elmar-azad

İki nazirin başı dərddə

elmar-azadAzad Rəhimovla Elmar Məmmədyarov hansı siyasi səhvə yol verib?

Idman və gənclər naziri Azad Rəhimovla xarici işlər naziri Elmar Məmmədyarov ciddi problemlə üzləşib. Bu barədə “Azadlıq”a hakimiyyətdaxili mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, bir müddət əvvəl güləş üzrə beynəlxalq turnir keçirilib. Həmin turnirə Kosova da müstəqil ölkə kimi qatılıb. Kosovanın müstəqilliyini tanımayanlar buna etiraz etsələr də, Azərbaycan tərəfi bu barədə susub. Bu məsələyə görə, iqtidar ideoloqları Azad Rəhimovla Elmar Məmmədyarova irad tutub. Onlara bildirilib ki, bu məsələ ilə bağlı susqunluqları Qarabağ problemində Azərbaycanın əleyhinə işləyə bilər. Mənbənin sözlərinə görə, Azad Rəhimovla Elmar Məmmədyarov məsələnin Ilham Əliyevə çatmasından ehtiyat edirlər. Onlar ciddi-cəhdlə baş verənləri Ilham Əliyevdən gizli saxlamağa çalışırlar. Nazirlər düşünür ki, ölkə başçısı məsələdən xəbərdar olacağı təqdirdə əleyhdarlarının təkidilə onlara ciddi problem yarana bilər. Lakin baş verənlərin Ilham Əliyevdən gizli qalacağı inandırıcı görünmür. Hər halda artıq hakimiyyət dəhlizlərində Azad Rəhimovla Elmar Məmmədyarovun bu siyasi səhvi müzakirə mövzusuna çevrilib.

Hikmət