h hacizade

Qərbin hakimiyyətdən hesab soracağı vaxt yaxınlaşır

h hacizadeHakimiyyətin hazırkı mövqeyi, gücü, Qərbin istəklərinə etinasız yanaşması ötəridir

Hikmət Hacızadə: “Bir müddət sonra iqtidarın Almaniyanı diz çökdürməsi barədə söylədikləri Azərbaycana xatırlanacaq”

Bir neçə gün əvvəl gözlənilmədiyi halda əfv sərəncamı verildi. Sərəncam nəticəsində “2 aprel məhbusları” azadlığa buraxıldı. Maraqlıdır ki, əfv ABŞ dövlət katibi Hillari Klintonun səfərindən sonra Avropa Şurası Parlament Assambleyasında sessiyanın başlaması ərəfəsində verildi. Bu baxımdan bir sıra ekspertlər hakimiyyətin beynəlxalq aləmdən gələn təzyiqləri neytrallaşdırmaq üçün bu addımı atdığını düşünür. Politoloq Hikmət Hacızadəyə ünvanladığımız ilk sual da bu məqamla bağlı oldu:

– Hikmət bəy, hakimiyyət sonuncu əfv fərmanını beynəlxalq təzyiqlərdən yayınmaq üçün verib, yoxsa iqtidar ölkədə islahatların qaçılmaz olduğunu anlayır?
– Mənim fikrimcə, hakimiyyət hələ islahatlar barədə düşünmür. Bu, sadəcə olaraq iqtidarın  növbəti taktiki gedişidir. Bu addım sırf beynəlxalq təzyiqlərdən yaxa qurtarmaq və daxili ictimai rəydə öz gücünü göstərməyə hesablanıb. Hələ ki hakimiyyətin üfüqündə islahatlar görünmür. Amma hakimiyyət bu addımı ilə siyasətinin mahiyyətini gizlədə bilməyəcək. Azərbaycanın strateji əhəmiyyəti hakimiyyətə müəyyən üstünlüklər verir. Hazırda Qərb ölkələrini maraqlandıran əsas məsələlərdən biri Əfqanıstandakı vəziyyət, ordunun təchizatıdır. Azərbaycan “gözəl hava limanlarına” görə, müəyyən güzəştlər əldə edə bilir. Əfqanıstanda müharibənin səngiməsi və bu regionun gündəmdən düşməsi hakimiyyətə ağır günlər vəd edir.

– Amma hazırda Azərbaycana ciddi beynəlxalq təzyiq var. Bu cür sərt mövqe hələ sərgilənməmişdi?
– Beynəlxalq aləmdən gələn reaksiyanı iki hissəyə bölmək olar. Birincisi, beynəlxalq ictimaiyyətin mövqeyi, ikinci isə konkret hökumətlərin yanaşmasıdır. Demokratik dünya ictimaiyyəti artıq Azərbaycanda baş verənlərə dözə bilmir və daim bu barədə danışır. Bu reaksiya artan xətlə davam edəcək. Lakin rəsmi dairələr konkret sanksiya tətbiq etməkdən hələ ki yayınacaq. Bunun da səbəbi, qeyd etdiyim kimi, Azərbaycanın strateji mövqeyi ilə bağlıdır.

