“Mübarizəmiz davam edir”

tural-ehed“İslah” olunmayan daha iki keçmiş vicdan məhbusu ilə söhbət

Kiçik məhbəsdən böyük məhbəsə çıxan daha iki vicdan məhbusuyla – Müsavat gənclər təşkilatının sədri Tural Abbaslı və onun müavini Əhəd Məmmədli ilə görüşürük. Abbaslıların köçdüyü yeni mənzilə təşrif buyururuq. Artıq indidən, demək olar, azadlığa çıxan 9 vicdan məhbusunun heç biri “islah” olunmayıb. Tural və Əhədlə də  söhbət zamanı bunun əyani şahidi olduq. Hər iki keçmiş məhbusun dilindən “qan” tökülürdü.

“Bizləri nə alçaltmaq, nə də qorxutmaq olar”

Söhbətimizə hər iki gəncin yaşadıqları 1 il 4 aylıq məhbəs həyatının necə keçməsi ilə başlayırıq. Tural deyir ki, məhbəs həyatını iki mərhələyə bölmək olar: “Biri Kürdəxanıda yerləşən Bakı Istintaq Təcridxanası, ikincisi isə Cəzaçəkmə Müəssisəsi. Kürdəxanı şərait baxımından nisbətən daha yaxşı idi. Ancaq orada insanlar sıxılır. Təsəvvür edin, qanunsuz yerə həbs olunmusan, günahın olmaya-olmaya səni içəri atırlar, səninlə eyni amal uğrunda mübarizə aparan yoldaşlarını görə bilmirsən. Kürdəxanıda hər birimiz iki nəfərlik kamerada qalırdıq. Əqidədaşlarımla ya vəkillə görüşəndə təsadüfən üz-üzə gəlirdik, ya da məhkəməyə gedəndə görürdük. Yəni bizi orada da ayırırdılar. Həm də qaynar siyasi həyatdan adamı dörd divar arasına atanda psixoloji baxımdan ağır idi. 14 saylı Cəzaçəkmə Müəssisəsində yaşam vəziyyəti daha acınacaqlı olsa da, ancaq biz bir yerdə idik. Bəxtim gətirdi ki, Əhədlə bir yerə düşdük. Heç olmasa bununla özümüzə təsəlli tapırdıq. Biz azad seçki, azad mətbuat, azad söz, azad dövlət naminə mübarizəyə qalxmışıq, meydanlara çıxırıq. Təbii ki, bu cür cılız hisslərlə bizləri nə alçaltmaq, nə də qorxutmaq olar. Biz çöldə necə idik, içəridə də elə olduq. Yəni heç nədən çəkinmədən, öz işimizi görürdük. Biz mənəvi baxımdan rahat idik. Çünki nə üçün həbs olunduğumuzu yaxşı bilirdik”.
Əhəd Əliyevlərin hakimiyyəti dövründə iki sınaqdan üzüağ çıxdığını deyir: “Mən Əliyevlərin hakimiyyəti dönəmində hərbi xidmətdə olmuşam, indi də məhbəs həyatını yaşayıb qurtardım. Mənim üçün əsas məsələ vicdanımı qorumaq idi. Allaha şükür ki, bunu bacardım. Kiminsə qarşısında əyilmədim, sınmadım”.

Gülünc hadisə…

Əhəd sevinir ki, onu mitinqçi kimi həbs ediblər: “Düzdü, bizim hər birimizi narkotik istifadəçisi, qadına sataşan, xuliqan kimi tuta bilərdilər. Bu, yenə heç nəyi dəyişən deyildi. Əgər sən təmiz yoldasansa, rəqibinin hər hansı çirkin əməli və niyyəti yolundan səni sapındıra bilməz. Ancaq mitinqçi kimi, meydana çıxdığına görə həbs edilmək bir növ səni qəbul etmək kimi bir şeydir. Yəni etiraf edirlər ki, sən bizim rəqbimizsən, sən bizimlə mübarizə aparırsan”.
“Biz ”islah” olunmamışıq. Bunu həbsdə olan zaman keçirilən məhkəmə proseslərində də deyiblər. Verilən cəzanın üçdə bir hissəsini çəkdiyimiz üçün məhkəməyə müraciət edəndə də “törətdikləri günahları boyunlarına almadıqlarına görə” damğası vurub bizi azad etmirdilər. Bir sözlə, biz “islah” olunmadan azadlığa çıxımışıq”, – deyir Tural.
Tural Abbaslı həbs olunana qədər BakıDövlət Universitetində magistr pilləsi üzrə təhsil alırdı. Məhbəs həyatı onun tələbəlik həyatının üstündən də xətt çəkdi. Keçmiş məhbus yaxın günlərdə bu məsələylə bağlı universitetə baş çəkməyi düşünür. Deyir ki, Məhəmməd Əmin Rəsulzadənin yaratdığı universitetin tələbəsini müsavatçılıq ideologiyasına görə xaric etməkdən dünyada gülünc bir hadisə ola bilməz: “Yaxşı olar ki, universitetin rektoru Abel Məhərrəmov və başqa müəllimlər bu barədə düşünsünlər. Mən universietə öz biliyimlə girişmişəm. Heç bir problem yoxdu, yenidən imtahan verib daxil ola bilərəm. Ancaq nəyə görə haqqımı tələb etməyim? Bu mənim hüququmdu? Sona qədər gedəcəm. Hətta işi Avropa Məhkəməsinə aparacam ki, bütün dünya Azərbaycanda hansı proseslərinin getdiyinin şahidi olsun. Bilsinlər ki, bizim ölkədə hakimiyyət siyasi rəqiblərinə qarşı hansı çirkin oyunu oynayır”.

