Bayıl türməsində serjantın siftəsi

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar

Təəssüf ki, bu kitabıçap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Azərbaycanın bütün həbsxanalarını bir-birinə bənzədən anlaşılmazlıqlar mövcuddur. Bizim üç böyük türməmiz var: Bayıl, Şüvəlan və Gəncə (indi Bayıl türməsi yoxdur və onu söküb Kürdəxanıda yeni, Avropa standartlarına cavab verən bir türmə tikiblər).
Cinayətkar leksikonda “türmə” istintaq təcridxanalarına deyirlər. “Türmə” qazamatdır, qapalıdır, “zon” isə açıqdır; yəni, burada dustaqları kameralarda yox, baraklarda saxlayırlar. Türmə və zon arasında birinci anlaşılmaz fərq bundan ibarətdir: türmədə radioya qulaq asmaq icazəsi var, radio bütün kameralarda olmalıdır və ya ola bilər. Televizor isə yasaqdır. Amma zonda televizora baxmaq olar və bütün zonlarda televizor otaqlarının olması zəruridir; radioya qulaq asmaq isə olmaz: zonlarda radio qadağandır. Qanunda belə də yazılıb: “radio qəbuledicilərin və ötürücülərin bütün növləri qadağandır”.
Məntiq yoxdur. Zonlarda böyük rütbəli zabitlər belə, bu sirrin açmasını bilmirlər. Onlar hesab edirlər ki, radio ilə dustaq hansısa siqnallar ötürə bilər. “Amma dustaq belə bir fərasətin sahibidirsə, bu siqnalları ötürmək üçün min cür vasitə tapa bilər, hətta radio kimi sadə mexanizmi yığmaq belə mümkündür” tezisi isə divara dəyib tökülür: “Qanun belə buyurur”. Cəhənnəmə buyursun. Çünki bütün növlərdən olan həbsxanalarda qanunun sifətinə yalnız o halda tüpürmək istəyən olur ki, bu, xeyir gətirə bilər. Təbii ki, personala. Personal isə qanun və qaydaların bütün boş və bərk yerlərindən yapışıb gəlir götürməklə məşğuldur.
Bayıl türməsində qarşılaşdığım ilk belə hal burada yerləşdiyim dördüncü və ya beşinci gün oldu. Gecə saat 12.00 radələrində“kormuşka” açıldı. Nəzarətçi yuxusunu güclə qovmağa nail olduğu gözlərini kameraya tuşladı. Həmin yarıqırmızı gözlərini mənə dikdi. Içəridə məndən başqa hamı yatmışdı. Kitab oxuyurdum. Bir anlıq kitabdan ayrılıb nəzarətçinin mənə zillənən baxışlarını tutdum:
– Nə məsələdir?
Nəzarətçi yan tərəfdəki çarpayının ikinci mərtəbəsində yatan lənkəranlı İlqara işarə edib soruşdu:
– Onu oyada bilərsənmi?
Ilqarı dümsüklədim: “Dur, əlahəzrətin biri səni çağırır”.
Ilqar çarpayıdan atılıb qapıya tərəf getdi. Mən isə nəzarətçinin maraq doğura biləcək nəsə deyəcəyini gözləmədən yenidən kitaba tərəf əyildim. Səhv etmirəmsə, Dostoyevskinin romanlarından birini oxuyurdum və kitabın çox maraqlı hissəsindəydim.
Ilqarın kölgəsi burnumun önündə ilişib qaldı və növbəti dəfə romanı kənara qoydum.
– Deyir ki, bir manat “siftə” verə bilərsinizmi?
– Başa düşmədim. Sənin ona verəcəyin var?
– Yox, elə-belə istəyir.
– Sən də ona “elə-belə” bir “yox” de…
Ilqarın pulu yox idi. Görünür, nəzarətçi də gözləyirmiş ki, Ilqar məndən pul alıb ona verəcək. Amma mən Ilqara pul əvəzinə belə bir məsləhət verəndən sonra nəzarətçinin ovqatı dəyişdi və bu dəyişiklik “kormuşka”nın acıqlı şaqqıltısında donub qaldı.
Bir gün sonra həmin nəzarətçi səhər növbəsinə çıxmışdı. Yoxlamadan dərhal sonra onu çağırdım. “Kormuşka”nı açıb içəri baxmaq istəyəndə “yox, keç içəri”, – deyə onu kameraya dəvət etdim:
– Axşam növbəsində olanda sənin işin saat neçədə başlanır, serjant?
– Axşam saat səkkizdən səhər saat səkkizə qədərdir.
– Ötən gecə saat 12-yə qədər “siftə” eləyə bilməmisən. Niyə bu qədər fərasətsiz işləyirsən?
– …
– Demək istəyirəm ki, əgər gecə saat 12-yə qədər “siftə” edə bilməmisənsə, ondan sonra “siftə” yığmaq həvəsinə düşmə. Bundan sonra bu qaydada işləmə.