AB standartlarını tətbiq etmək hakimiyyəti itirmək deməkdir

– Avropa Birliyinin komissarı Ştefan Füle bu günlərdə açıqlamasında bildirib ki, AB Şərq Tərəfdaşlığı ölkələrində sürətli demokratiyanın olmasında maraqlıdır. Füle hətta, Azərbaycanla bağlı konkret tarix də elan edib. Azərbaycan 2013-cü ilin ortalarına qədər demokratikləşməlidir. Sizcə, Avropa Birliyi bu ağır missiyanın öhdəsindən gələ biləcəkmi?
– Bütün bunlar Azərbaycanla bağlı Avropa Birliyinin niyyətləridir. Təəssüflər olsun ki, vəziyyət elə deyil ki, Azərbaycan Avropa Birliyinə daxil olmaq istəyir, amma ölkənin bəzi parametrləri uyğun olmadığına görə bu baş vermir. Azərbaycan hökuməti sadəcə olaraq Avropa Birliyinə daxil olmaq istəmir. Çünki Avropa Birliyinə üzvlük bu təşkilatın standartlarını icra etməkdən keçir. Bu standartları tətbiq etmək isə Azərbaycan hökuməti üçün hakimiyyəti itirmək deməkdir. Ona görə də vəziyyət burada başqa cürdür. Avropa Birliyi Azərbaycanın təşkilata üzv olmasına çalışır. Azərbaycan hakimiyyəti bunu istəmirsə, Avropa Birliyi bizi zorla öz sıralarına daxil edə bilməz. Hələlik Avropa Birliyi Azərbaycanı tam formada demokratikləşmə yoluna dəvət etmək gücündə deyil. Amma Azərbaycan hakimiyyətinin hazırkı mövqeyi, gücü, Qərbin istəklərinə etinasız yanaşması ötəridir. Bir mahnıda deyildiyi kimi, “gedər bu gözəllik, sənə də qalmaz”. Bu həmişə belə olmayacaq. Bir neçə ildən sonra Azərbaycan hazırkı regional vəziyyətdən irəli gələn əhəmiyyətini itirəcək. O zaman hakimiyyətin bütün rüsvayçı siyasəti, Almaniyanı diz çökdürməsi barədə söylədikləri iqtidara xatırlanacaq. Qərb heç nəyi unutmur. Zamanı gələndə Azərbaycanla bağlı bütün “xatirələr”, insan haqlarının kobud pozuntuları xatarlanacaq. Bu vaxt isə yaxınlaşır.
Azərbaycanın demokratikləşməsi yaxın vaxtların işidir

– Maraqlıdır ki, AB Azərbaycanla münasibətlərdə ilkin maraq kəsb edən məqam kimi ölkəmizin demokratikləşməsini vurğulasa da, başqa beynəlxalq təşkilatlar demokratikləşmə ilə yanaşı təhlükəsizlik və enerji maraqlarını da gündəmə gətirirlər. Bu mənada sizcə, AB Azərbaycanla bağlı addımlarda başqa qurumların dəstəyini ala biləcəkmi?
– Bu, təsadüfi deyil. Çünki hazırda beynəlxalq aləmin gündəmində Iran və Əfqanıstan məsələsi var. Enerji ehtiyatları isə Azərbaycanda bir o qədər çox deyil ki, ona görə Azərbaycanın insan haqlarının pozuntusuna göz yumulsun. Azərbaycanın demokratiya ilə bağlı problemləri mütləq birmənalı şəkildə gündəmə gələcək. Bunun baş vermə tarixi yaxınların işidir. Bu, Azərbaycanın ətrafında baş verən proseslərdən də asılıdır. Məsələn, Iranın demokratikləşməsi prosesləri bir qədər də sürətləndirə bilər. O zaman Azərbaycanın neft resursları əhəmiyyətini itirəcək.

– Bir neçə gün əvvəl Moskvada “Prezident otel”də “Rusiya vəAzərbaycanda yaşayan ləzgi, avar xalqlarının problemləri və onların həlli yolları” adlı beynəlxalq konfransda rəsmi Bakının ünvanına sərt ittihamlar səslənib. AXC hakimiyyətinin sonunda da oxşar ittihamlar səsləndirilmişdi. Rusiyanın hazırda aqressivləşməsinin səbəbi nədir?
– Bu cür təxribatların artması Rusiyanın Azərbaycana qarşı narazılığının səviyyəsini göstərir. Bu narazılığın bir neçə səbəbi ola bilər. Baş verənlərdən açıq görünür ki, Azərbaycan Rusiyanın maraqlarına cavab verməyən addım atıb. Bu narazılıq Qəbələ RLS-lə bağlı müqavilənin imzalanmasında yaranan problemlə də bağlı ola bilər. Amma Rusiyanın bu sahədə geniş təbliğat aparmaması üçün Azərbaycan milli məsələlərlə bağlı özü ciddi məşğul olmalıdır. Bu diskussiyalar Azərbaycana lazım olan tərzdə ölkəmizdə keçirilməlidir. Azərbaycanın bunun üçün demokratik olması gərəkdir. Dialoq o formada olmamalıdır ki, Prezident Administrasiyasından müəyyən şəxslər təyin olunsun və onlar da Heydər Əliyevin portretinin altında iclaslar keçirsinlər. Səmimi siyasi dialoq olmalıdır. Bu adamlar dinlənilməlidir. Eyni zamanda düşünürəm ki, demokratik düşərgə baş verənlərlə ciddi məşğul olmalıdır. Azərbaycanda yaşayan milli azlıqlar bizim vətəndaşlarımızdır.