Siyasətçi və idman şərhçisi

Əhəd bu görüşdə olduğu kimi, məhbəs həyatında da çox sakit olub. Bir növ başını aşağı salıb, işini görüb. Yəni söz soruşmayanda cavab vermir, bu həm də onun bir az utancaqlığından irəli gəlir. Özü isə bu barədə belə deyir: “Kim özünü necə aparırsa, mən də ona o dərəcədə hörmət edirəm. Nə çox, nə az. Oturduğum yerdə kimsə gəlib sataşmırsa, mənim də onunla heç bir işim olmur”.
Əhəd Məmmədlini azarkeşlər futbol şərhçisi kimi tanıyıb. O, dəfələrlə oyunlarla bağlı telekanallardan proqnozlar verib, futbolçuların durumunu şərh edib. Aktiv siyasətlə məşğul olmasına baxmayaraq onun futbola marağı hələ də sönməyib.
Tural deyir ki, həftədə bir-iki dəfə hamı evinə zəng edirdi: “Bütün ”vicdan məhbusları” kimi Əhəd də evinə zəng edib hal-əhvaldan sonra o dəqiqə futbolla maraqlanırdı. Hansı komandanın qalib gəldiyini, kimin necə oynadığını soruşub rahatlaşırdı. Yəni içəridə də sevimli işindən kənarda qalmırdı”.
Əhəd futbolla bağlı məsələyə bu cür münasibət bildirir: “Həmişə futbola marağım olub, indinin özündə də. Hətta rəisdən də xahiş etmişdik ki, sonuncu Avropa çempionatına baxa bilək. Ancaq 14 saylı Cəzaçəkmə Müəssisəsindəki məhbusların çoxu teleseriallara baxdığı üçün əksər vaxtı bundan məhrum olurduq. Bəzən oyun bitəndən sonra qollara, səhəri gün oyunun video yazısına baxırdıq. Bu çox çətin idi. Yaxşı olardı ki, futbola baxmaq istəyənlərə normal şərait yaradılsın. Dəfələrlə dünya təcrübəsində olub ki, müharibə edən dövlət futbol oyunları zamanı atəşkəs elan ediblər. Yəni futbol həm də bir sülh rəmzidir. Məhbuslara iki saatlıq şərait yaratmaq elə də çətin iş deyil. Məhbusları cəmiyyətdən təcrid eləmək lazım deyil. Elə münasibət sərgiləmək lazımdır ki, onlar özlərindən küsməsinlər. Məhbəs həyatı yaşayan insanların çoxu həyata biganədir. Bu təkcə futbolla bağlı olan məsələ deyil, hər şeydə belədir”.

Vidadi Isgəndərli və Şahin Həsənli haqda bir neçə söz…

Keçmiş vicdan məhbusları içəridə olduqları müddətdə heç bir təzyiqə məruz qalmadıqlarını deyirlər: “Bizə nə fiziki, nə də psixoloji təzyiq olurdu. Ancaq namaz məsələsində problem yaradırlar. Bu təkcə bizə deyil, bütün məhbuslara aid idi. Iş o yerə çatmışdı ki, Cəzaçəkmə Müəssisənin rejim rəisi Əlizamin Quliyev buna nəzarət edirdi. Bəhanələri bu olmuşdu ki, namaz qılanlar sonradan hansısa qruplaşmalara qoşulurlar. Qruplaşmalara qoşulurlarsa, buna siz nəzarət etməlisiniz. Ancaq insanların dininə hörmət etmək lazımdır. Hansı məhbus namaz qıla bilər, onun adı ibadət otağına girişdə asılmış siyahıya yazılmışdı. Namazdan gözəl nə ola bilər? Bir tərəfdən deyirsiniz ki, insanlar islah olunmurlar, o biri tərfədən də namaza qadağa qoyursunuz. Bunu anlamaq olmur”.
Keçmiş məhbuslar hüquq müdafiəçisi Vidadi Isgəndərli və AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin azadlığa çıxmamasından məyus olublar: “Hər iki vicdan məhbusunun azadlığa çıxmağa haqqı var. Onların heç bir günahı yoxdur. Hər iki şəxs 2 aprel mitinqinə görə tutulub. Sadəcə, hökumət onları ayrı-ayrı maddələrlə mühakimə etdiyi üçün bəhanə edib buraxmadı. Ancaq onların nə üçün həbs olunduqlarını hamı bilir”.

***

Turalgilin evindən çıxırıq. Hər ikisi Müsavat partiyasının qərargahına tələsir. Özlərinin dediyi kimi, “islah” olunmayıblar, buna görə də harda dayanıblarsa, oradan yola davam edirlər…

Ramin DEKO