– Maaşım azdır, dolanmaq olmur… Heç kim maaşla dolanmır…
– Serjant, sən Prezident Aparatının harada olduğunu bilirsən?
– Bilirəm, niyə bilmirəm?! Mən hüquq fakültəsində oxuyuram. Qiyabi də olsa, oxuyuram. Mənə elə-belə baxmayın.
– Sənə elə-belə baxmıram. Hüquq fakültəsin də oxuduğun üçün əlavə olaraq bilirsən ki, əhalinin bütün kateqoriyasından olan insanların həyat səviyyəsi barədə orada – Prezident Aparatında dürüst məlumat var.
– …
– Əgər orada sənin və sənin kimilərin maaşının yaşamaq üçün kifayət etmədiyini bilirlərsə və bunun qarşısını almırlarsa, deməli, sən gecə saat 12-də mənim və başqalarının kamerasını hərlənib “siftə” yığmalı deyilsən; başının adamlarını da yığ, get Prezident Aparatının qabağına piket elə, özünü doğra, bir başqasını yandır, nə istəyirən elə ki, sağ və salamat qalanların maaşını artırsınlar. Bir də mənim qapımı döyüb “siftə” istəmə. “Siftə”ni də, “axırı” da oradan tələb elə!
Nəzarətçi dal-dalı çəkildi və qapını bağlayıb əkildi.
Iki gün sonra gəzintidən kameraya qayıtdığımızda starşina məni saxladı. Onun otağına keçdik. Əlbəttə, normalda bir dustağın həbsxana əməkdaşları ilə belə sıx təması şübhə doğurur. Kameradakı başqa dustaqlar adamı, hətta boykot edə bilərlər – ən yaxşı halda. Daha pis hallar da ola bilər. Həbsxana əməkdaşları ilə sıx təmaslar onlarla əməkdaşlıq anlamına gəlir. Dustaqlar burada işləyənləri özünəməxsus ifadə ilə adlandırırlar. Həmin adamlarla isti münasibət isə onlara işləmək kimi yozulduğu an, bundan daha o yanası, kiminsə bu əməkdaşlığı sübut edə biləcəyi arqumentlər səsləndirməsi adamın bütün cəza müddətini cəhənnəmə çevirir. Amma güman edirəm, yox, güman etmirəm, dəqiqdən dədəqiq bilirəm ki, nəmənim kamera yoldaşlarım, nə də korpusdakı hər hansı bir dustaq mənim əməkdaşlarla münasibətlərimdən zərrə qədər şübhələnə bilməzdi. Burada hər kəs məni yaxşı tanıyırdı. Başqa tərəfdən, siyasi məhbuslara məxsusi münasibət var; bu barədə sırası gələndə bəhs edəcəyik.
Starşina xüsusi təhlükəsizlik tədbirləri görmədən, yəni qapını bağlamadan və səsini adi danışıq tonundan aşağı salmadan:
– O axmağa baş qoşma, müəllim, – dedi.
– Hansı axmağa?
– Nadzora. Sizin kameradan “siftə” istəyən nadzora. O təzədir, həm də sənin kamerada olmağını bilməyib, daha doğrusu, o kameradan pul istəməyin məsləhət olmadığını bilməyib.
– Yox. Mən məsələlərə bu cür yanaşmıram. Əlbəttə, mənim nadzorla-filanla və ümumiyyətlə, burada heç kimlə işim yoxdur. Amma guya, bizim kameradan pul istəməsələr, nə olacaq ki?! Bizdən pul alınmaması sizin Penitensiar sistemi dəyişmir ki?! Mən bizim kameradan pul istənilməsinə yaxşı baxmayacam. Çünki o uşaqlar onsuz da kasıbdırlar, fağır adamdırlar. Amma həll olunması vacib bir işlər olsa, özüm də pul təklif edə bilərəm. Konkret olaraq, sən məndən ehtiyatlanmaya bilərsən. Təbii, mən o adam deyiləm ki, “za boyus” pul verim. Amma bura həbsxanadır, min cür iş çıxır. Narahat olmayın, mən qanunları hara qədər pozmağın mümkün olduğunu, ən azı, sizin qədər bilirəm. Bilmədiklərimi də öyrənərəm. Amma həmin serjanta ona görə pul vermədim ki, onunla həll edəcəyim bir iş yox idi. Olsa, verərik.
Starşinanın eyni açıldı:
– Yəni, müdiriyyətin bu barədə bilməsini istəmirəm.
– Əgər bunu sən bilirsənsə, yuxarı müdiriyyət də biləcək. Sən bu söhbəti hardan bilirsən?
– O axmaq o biri nadzorlara danışıb, onlar da mənə deyiblər. Lağ eləyirlər ona.
– Həmin lağ-lağı şəklində kimsə gedib Mürsəl müəllimə də danışa bilər. Amma məndən narahat olmayın. Soruşsalar da, “belə bir şey olmayıb” deyərəm.

Ardı var