Xalq şairi, sabiq millət vəkili Vaqif Səmədoğlu kinodramaturq Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqınına üzv olmaq üçün müraciət edib. Bu barədə “Modern.az” saytına Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli məlumat verib.
Məlumatı təsdiqləyən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri R.İbrahimbəyov V.Səmədoğlunun müraciətinin ittifaq tərəfindən müsbət qarşılandığını vurğulayıb və bu münasibətlə hətta onu təbrik də edib.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqına alternativ olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb. Xalq artisti Şəfiqə Məmmədova yeni ittifaqın sədri seçilib.
Xalq şairi Vaqif Səmədoğlunun özü isə sayta açıqlamasında kinematoqrafiya sahəsinə aid ölkədə ikinci bir qurumun yaradılmasına ehtiyac duyulmadığını vurğulayıb. Müraciətini isə belə izah edib: ”Kino sahəsində kifayət qədər fəaliyyətim və təcrübəm olduğu üçün Rüstəm İbrahimbəyovun təşkilatı məni öz sıralarına üzvlüyə qəbul etdi”.