13 il davam edən qeydiyyat prosesi…

Azərbaycanda hökumət nümayəndələri ölkədə qeyri-hökumət təşkilatları (QHT) üçün yaradılmış münbit şəraitin əsas göstəricisi kimi, onların sayını qabardırlar. Azərbaycanda hazırda 3 minə yaxın QHT var. 9 milyonluq əhalisi olan bir ölkə üçün bu rəqəmin nə dərəcədə böyük və ya kiçik olduğu isə ayrıca söhbətin mövzusudur. Təkcə onu qeyd edək ki, əhalisi 10,4 milyon nəfər olan Çexiyada 68 min, 9,9 milyonluq əhalisi olan Macarıstanda isə 60 min QHT fəaliyyət göstərir…

Beynəlxalq qınaqlardan nəticə çıxarmayan məmurlarımız

Azərbaycanda vətəncaş cəmiyyətinin nümayəndələri isə QHT-lərin fəaliyyətindən söz düşəndə ilk növbədə qeydiyyat məsələsinə diqqət çəkirlər. Əslində, bu problem haqda illərdir danışılır. Hətta məsələ Avropa İnsan Haqları Məhkəməsi müstəvisinə qədər gedib çıxıb. Avropa Məhkəməsinin indiyə qədər Azərbaycana qarşı çıxardığı qərarların bir qismi məhz QHT-lərin qeydiyyat problemilə bağlı şikayətlər üzrə çıxarılıb. Məhkəmə şikayətçi olan təşkilatların illərlə müxtəlif bəhanələrlə qeydiyyata alınmamasını İnsan hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 11-ci (birləşmək azadlığı) maddəsinin pozuntusu kimi qiymətləndirib, bu pozuntusuya görə Azərbaycan cərimələnib.
Azərbaycanda QHT-lərin qeydiyyat problemi dəfələrlə nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Məsələn, bir neçə dəfə ABŞ Dövlət Departamentinin illik hesabatlarında Azərbaycanda QHT-lərin qeydiyyatıyla bağlı problemlərin olduğu vurğulanıb. Bildirilib ki, Ədliyyə Nazirliyi xüsusən, insan haqlarının müdafiəsilə məşğul olan bəzi QHT-ləri qeydiyyata almaqdan imtina edir.
Bundan başqa, Böyük Britaniyadakı Xarici Siyasət Mərkəzinin bir müddət əvvəl yaydığı hesabatda da Azərbaycanda QHT-lərin qeydiyyat problemindən bəhs olunub. Qeyd edilib ki, QHT-lərin qeydiyyatına dair qərarlar üçün hüquqi çərçivə müəyyən olunmalı, onların qeydiyyata alınması, yaxud bundan imtina olunmasının aydın prosedurları müəyyənləşdirilməlidir.
Lakin proseslərin gedişi göstərir ki, müvafiq qurumlar və səlahiyyət sahibləri bunca tənqiddən lazımi nəticə çıxarmaq niyyətində deyil. Hər halda, təşkilatların dövlət qeydiyyatına alınması sahəsindəki hazırkı vəziyyət belə deməyə əsas verir. Hazırda istər yerli məhkəmələrin, istərsə də Avropa Məhkəməsinin icraatında bu problemlə bağlı onlarla şikayət var. Belə şikayətçilərdən biri də hüquq müdafiəçisi Oqtay Gülalıyevdir.

