as-pa

“Azərbaycanı Avropa Şurasından xaric etmək lazımdır”

AŞ PA-da Andreas Qrossun hesabatı əsasında qətnamə qəbul olundu

Britaniyalı deputat Azərbaycan iqtidarını sərt tənqid etdi; azərbaycanlı deputatlar zalda tapılmadı

İyunun 27-də Avropa Şurası Parlament Assambleyası “Demokratiya böhranı və müasir Avropada dövlətin rolu” adlı qətnamə qəbul edib. Sənəd isveçrəli deputat Andreas Qrossun hesabatı əsasında qəbul olunub.
Müəllifin fikrincə, Avropanı bürüyən iqtisadi böhran demokratiyaya olan ictimai inamsızlığı artırıb. “Geniş mənada bu, yeni çağırışların qarşısını almağa qadir olmayan, çevik və adekvat reaksiya verə bilməyən demokratik institutların  fəaliyyətindəki ciddi nöqsanların nəticəsidir”, – Qross hesab edir. Onun fikrincə, əsas demokratiya ideyası cəmiyyətin hakimiyyət üzərində nəzarəti və həyat imkanlarının ədalətli paylanmasının vədidir.
Məruzədə qeyd olunur ki, AŞ üzvü olan ölkələrin bəzisi hələ də öz öhdəliklərinin yerinə yetirilməsinə dair monitorinq altındadır: Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Çernoqoriya, Rusiya, Serbiya, Ukrayna və Azərbaycan.
Sənəddə demokratiyaya və hökumətin hərəkətlərinə nəzarəti həyata keçirən mühüm institutun təminatında müstəqil KİV-in rolu xüsusilə qeyd olunub, bu zaman bəzi AŞ ölkələrində olduğu kimi, KİV-də inhisarın yolverilməzliyi əksini tapıb.
Hesabatda tövsiyələr sırasında birbaşa demokratiyanın – referendumların geniş tətbiqinə dair bənd var. Bunun keçirilməsi üçün əhalinin 2-3%-nin təşəbbüsü kifayətdir.
“Elektron demokratiya”nın imkanlarından geniş istifadəyə, əsasən əhalinin təşəbbüslərinin  parlamentə və digər dövlət qurumlarına çatdırılması üçün sosial şəbəkələrdən istifadəyə dair tövsiyələr əksini tapır.  

Debatlar zamanı Ermənistandan olan deputat Naira Zoqrabyan Azərbaycanı, daha dəqiqi İlham Əliyevi ittiham edib. Avropada ekstremizmin təzahürünü pisləyən Zoqrabyan aprelin 2-də Bakıda “Avronest” PA-nın sessiyasında Azərbaycan prezidentinin çıxışını “rasizm və ksenofobiyanın şedevri” adlandırıb. O həmçinin Azərbaycan hakimiyyətini və mətbuatını “ermənilərə qarşı dözümsüzlük nümayiş etdirməkdə” ittiham edib.

Azərbaycandan olan deputat Rövşən Rzayev qeyd edib ki, Qarabağ münaqişəsinin həll olunmaması ölkənin inkişafına əngəl törədir. O, AŞ-ni münaqişənin həllinə yardım göstərməyə çağırıb. “Biz Qafqazda müharibə istəmirik. Əgər Qarabağ münaqişəsini həll edib bir milyon qaçqını öz doğma yurdlarına qaytara bilsəydik, daim bu zalda eşitdiyimiz tənələri eşitməzdik”, – R.Rzayev vurğulayıb.

Britaniyalı deputat Pol Flin isə Azərbaycan hakimiyyətini insan haqları məsələsinə görə sərt tənqid edib. O deyib ki, demokratiyanın  pozulmasına Qarabağ münaqişəsinin həll olunmaması ilə bəraət qazandırmaq olmaz. Əgər Azərbaycanda insan hüquqları ilə bağlı məsələlər həll olunmasa və siyasi məhbuslar azadlığa buraxılmasa, ölkəni Avropa Şurasından xaric etmək lazımdır. Flin insan haqları probleminin, o cümlədən Azərbaycanda da həllinə yardım göstərdiyinə görə Qrossa təşəkkürünü bildirib.

Azərbaycanlı deputat Rafael Hüseynov deyib ki, Ermənistan  hüquq müdafiəçilərinin bu ölkədə insan haqlarının pozulması barədə bəyanatlarına və Ermənistanın digər dövlətin ərazilərini işğal etməsinə baxmayaraq,  Avropa Şurası buna reaksiya vermir.
Hüseynovun çıxışından sonra AŞPA rəhbəri Jan Klod Minyon Azərbaycan və Ermənistandan olan deputatları qarşılıqlı ittihamlara son qoymağa və Assambleya üzvlərinə hörmətlə yanaşmağa çağırıb. O bildirib ki, bu ərəfədə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirərək tərəfləri təmkinli olmağa çağırıb. “Biz münaqişəni bu yolla nizamlaya bilmərik”, – deyə Minyon vurğulayıb və əlavə edib ki, 2013-2014-cü illərdə Azərbaycanla Ermənistanın Avropa Şurası Nazirlər Komitəsində yarımillik sədrliyi baxımından da təmkinlik vacibdir.
Sonra azərbaycanlı deputat Aydın Abbasov çıxış etməli idi. Lakin o, zalda olmadığından Minyonun sözlərinə münasibət bildirmək imkanları əldən çıxıb. Həmin vaxt digər azərbaycanlı deputat Sevinc Fətəliyeva da zalda olmayıb (contact.az).