Misir öz prezidentini seçdi. Demokratik yolla. Keçmiş sovet respublikalarında olduğu kimi, bütün həyasızlıq və görməmişlik ehtiraslarını işə salıb 96 faiz səs “qazanan” olmadı. “Müsəlman Qardaşları”nın namizədi Məhəmməd Mursi 52,5 faiz seçici səsi topladı. 30 il diktaturada yaşayan ölkə birdən-birə demokratik seçki keçirir. Dünən demokratiyadan qoparılan Azərbaycanda isə…
Xatırlayırsınızsa, Azərbaycanda keçirilən ilk demokratik seçkidə Əbülfəz Elçibəy də bundan bir az artıq səs qazanmışdı- 56 faiz. Ümumiyyətlə, bu rəqəm demokratik şəraitdə keçirilən bütün seçkilər üçün xarakterikdi. Elə bu yaxınlarda Fransanın yeni prezidenti Fransua Olland da 52 faiz səslə qalib gəlmişdi.
Elə bil, Azərbaycan tipli ölkələrdə seçici səsi toplamaöa yox, 96 faizlik spirt almağa çalışırlar. Bəlkə elə bunun nəticəsidi ki, sonradan onların başı dumanlanır, gözləri dünyanı görmür və fironluq eşqinə düşürlər. Fironun xələfi Mursininsə hələ heç andiçmə mərasimi olmayıb. Ancaq indidən özünün kimliyi, təfəkkürü, dünya görüşü haqda mesajlar verməyə başlayıb. 30 illik Hüsnü Mübarək diktaturasının iyrənc vərdişlərindən sonra onun cəmiyyətə və dövlətə ötürdüyü mesajlar adamın içini sabaha ümidlə doldurur. Adam ilk andan bütün dünyaya və xüsusilə itaətə, köləliyə öyrəşmiş Misir toplumuna özünün ləlöyün olmadığını çatdırmağa çalışır.
Məhəmməd Mursi “şəxsiyyətə pərəstiş”ə qarşı olduğunu bəyan edir, şəkillərinin asılmasını yasaqlayan göstəriş verir. Prezidentin sözçüsü vəsifəsini müvəqqəti icra edən Yasir Əli keçirdiyi mətbuat konfransında bildirib ki, Mursi şəxslərin müvəqqəti, Misirin isə əbədi olması səbəbilə prezidentin deyil, ölkənin simvol olmasını istəyir. Bu məntiqdən belə çıxır, Azərbaycan müvəqqətiymiş. O, Fironlar ölkəsinin siyasi mədəniyyəti, bu da Şərqin ilk demokratik respublikasının…
Bilmirəm, şəxsiyyətə pərəstişə qarşı olmasıonun dini inancındanmı gəlir, siyasi dünyagörüşündənmi? Düşünürsən ki, bəlkə hər kəsin eyni dərəcədə Allahın qulu olduğunu bəyan eləyən Islamın prinsiplərindən doğur bu? Belə isə, onda niyə təpədən dırnağa Islam ölkəsi olan qonşu dövlətdə belə deyil? Zənnimcə, məsələ islamda deyil.
Misirin 5-ci prezidenti Məhəmməd Mursi Isa əl-Əyyat 1985-ci ilə kimi doktorluq dərəcəsi aldığı Kaliforniya Dövlət universitetində professor assistenti vəzifəsində çalışıb və bundan sonra Misirə qayıdaraq universitetlərdən birində dərs deməyə başlayıb. Beş övladından ikisi Kaliforniyada doöulub. ABŞ vətəndaşıdırlar.
Hər halda bu faktorlar, keçdiyi həyat, məkan və təhsil yolu insanın formalaşmasında rol oynayır. Ancaq əsas amillər deyil. Dünyanın ən elitar təhsil ocaqlarında, hətta ən demokratik ölkələrdə təhsil alanlar var ki, hakimiyyətə gələndən sonra necə görməmiş olduqları, alverçi təfəkküründən o yana düşünə bilmədikləri üzə çıxır. Deməli, məsələ həm də insanın doğuluşdan özü ilə gətirdiyi ruhda, mərifətdə, mövcudluq indeksindədi.
Mursi inaqurasiya mərasimi və seçilməsi münasibətilə keçiriləcək tədbirlər üçün xərclənəcək büdcə vəsaitinin xalqa faydalı xidmətlərə ayrılmasınıda istəyib. Və ən əsas nüanslardan biri – Mursi Bəşər Əsədin təbrik məktubunu rədd edib: “Suriyanın gerçək nümayəndəsi Əsəd deyil, inqilab mübarizəsi aparan müxaliflərdir”.
Əgər bundan sonra Misiri teokratik dövlət quruluşu təhlükəsi və ya dövlətin dinlə ifrat qovuşdurulması gözləmirsə (mən buna inanmaq istəmirəm), o zaman Misir yenidən dünyanın elmi, mədəni və siyasi mərkəzlərindən birinə çevriləcək. Azərbaycan isə hələ də Misir Mərdanovun karyera taleyini müzakirə eləməklə məşğuldu.

Fironun demokrat xələfi
•
•