Azərbaycanda ədalətli nəticəyə ümid yoxdur…

Oqtay Gülalıyev deyir ki, sədrlik etdiyi Demokratik İslahatlar Uğrunda Cəmiyyət 1999-cu ildə yaradılsa da, ötən 13 ildə onun qeydiyyata alınmasına nail ola bilməyib. Baxmayaraq ki, bu məqsədlə düz 10 dəfə Ədliyyə Hazirliyinə müraciət edib. Onun sözlərinə görə, hər dəfə bir bəhanə ilə təşkilatı qeydiyyata almaqdan imtina ediblər: “Sonuncu dəfə keçən ilin martında yenidən Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etmişdik. Yeri gəlmişkən, əvvəlki müraciətlərimizdə imtina cavabları aldığımıza görə son 4-5 ildə sənədlərimizi ölkənin ən peşəkar, tanınmış hüquqşünasları hazırlayırdı. Elə sonuncu dəfə də Hüquq Maarifçiliyi Cəmiyyətində hazırlamışdılar. Martdakı müraciətimizdən sonra bir xeyli gözlədik, lakin bizə heç bir cavab verilmədi. Həhayət, üstündən 9 ay keçəndən sonra özümüz cavab almaq üçün nazirliyə yenidən üz tutduq. Bu dəfə də belə bir bəhanə gətirdilər ki, guya, sənədlərdən hansındasa təsisçilərdən birinin imzası yoxdur. Dedik ki, əvvəla, belə bir şey ola bilməz, çünki sənədlər çox diqqətlə hazırlanıb, ikincisi də varsa belə, göstərin, həmin şəxs də imzalasın…”
Sonradan məlum olub ki, təşkilatın sənədləri itib. Bu üzdən də Oqtay Gülalıyev bu dəfə artıq məhkəməyə üz tutub. Hazırda onun şikayəti 1 saylı İnzibati-İqtisadi Məhkəmənin icraatındadır. Yerli məhkəmələrin ədalətli qərar çıxaracağına inanmadığını deyən hüquq müdafiəçisinin sözlərinə görə, hədəf Avropa Məhkəməsidir: “Məlum məsələdir ki, yerli məhkəmələr tapşırıq olmasa, heç vaxt cəsarət edib Ədliyyə Nazirliyinə qarşı qərar çıxara bilməzlər. Amma Avropa Məhkəməsinə müraciət etmək üçün yerli məhkəmə instansiyalarını keçmək lazım olduğundan, biz də formallıq xatirinə məhkəməyə müraciət eləmişik. Yəni, Azərbaycanda ədalətli nəticəyə ümid bəsləmirik”.
Oqtay Gülalıyev hesab edir ki, təşkilatın qeydiyyata alınmaması onun mövqeyilə bağlı məsələdir: “Kimsəyə sirr deyil ki, Ədliyyə Nazirliyi müstəqil, hökuməti tənqid edən, pozuntuları aşkarlayan təşkilatların qeydiyyatına əngəl yaradır”.
Yuxarıda da qeyd etdiyimiz kimi, hazırda qeydiyyat problemi olan QHT təkcə Demokratik İslahatlar Uğrunda Cəmiyyət deyil. Bu günün özündə də 1000-ə yaxın QHT bu problemdən çıxış yolu axtarır. Təsadüfi deyil ki, hətta bir müddət əvvəl onlardan 50-si birləşərək, Qeydiyyatından İmtina Olunan QHT-lərin Şəbəkəsini yaradıblar…

Ölü normanı işə salmaq cəhdi

QHT-lərin qeydiyyat problemilə bağlı onlarla iş üzrə istər yerli məhkəmələrdə, istərsə də Avropa Məhkəməsində şikayətçilərin hüquqlarını Hüquq Maarifçiliyi Cəmiyyəti müdafiə edib. Təşkilatın rəhbəri, ölkənin peşəkar hüquqşünaslarından olan İntiqam Əliyev deyir ki, əslində, müvafiq qanuna əsasən, ictimai birliyin dövlət qeydiyyatı, bir qayda olaraq, 40 gündən gec olmayaraq həyata keçirilməlidir. Qeydiyyat üçün təqdim olunan sənədlərin qanunlara uyğun olub-olmaması 30 gün müddətində yoxlanılmalıdır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər. Qanunvericiliyə əsasən, Ədliyyə Nazirliyi müəyyən olunmuş vaxtda təşkilatı qeydə almırsa və ya qeydiyyatdan imtina barədə təsisçilərə rəsmi cavab verilmirsə, həmin təşkilat avtomatik qeydiyyata alınmış sayılır və ona dövlət qeydiyyatı barədə şəhadətnamə verilməlidir.
“Bu gün Azərbaycanda onlarla təşkilat illərlədir qeydiyyata alınmaq uğrunda mübarizə aparır. Ədliyyə Nazirliyi qanunsuz olaraq həmin təşkilatları qeydiyyata almaqdan imtina edir, məhkəmələr isə dövlət orqanının qanunsuz hərəkətlərindən verilən şikayətləri qanunsuz olaraq rədd edirlər. Məhkəmələrin bu cür qanunsuzluqdan müdafiəsi üçün səmərəli mexanizmlər yoxdur. Bizim bu qəbildən olan işlərlə bağlı barışmaz mövqe tutmağımız həm də dövləti öz qüsurlu praktikasına yenidən baxmağa vadar etməkdir, avtomatik qeydiyyatla bağlı qanunvericilikdəki ölü normanın işə düşməsinə nail olmaqdır”, – deyə İntiqam Əliyev bildirib.
Qeydiyyatla bağlı müstəqil QHT-lərin qeydiyyatı sahəsində ciddi problemlər olduğu halda, son bir neçə ildə dövlət qurumlarının, vəzifəli şəxslərin fəal iştirakı və dəstəyi çoxlu sayda qonqoQHT-lərin yaradıldığını deyən hüquqşünasın bu cür təşkilatların qeydiyyat zamanı heç bir problemlə üzləşmədiyini bildirib: “Əksər hallarda seçki, insan haqları, hüquq, təhsil və digər sahələrdə müstəqil, real iş görən təşkilatlara alternativ kimi meydana çıxan bu qurumların yaradılmasında məqsədlərdən biri həm ölkə büdcəsindən qrant layihələrinin dəstəklənməsi üçün ayrılan, həm də kənardan ölkəyə gələn vəsaitləri ələ keçirməkdirsə, digər bir məqsəd müstəqil QHT-ləri zəiflətmək, sıradan çıxarmaqdır. Müstəqil QHT-lərin, onlarla əməkdaşlıq edən beynəlxalq qurumların birgə həyata keçirdiyi layihələr, tədbirlər boykot edildiyi halda, hökumət qonqoQHT-lərin beynəlxalq təşkilatlar qarşısında əməlli-başlı lobbiçiliyini aparır, onları maneəsiz qeydiyyata alır, ofislərlə, ən müasir avadanlıqlarla, işçilərini yüksək maaşla təmin edir, bu cür qurumların tədbirlərində geniş çeşidli dövlət orqanları, o cümlədən hakim korpusu, hüquq-mühafizə orqanları ən yüksək səviyyədə təmsil olunurlar”.

