Üç siyasi etüd

Suriya məsələsi artıq kulminasiyaya çata bilər. Bunun üçün NATO-nun və onun müttəfiqlərinin əlində tutarlı dəlil var. Türkiyə təyyarəsinin vurulması bir ildən artıq davam edən bu prosesə nöqtə qoya bilər. Fikrimcə, bir məsələ aydındır ki, Türkiyə baş vermiş hadisə ilə bağlı, necə deyərlər, axıra qədər getməlidir. Bir vaxt Israil Türkiyə gəmisinə hücum edəndə Ankara nə qədər çalışdısa, Təl-Əvivi “sındıra” bilmədi və bu ölkə baş vermiş hadisəyə görə Türkiyədən üzr istəmədi. Suriya ilə bağlı da bu, baş versə, düşünürəm ki, Türkiyənin bir dövlət kimi nüfuzu sarsıla bilər. Mən bu sətirləri yazanda NATO hələ özünün iclasını keçirməmişdi, Suriyanın diplomatları isə dostluq və qardaşlıq haqqında bülbül kimi ötürdülər, amma təyyarənin vurulmasını da inkar və təkzib etmirdilər. Hər halda, rus diplomataları demişkən, düyünü açmaq üçün çox əlverişli məqam yetişib. Lakin məsələnin yubanmasının ən əsas günahkarı da elə Rusiyadır. O gün oxudum ki, ruslar öz vətəndaşlarını çıxarmaq haqqında düşünürlər. Məsələ aydındır. Rusiya həmişə olduğu tək özünün BMT TŞ-dəki veto hüququnu növbəti dəfə hərraca çıxarmaq istəyir. Bu dəfə nə umurlar, doğrusu, mənim üçün qaranlıqdır, bilmirəm. Hər halda, məlum olacaq. Elə Qərbin də Suriya ilə bağlı planlarına bir aydınlıq gələcək. NATO bu hadisədən istifadə etməsə, deməli, onların Suriya ilə bağlı elə bir ciddi niyyətləri yoxdur. Hər halda, yaxın günlərdə bir çox məsələlərə tam aydınlıq gələcək.
Bir seçki, iki hakimiyyət
Misir axır ki, seçkinin nəticəsini elan etdi. Ötən dəfə bu haqda yazdığımdan indi bu məsələnin üstündə ətraflı dayanmayacağam. Sadəcə, onu qeyd edib demək istəyirəm ki, seçki bitər-bitməz silahlı qüvvələr yeni bir dekret qəbul qəbul etmiş və prezidentin səlahiyyətlərini xeyli məhdudlaşdırmışdılar. Indi yeni konstitusiyanın hazırlanması və hətta yeni seçkilərə qədər parlamentin səlahiyyətləri onların əlində cəmləşib. O vaxt bir çox analitiklər bunu analiz edərək belə nəticəyə gəlmişdilər ki, Misirdə hərbi çevriliş baş verib. Amma bütün hallarda aydın olanı budur ki, ölkədə iki hakimiyyət var. Onlardan biri küçə və meydanlara on minlərlə etirazçını, digəri isə ordunu çıxara bilər. Bu düyün necə açılacaq, kim üstün gələcək, kim güzəşt edəcək, bütün bunların cavabı hələ bir müddət yubanacaq. Ona görə də Misirdə prosesin tam aydın fazaya qədəm qoymasından və stabilləşməsindən danışmaq hələ tezdir. Maraqlı bir detal da var. Parlamentə seçkilər zamanı mandatların üçdən biri saxta sayıldı və aşağı palata buraxıldı. Amma prezident seçkisi zamanı belə bir hadisə baş vermədi. Doğrusu, bunu yozmaq bir qədər çətindir. Misirlilər belə qısa müddətdə düzgün seçki keçirməyi öyrəndi, yoxsa əvvəlcə olan saxtakarlıqdan nəticə çıxarıldı? Hər halda, maraqlı məsələdir. Lakin bundan sonra nə baş verəcəyindən asılı olmayaraq bir məsələ aydındır ki, misirlilər seçki keçirə bilir, təbii ki, könülləri istəyəndə.
Iqlim də siyasətə düşmür…
Amma dərd ondadır ki, buradan da isti ölkələr var. Lakin orada siyasət hələ öz məcrası ilə davam edir. Bizim müxalifət isə siyasi məhbusların azadlığa çıxmasının təsiri altındadır. Təbii, ürəkaçan hadisədir. Bu insanların hər biri azadlığa layiqdir. Əslində onlar elə azadlıq üçün doğulublar. Lakin nə etmək olar? Bizim qismətimizə qeyri-azad ölkədə yaşamaq düşüb, ona görə hətta məhbəsdən kənarda belə özümüzü azad hiss edə bilmirik, çünki bu ölkənin çölü və içi bilinmir, məlum deyil ki, kim kimə həsəd aparmalıdı: məhbəsdəki insanlar qıraqdakılara, yoxsa əksinə? Lakin təkcə gileylənməklə, mərsiyələr yazmaqla da heç nə həll olunmur. Maraqlıdır ki, ölkənin xaricində bəzi detal və nüanslarla bağlı aydınlıq daha çoxdur, nəinki içində. Mənə elə gəlir ki, bu yaxın müddətdə müxalifət düşərgəsində maraqlı hadisələr olacaq. Bəlkə də yenə də soyuq notların şahidi olacağıq, amma statiklikdən, donuqluqdansa bu, yaxşıdır. Müəyyən problemlər var ki, onlara aydınlıq gətirilməlidir. Mənə elə gəlir ki, bütün hallarda biri-birimizdən çox da uzağa gedə bilməyəcəyik, çünki, necə deyərlər, hamımız bir qutunun içindəyik.