Müsavat fəalı polisə çağırılıb

Səxavət Soltanlı 7 ay əvvəlki cinayət işinə görə niyə dindirilib?

Müsavat başqanının gənclər məsələləri üzrə müşaviri Səxavət Soltanlı dünən Qaradağ Rayon Polis Idarəsinə çağırılıb. Bu barədə“Azadlıq”a onun özü məlumat verib.
Səxavət Soltanlı bildirib ki, 7 ay əvvəl iki nəfər şəxs qardaşının işlədiyi mağazada dava salıb. Bununla bağlı qardaşı polisə şikayət edib. Faktla bağlı cinayət məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi başlanıb. Lakin sonradan istintaqdan xəbər-ətər olmayıb: “Mən həmin işlə bağlı şahid qismində ifadə vermişdim. Sonradan açığı, maraqlanmadıq ki, bu məsələ nə yerdə qaldı. Cinayət işinə xitam verildi, ya yox. Bu günlərdə isə bəlli olub ki, istintaq davam edirmiş. Və istintaq ərəfəsində qardaşımın işlədiyi mağazada dava salan şəxslər ifadə veriblər ki, guya mən onları döymüşəm. Beləliklə də 7 ay sonra məni bununla bağlı yenidən polisə çağırıblar. Aydın oldu ki, maddə də dəyişdirilib. Indi cinayət işi 221.1-ci (xuliqanlıq) maddəsilə aparılır və həmin şəxslər zərərçəkmiş şəxs kimi tanınıblar. Halbuki bu işdə zərər çəkən mənim qardaşımdır. Mən bununla bağlı polisdə bir saat ifadə verdim. Sonra o adamlarla üzləşmə oldu. Onlar üzümə dayandılar ki, guya mən onları döymüşəm”.
Bunun siyasi sifariş olub-olmadığına gəlincə, Səxavət Soltanlı deyib: “Açığı, bu barədə hələlik konkret nəsə deyə bilmərəm. Doğrudur, 7 aydan sonra bu işin gündəmə gətirilməsi müəyyən şübhələr yaradıb. Lakin konkret nəsə deməyə çətinlik çəkirəm. Istintaqın növbəti addımlarını gözləyirəm. Hər nə olacaqsa, ilk əvvəl bu barədə mətbuat biləcək”.

Natiq