Hökumət nədən çəkinir?

Vətəndaşlara QHT-lərin qeydiyyatı prosesilə bağlı hüquqi yardım göstərən hüquqşünas, Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin rəhbəri Elçin Abdullayev deyir ki, Azərbaycanda hətta 40 dəfə Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət edən təşkilat var. Hüquqşünasın sözlərinə görə, nazirlik çox vaxt qeydiyyatdan imtina üçün müxtəlif bəhanələrdən istifadə edir və qeydiyyat prosesini tənzimləyən qanunvericilikdəki boşluqlar da müəyyən mənada buna imkan verir: “Məsələn, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 8.3-cü  maddəsi çox mücərrəd yazılıb və bundan istifadə edərək hər səbəbdən geri qaytarmaq mümkün olur”.
Ekspert onu da vurğulayıb ki, nazirlik hər hansı təşkilatın qeydiyyat sənədlərilə bağlı iradların hamısını bir məktubda göstərmir. Yəni, hər dəfə başqa bir səbəb tapır, belə, sənədlərə baxılma müddəti aylarla, illərlə uzadılır: “Qanuna əsasən, nazirlik imtinaya səbəb olmayan çatışmazlıqların hamısı barədə təşkilata eyni vaxtda bir dəfə məlumat verməlidir. Təşkilat isə çatılmazlıqların hamısını aradan qaldırıb qeydiyyatdan keçmək üçün yenidən müraciət etməlidir. Praktikada isə QHT-nin sənədləri bir neçə dəfə geri qaytarılır, hər dəfə də ayrı-ayrı iradlar göstərilir”.
Elçin Abdullayevin sözlərinə görə, qeydiyyatdan imtina üçün nazirliyin göstərdiyi səbəblər bəzən çox gülməli olur: “Məsələn, Vətəndaş Maarifçilik Mərkəzi İctimai Birliyi beş il ərzində dəfələrlə Ədliyyə Nazirliyinə müraciət edib. Hər dəfə də bir bəhanə ilə qeydiyyat prosesini yubadıblar. Sonuncu dəfə nazirlikdən onlara cavab verilib ki, ictimai birliyin nizamnaməsindəki cümlələrin birində “fəaliyyətinə xitam verilməsi” əvəzinə “ləğv edilməsi” yazılmalıdır. Təsəvvür edirsinizmi?..”
Ekspertin fikrincə, bir çox başqa problemlər kimi, QHT-lərin üzləşdiyi bu əngəlin də kökündə ölkədə insan hüquqlarının kobud şəkildə pozulması amili dayanır. Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etdiyini və Konvensiyanın da 11-ci maddəsində vətəndaşların birləşmək hüququnun öz əksini tapdığını xatırladan hüquqşünas düşünür ki, hökumət ölkədə ictimai aktivliyin artmasını, ictimai maraqların güclənməsini istəmədiyindən müstəqil, cəmiyyətin maraqlarına xidmət edən QHT-lərin qeydiyyatına imkan vermir: “İctimai təşkilatların çoxluğu siyasi idarəetməyə, korrupsiyaya ciddi maneə yarada bilər. Ölkədə 2 formada hüquqi şəxslər var: qeyri-kommersiya təşkilatları və kommersiya təşkilatları. Bu gün istənilən şəxs 3 gün ərzində kommersiya təşkilatını – Məhdud Məsuliyyətli Cəmiyyəti heç bir məhdudiyyət olmadan qeydiyyatdan keçirə bilir. Lakin bir QHT-nin qanunla qeydiyyatdan keçməsi üçün ən azı 40 gün vaxt lazımdır”.
QHT-lərin qeydiyyat probleminin illərdir öz həllini tapmamasına görə Elçin Abdullayev həm də vətəndaşların özlərini günahkar sayır. O, çıxış yolunu problemin kütləviləşdirilməsində görür: “Doğrudur, Avropa Məhkəməsinin qərarları var, həmçinin yerli məhkəmələrin də icraatında xeyli işlər var. Amma bu azdır. Bu problemlə üzləşən hər kəs dərhal hüquqi müstəvidə mübarizəyə baş vurmalıdır. Başqalarının hüquqlarını müdafiə etmək iddiasında olan vətəndaş cəmiyyəti ilk növbədə özünü qorumağı bacarmalıdır”.
Aytən Məmmədova

Bu yazı “Demokratiyanı Öyrənmə” İB tərəfindən Avropa Birliyinin dəstəyilə həyata keçirilən Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir