Sülhəddin Əkbər: “Rusiya bu məsələdə sona qədər dirənəcək və danışıqlar dərinləşdikcə Azərbaycana təzyiqlər, təhdilər artacaq”
Lüksemburqda Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin sammitində Xəzər qazını Avropaya çatdırmaq üçün nəzərdə tutulan “TransXəzər” qaz kəməri layihəsi müzakirə olunub. Qurum üzvləri layihənin reallaşdırılmasında iddialı olduqlarını bir daha bəyan ediblər. Görüşün sonunda qəbul edilən bəyanatda isə Avropa Birliyinin Azərbaycan və Türkmənistanla “TransXəzər” qaz kəmərinin hüquqi bazasına dair saziş imzalamaq istədiyini vurğulanır.
Qeyd edək ki, Rusiya və Iran dəfələrlə layihənin reallaşmasına qarşı olduqlarını bildirib. Hətta bu günlərdə Türkmənistanla Azərbaycan arasında Xəzərdəki yataqlara görə yaranan problem Rusiya tərəfindən bu layihənin qarşısın almaq üçün hesablanmış bir addım kimi qiymətləndirildi. Ancaq Rusiyanın etirazlarına baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla qaz kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb. Lakin layihənin reallaşmasını əngəlləmək istəyən Rusiyanı Azərbaycan üçün ciddi problemlər yaradacağı şübhəsizdir. Bu problemlər nədən ibarət ola bilər?
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər hesab edir ki, layihə təhdid və təhlükələr geridə qalandan sonra reallaşacaq. Hələ ki, təhlükələr gözləniləndir. Çünki layihə enerji təhlükəsizliyi baxımından Rusiya üçün həyatı önəm daşıyır. Söhbət təkcə Azərbaycan qazının Avropa bazarına nəqlindən yox, Türkmənistan qazı başda olmaqla Mərkəzi Asiyanın bütün enerji resurslarının Xəzər və Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılmasından gedir. Rusiya isə xarici siyasətində enerjidən bir alət kimi istifadə edir. “TransXəzər” layihəsi reallaşacağı təqdirdə bu önəmli aləti itirmiş olacaq. Enerji təhlükəsizliyi məsələsində də Avropaya basqı göstərə bilməyəcək. Bu baxımdan Rusiya bu məsələdə sona qədər dirənəcək və danışıqlar dərinləşdikcə Azərbaycana təzyiqlər, təhdilər artacaq. Bunlar siyasi, diplomatik, iqtisadi, eyni zamanda təhlükəsizlik xarakterli təzyiqlər olacaq. Rusiya ölkə daxili sabitliyin pozulması, terror törədilməsi, Ermənistan və Iran üzərindən basqıların artırılması yollarından da istifadə edəcək.
Bununla belə ekspert ABŞ və Avropa Birliyinin Rusiya ilə danışıqlara gedərək onu razı salmağa çalışacaqlarını da qeyd etdi.
Fizzə