– Hazırda Rusiya iləAzərbaycan arasında bir sıra sahələrdə ciddi problemlər var. Onlar sırasında Qəbələ RLS-lə bağlı razılaşmanın əldə olunmamasını, VAZ avtomobillərinə Azərbaycana girişə məhdudiyyətin qoyulmasını, Israil ilə hərbi əməkdaşlığın dərinləşdirilməsini, “Transxəzər” layihəsinin reallaşdırılma niyyətinin olmasını göstərmək olar. Sizcə, Azərbaycan Rusiya qarşısında güzəştə gedəcəkmi, yoxsa mövqeyində dayanacaq?
– Azərbaycana qarşı təzyiqləri Rusiya daha da artıracaq. Rusiya öz nüfuzunu bərpa etməyə çalışır. Azərbaycanın bu təzyiqə qarşı dayanmasının yolu cəmiyyətdə repressiyaların aparılması yox, vətəndaş həmrəyliyinə nail olmaqdır. Bunun üçün vətəndaşın rəyi nəzərə alınmalıdır. Amma Azərbaycan rejimi heç kimi saymır. Bu isə milli maraqlara ziddir. Rusiya kimi böyük gücə qarşı daxildə barışıq, demokratiya, dialoq siyasəti yürütmək lazımdır.

Rusiyaya qarşı demokratiyanın hesabına duruş gətirə bilərik

– Rusiya kimi böyük gücün qarşısına çıxmağın yolunu hqiqətən də Gürcüstan əyani şəkildə göstərib. Demokratik dövlətlərin dəstəyini Tiflis özünün demokratiyaya sadiqliyi ilə aldı. Bu mənada Azərbaycan da demokratik olsaydı, Kreml ilə savaşda üstünlüklər əldə edə bilərdimi?
–  Bir dövlətin demokratik olmağı onun strateji gücünün artırılmasıdır. Demokratik ölkəni dəstəkləyirlər. Gürcüstanla Rusiya arasında böhran olanda Avropanın lider ölkələrinin rəhbərləri Gürcüstana gəldilər. Azərbaycan oxşar durumla üzləşərsə, belə dəstəyi ala bilərmi? Çətin. Ona görə də Saakaşvilinin rəhbərlik etdiyi dövlətin fiziki gücü olmasa da, mənəvi gücü var. Biz də bu mənəvi gücü artırmalıyıq.

– Iranla Azərbaycan arasında “Eurovision” yarışması ərəfəsində və ondan sonra münasibətlər olduqca gərgin idi. Bu üzdən Iran səfiri ölkəsinə də geri çağırılmışdı. Amma indi səfir geri dönüb. Bu hadisəni münasibətlərin normallaşması kimi dəyərləndirmək olarmı?
– Bu, diplomatiyadır. Diplomatiyanın əsas metodu gərginliyi azaltmaqdır. Diplomatiya həmişə kəskin addımlara qarşı olub. Emosional qarşıdurma olanda diplomatiya onu aradan götürməyə çalışır. Iran diplomatının qayıtmasını münasibətlərdə normallaşma kimi dəyərləndirmək olar.

– Azərbaycanla Türkmənistan arasında münasibətlərdə hazırda gərginlik yaşanır. Bir sıra ekspertlər bunu Rusiyanın adı ilə əlaqələndirirlər. Çünki Türkmənistanla problemlər iki ölkənin “Transxəzər” layihəsini reallaşdırmaq üzrə olarkən başladı?
– Xəzərin statusu həll olunmayana qədər bu cür problemlər yaranacaq. Rusiyanın Azərbaycanla Türkmənistan arasında problemin yaranmasına səbəb olması ehtimalı isə inandırıcıdır. Çünki bu, Rusiyanın siyasətinin mahiyyətinə uyğundur.

– Hazırda Türkiyə ilə Suriya arasında gərgin münasibətlər yaşanmaqdadır. Hər şey Türkiyə təyyarəsinin vurulmasından başladı. Iki ölkə arasında hərbi əməliyyatların başlama ehtimalı nə dərəcədə realdır?
– Türkiyə burada təkbaşına hərəkət etmir və etməyəcək də. Türkiyə bütün addımlarını NATO ilə uzlaşdırır. Türkiyə təkbaşına Suriyaya müdaxilə etməyəcək. Çünki Suriyanın arxasında Rusiya dayanıb, Əsədi Çin də dəstəkləyir. Ona görə Türkiyə təkbaşına hərəkət etməməlidir. Onu da qeyd etmək lazımdır ki, Türkiyənin təyyarəsini vuran raket Rusiya istehsalıdır.

Xəyal Şahinoğlu