərlərin dəyişməsini ölkə üçün faciəvi hal kimi qiymətləndirdi: “Mən sovet dəyərləri sisteminin təbliğatçısı olmamışam, əksinə, ona qarşı olmuşam. Amma sovet dəyərlərinin yerinə elə bir şey yaradılır ki, bu prosesdə ümid tapa bilmirəm. Indiki Azərbaycanın mənəvi boşluğuna ziyalı imzası gərəkdir. Sovet dövründə milli-mənəvi inkişaf vardı, indi primitiv, çürük mühit yaranır”.
Yazıçı-publisist Mehriban Vəzir isə Əkrəm Əylisli ilə razılaşmadı. Bildirdi ki, müzakirəyə çıxarılan mövzu mürəkkəb olduğundan təklifi yoxdur, amma yenə də nə etmək haqda düşünür: “Bugünkü rejim sovet dövrünün metastazıdır, ona görə həmin illəri təbliğ etmək mümkün deyil”.

Mənəvi korrupsiya…

Professor Rafiq Əliyev fəlsəfədə “sosial kodlaşma” terminini xatırladaraq bildirdi ki, son 20 ildə Azərbaycan xalqının dəyərləri dəyişdirildi. Ona görə bizlər üçün çox ağır olacaq: “Amma Gürcüstan misalı da var və bu prosesdə gənclərin fəallaşmasına ehtiyac var. Biz siyasi-iqtisadi korrupsiyadan danışdıq, amma mənəvi korrupsiyadan danışmadıq. Yaltaqlıq, məddahlıq, alçaqlıq, bundan böyük rüşvət varmı?..”

Natiq