Adam böyük qardaşdan öyrənər, tərbiyə götürər, onun addımlarını təkrarlayar. Məsələn, Türkiyə – dinimiz, dilimiz, soykökümüz eynidir, maşallah, “bir millət, iki dövlətik”; ondan öyrənməyib də, bəs, kimdən əxz etməliyik?
Amma… bu Rəcəb Tayyib Ərdoğandan nə öyrənəsən? Türkiyə Baş nazirinin gələcəyə hesablanan müdrik, uzaqgörən, çoxşaxəli, əhatəli iqtisadi siyasəti varmı ki, baxıb nəticə çıxarasan?
Elə dünən hörmətli Ərdoğan pilotların təlimi üçün istifadə olunacaq “Hürquş” adlı ilk Türkiyə təyyarəsinə baxış keçirdi. AKP hakimiyyəti başını başlara qoşurmuş, 2006-cı ildə qərar veribmiş ki, Türkiyə də öz hərbi helikopterlərini, qırıcılarını istehsal etməlidir. Və aradan təxminən 7 il keçəndən sonra, yəni 2013-cü ildə “Hürquş” sınaq uçuşlarına başlamalıdır.
Ərdoğan bu işə əməlli-başlı pul ayrılmasına da sərəncam veribmiş – layihə bütövlükdə 20 milyard dollara başa gələcəkmiş.
Aha, ilk baxışdan da görünür ki, necə iri, necə gözəl, necə mamlımatan və yeməli layihədir. Amma…
Elə adamı yandıran bu “amma”dır da. Aradan bu qədər illər keçib, istehsal üçün yer-yurd tikilib, layihələşdirmə aparılıb, 100-dən artıq mühəndis, 350 texnik təyyarənin üstündə çalışıb və 4 ədəd “Hürquş” artıq hazırlanıb. Neçəyə? Bu yekəlikdə işlərə Ərdoğan hökuməti bu vaxtacan nə qədər xərcləsə yaxşıdır?
Cəmi 150 milyon dollar…
A kişi, sən nə iş görürsən, nə qayırdığındı? Bu boyda Azərbaycan hakimiyyəti gözünü sənə dikib ki, bir mərifətli, qanacaqlı zad öyrənsin, budur sənin siyasətin?
Sənin oğlun, qızın, qohum-əqrəban yoxdur? Sən Dubayda qoşa-qoşa villa, dünyanın ən səfalı yerlərində nəhəng mülklər almaq, xarici banklarda milyardlar gizlətmək, cəhənnəm, heç olmasa, xizəkdə sürüşmək istəmirsən? Bəs, qurdla qiyamətə qalacaq törəmələrinə əlinə fürsət düşmüşkən sərvət qoyub getmək, xalqın ürəyində əbədi yadetmə ehramı ucaltmaq ağlına gəlmir?
Bax: Hörmətli Ilham Əliyev təkcə bu il 6 nazirliyin inzibati binasının təmirinə 700 milyon manatdan artıq pul ayırıb. 700 milyon manat ey, hörmətli Ərdoğan, dollarla bir milyardın əl-ayağını yığışdırır, gözünü aç, yaxşı-yaxşı gör! Bu il yalnız Müdafiə Nazirliyinin inzibati binasının daş örtüyünün ağardılması kimi böyük, şanlı və şərəfli işə 203,5 milyon manat (261 milyon dollar) vəsait ayırmışıq – sənin təyyarə istehsalına 7 ildə ayırdığın puldan nə az, nə çox – 110 milyon artıq!
Iş budu ey, qaqa! Yoxsa, 150 milyon?
Biz 150 milyonu (manat!) Bakıdakı 11 kilometrlik aeroport yolunun yenidən qurulmasına səpələmişik – hər il də təzədən, qəttəzədən və lap yenidən qurulmasına bir xeyli xərcləyirik; ümumillimizin adını daşıyan, kənardan əndrabadi bir şey kimi görünsə də, əsl həqiqətdə Qafqazda tayı-bərabəri olmayan Mərkəzin yalnız özülünün tökülməsinə 176 milyon (manat!) qoymuşuq;
Sən hərbi təyyarə istehsalına 150 milyon xərcləyənə qədər yayda sürüşməyimiz üçün Qusardakı Qış-Yay Kompleksinə artıq 4 milyard manat yatırmışıq, hələ 2 milyard da xərcləyəcəyik;
Balaxanıdakı Zibil zavodunu isə əvvəlcə 346 milyon avroya razılaşsaq da, sonra bu rəqəmi 575 milyona qaldırmağımızdan həyəcanlanma, hörmətli Ərdoğan! Çünki biz öz zibilimizi bu qədər qiymətləndiririk, daha doğrusu, zibildən belə pul qırxırıq!
Sən ən müqəddəs varlıq olan ananın yasını ayran-çörəklə yola verirsən, biz hər il mayın 10-da ümummilimizin ad günü ilə bağlı keçirdiyimiz ən ufacıq, ən balaca tədbirə – Gül Bayramına 116 milyon manat xərcləyirik.
Indi, insafla, özün de: Azərbaycan hakimiyyəti səndən nəsə öyrənsə, bəs, ayını kim yeyəcək, Türkiyənin məşhur hotelində ən bahalı restoranı “sadəcə, sakitcə şam üçün” 80 min avroya kim bağladacaq, Ingiltərədən kim villa alacaq?..
Yaxşı ki, sənin “pis nümunə”nin təsiri altında deyilik…

Ərdoğandan nə vaxt yaxşı bir iş çıxıb ki?!
•