İctimai Palata İbrahimbəyova dəstək verdi

İP Koordinasiya Şurası AŞ PA-da Ştrasserin hesabatının qəbul olunmasını dəyərləndirdi

İyunun 27-də İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib. İclasa KŞ üzvü Pənah Hüseyn sədrlik edib. Onun verdiyi məlumata görə, iclasda keçmiş vicdan məhbusu, hüquq müdafiəçisi Oqtay Gülalıyev də iştirak edib və müdafiəsində fəallıq göstərdiyi üçün İP-ə təşəkkürünü bildirib. Eyni zamanda cəzaçəkmə müəssisələrindəki vəziyyət barədə məlumat verib.

Ötən həftə həbs olunmuş redaktor Hilal Məmmədovun hüquqlarını müdafiə komitəsinin sədri  Rafiq Cəlilov da KŞ-nın iclasında iştirak edib. İctimai Palataya Hilal Məmmədovu müdafiə etdiyi üçün təşəkkürlərini çatdırıb və müdafiə komitəsi ilə İP arasında Hilal Məmmədovun müdafiəsi işində əməkdaşlığın olmasını istədiyini ifadə eləyib. KŞ İP-in Hilal Məmmədovla bağlı ortaya qoyduğu mövqeni bir daha təsdiqləyib və onun hüquqlarını müdafiə komitəsi ilə əməkdaşlıq məsələsini müsbət dəyərləndirib. Əməkdaşlığın forma və istiqamətləri barədə qərar qəbul olunacaq.
P.Hüseynin verdiyi məlumatda deyilir ki, KŞ Kinematoqrafçılar İttifaqına alternativ yeni bir qurumun yaradılmasını müzakirə edib. KŞ yeni Kinematoqrafçılar İttifaqının yaradılmasını Ziyalılar Forumunun lideri Rüstəm İbrahimbəyovun fəal vətəndaş mövqeyinə qarşı Azərbaycan iqtidarının təxribatı kimi dəyərləndirib.
P.Hüseyn onu da dedi ki, KŞ son günlərdə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanla bağlı qəbul olunmuş mühüm sənədlərin müzakirəsini aparıb: “Avropa Birliyi tərəfindən qəbul olunan demokratiya və insan haqlarına dair çərçivə sənədi demokratikləşmə istiqamətində  sənəd kimi dəyərləndirilib və təqdir olunub. AŞPA-da Ştrasserin məruzəsi əsasında siyasi məhbus probleminə dair qəbul olunmuş sənədi ciddi addım və hadisə xarakterli məsələ kimi dəyərləndirdik. Bu istiqamətdə Avropa Şurası ilə İP-in əməkdaşlığının daha da möhkəmləndirilməsi məsələsi müzakirə olundu. Eyni zamanda Azərbaycan Uğrunda Beynəlxalq QHT koalisiyasının işində də İP-in üzvləri vasitəsilə daha sıx əməkdaşlıq edilməsi məqsədəuyğun sayıldı”.
KŞ hal-hazırda ictimai-siyasi vəziyyət kontekstində İP-in rolu və vəzifələri məsələsini də müzakirə edib. İP-in ictimai-siyasi proseslərdə təsirinin artması qeyd olunub. Eyni zamanda məqsədəuyğun sayılıb ki, növbəti iclasda İP-in strategiya və taktikası məsələsi ayrıca müzakirəyə çıxarılsın, həmçinin İP-in növbəti sessiyasına qədər bu istiqamətdə KŞ-nın mövqeyi müəyyənləşdirilsin (musavat.com).