Rəhim Qazıyev gizli Moskva görüşü barədə…

Keçmiş müdafiə naziri ona yönələn ittihama cavab verdi

Əbülfəz Elçibəy hakimiyyətinin süqutuna səbəb olan Gəncə qiyamı ilə bağlı vaxtilə Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış Turqut Ərin “Azadlıq” qəzetində dərc olunan fikirləri keçmiş müdafiə naziri Rəhim Qazıyevin etirazına səbəb olub.
Rəhim Qazıyev türkiyəli diplomatın “tam məxfi” sənəd kimi təqdim etdiyi materialda özü ilə bağlı olan məqamları təkzib edir. Həmin sənəddə göstərilib ki, 7 iyun 1993-cü ildə Rəhim Qazıyev, Ayaz Mütəllibov, Surət Hüseynov, Qurban Xəlilov, Heydər Əliyev, Natiq Əliyev, Yaqub Məmmədov, Etibar Məmmədov Moskvada P.S.Qraçov, P.N.Barannikov və adı açıqlanmayan əks-kəşfiyyatçı ilə görüşüblər. Görüşdə Azərbaycandakı milli hakimiyyətin devirilməsi üçün planların detalları müzakirə edilib.
Yeri gəlmişkən, Turqut Ərin göstərdiyi xüsusatlar Əbülfəz Elçibəyin “Azadlıq” qəzetinin 6 iyun 1998-ci il tarixli sayına müsahibəsində də öz əksini tapıb.
Rəhim Qazıyev isə deyir ki, o, göstərilən tarixdə – 7 iyun 1993-cü ildə Moskvada olmayıb. Onun P.S.Qraçovla sonuncu görüşü isə həmin ilin aprelində bir tədbirdə baş verib. Bu tədbirə isə o, baş nazir Pənah Hüseynovun dəvətilə qatılıb.
Rəhim Qazıyev 1993-cü il iyunun əvvəlində Moskvada olduğunu danmır. Bu səfərə o, iyunun 7-də bacısının ad gününə qatılmaq üçün yollanıb. Lakin iyunun 2-3-də Moskvada qaldıqdan sonra Bakıdakı hadisələrlə əlaqədar geri qayıtmaq məcburiyyətində qalıb.
Keçmiş nazir həmçinin Turqut Ərin təqdim etdiyi sənədin mötəbər olmadığını söyləyib. Qeyd edib ki, belə bir sənəd əldə olsaydı, Heydər Əliyev onu çoxdan əsas tutub, ona qarşı ittihama əlavə edərdi.
Rəhim Qazıyev onu da əlavə edib ki, 1993-cü ilin Gəncə hadisələrilə bağlı Pənah Hüseyn və Turqut Ərlə debata hazırdır.

Siyasət şöbəsi