“Hakimiyyətin real demokratik yeniləşməni bacarmaması və ya bunu istəməməsi, gec ya tez, dağıdıcı proseslərə aparır”
Rüstəm Ibrahimbəyov, Azərbaycan Kinematoqrafçılar Ittifaqının sədri
Azərbaycanda dövlət aparatının hamilik etdiyi yeni ictimai kino təşkilatı yaradılır. Tamamilə aydındır ki, məqsəd əlli ildən çox fəaliyyət göstərən Kinematoqrafçılar Ittifaqını dağıtmaq və kino cəmiyyətinin sıralarına nifaq və fitnə toxumu səpməkdir.
Azərbaycan Kinematoqrafçılar Ittifaqı ölkənin ən fəal yaradıcılıq təşkilatlarındandır. Ölkə müstəqillik əldə edəndən sonra görülən işlərin qısa xülasəsi ilə bunu rahatca təsdiq etmək olar: Bakıda Ittifaqın gücü ilə bərpa edilən yeganə müasir avadanlıqlı kinoteatr işə düşüb; on beş ildir, “Şərq-Qərb” beynəlxalq kinofestivalı fəaliyyət göstərir və o, ölkə hüdudlarından kənarda nüfuz qazanıb; Beynəlxalq Kino Məktəbi yaradılıb və uğurla işləyir, məktəbin ilk on beş məzunu rejissor və ssenarist diplomu alıb və kinoda debüt edib; ölkədə yeganə Şəki Yaradıcılıq Evini işçi vəziyyətdə saxlamaq mümkün olub; ölkədə kino prokatı tam dağılmaq həddində olduğu vaxtda, Kinomatoqrafçılar Ittifaqı yeganə təşkilatdır ki, kənd rayonlarında ardıcıl olaraq Azərbaycan filmləri göstərir; Ittifaqın təşəbbüsü ilə parlament “Kino haqqında qanun”u işləyərək qəbul edib, Kino Evində mütəmadi olaraq filmlərin ilk tamaşası göstərilir, yubileylər, mühüm hadisələr qeyd edilir və s.
Kinematoqrafçılar Ittifaqının gördüyü faydalı işlərin siyahısı böyükdür. Amma xeyli müddət olar, ölkənin mədəniyyət sahəsinə rəhbərlik etməli olan bir sıra şəxslər prezidentin 2007-ci il tarixli milli kinonun inkişafı haqqında fərmanından beş il keçməsinə baxmayaraq, “Azərbaycanfilm” kinostudiyasının bərpası və texniki təchizatının həyata keçirilməməsi, xaricdə peşəkar kinematoqrafiya kadrlarının hazırlanması probleminin həll edilməməsi, respublika kinoprokatının bərpa olunmaması barədə israrlı xatırlatmalarımıza qıcıqla reaksiya verirlər. Bir sözlə, milli kinematoqrafın ehtiyac duyduğu və fərmanda nəzərdə tutulan işlərin çoxu kağız üzərində qalıb.
Son bir neçə ildə bizi özümüzün bütün maliyyə mənbələrimizdən məhrum ediblər (“Azərbaycan” kinoteatrı əlimizdən alınıb, Bayıldakı Kino Evi kompleksi, festival mərkəzi və s. tikintisi başlanılan torpaq sahəsi zəbt edilib və s.). Kinematoqrafçılar Ittifaqının maliyyə cəhətdən boğulması siyasətinin öz məqsədinə çatmayacağı aydın olandan sonra dövlət aparatından olan ideoloqlar “gizlicə dəyişməyi” qərara alıblar. Amma onların icad etdiyi alternativ kino ittifaqı yaratmaq aksiyası köhnə dəbli yöndəmsizlik və ümumi qəbul edilmiş demokratik normalara aşkar etinasızlqla həyata keçirilir. Kinematoqrafçıların çoxu təşkilatın təsis yığıncağı, yeni məqsədi barədə heç nə bilməyib. Onun işində hökumət başçısının müavininin və iki nazirin iştirakı göstərir ki, ictimai statusu öncədən şübhəli olan yeni təşkilatın leqallaşması üzrə oyunda əsas hücumçular kimlərdir. Istər-istəməz düşünürsən ki, Ittifaqa belə mənfi münasibət mənim ictimai-vətəndaş aktivliyimə reaksiyadır. Qeyd etmək istərdim ki, Kinematoqrafçılar Ittifaqının Katibliyi dəfələrlə bəyan edib: Ittifaq yaradıcılıq təşkilatı olaraq öz üzvlərinin Kinematoqrafçılar Ittifaqının nizamnamə vəzifələri ilə bağlı olmayan fəaliyyətinə prinsipial olaraq qarışmır.
21 iyunda baş verən hadisə ilə bağlı kinematoqrafçıların ümumi fikrini Kinematoqrafçılar Ittifaqının Katibliyi bildirəcək. Mən bu təşkilatın rəhbəri kimi təəssüflə bildirirəm ki, yüksək vəzifəli dövlət məmurları sovet dövrünün ən pis üslubunda ölkədə onsuz da mürəkkəb olan vəziyyəti daha da dərinləşdirirlər. Sovet dövründə yüksək vəzifə tutan bu şəxslər, məhz onlar ağlagəlməz siyasi kulbit həyata keçiriblər və indi demokratik bayraq altında vətəndaş azadlıqlarını boğurlar.
Bu ilin 19 mayında “Zerkalo” qəzetində ölkə rəhbərliyinə müraciət etmişdim ki, vətəndaş cəmiyyətinə təzyiqlər azaldılsın. Dünyanın ən yeni tarixinin təcrübəsi göstərir ki, hakimiyyətin real demokratik yeniləşməni bacarmaması və ya bunu istəməməsi, gec ya tez, dağıdıcı proseslərə aparır. Inanmaq istərdik ki, dövlət rəhbərliyinin yüksək eşelonlarında ağıllı qərar verməyi bacaran adamlar tapılacaq və biz ictimai-siyasi sarsıntılardan qaça biləcəyik.
Və nəhayət. Şübhə etmirəm ki, Ittifaqımızla mübarizə uzun çəkəcək, amma ona da əminəm ki, hakimiyyət bu həngamənin səmərəliliyini sübut etmək üçün, nəhayət, milli kinonun yığılıb qalan problemlərinə diqqət ayırmağa başlayacaq. Bu nəticəni cəmiyyət, kino sənətini sevənlər və biz tam haqla Azərbaycan Kinematoqrafçılar Ittifaqının daha bir nailiyyəti hesab edə bilərik.