O isə deyirdi ki, açıq alın güllə yeməz…
Mən əslində, belə yazmalı deyildim. Bu, ikinci abzas olacaqdı. Şər yenə də bizim planımızı pozur. Amma buna tam nail ola bilmir. Elçibəyin doğum gününə dair yazını yazarkən həbs edilmiş “Tolışi-Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovu yada salmamaq olmur. Elçibəyin bir sərəncamı ilə öz qəzetlərini açmaq, mədəniyyətlərini yaymaq imkanı əldə edən milli azlıqlar, elə o sərəncamı verən Elçibəyin milləti türklər kimi, bu ölkədə sıxışdırılmaqdadır. Elçibəy Türk milləti adına insanlıq savaşı verirdi. Onun üçün hər kəsin mənsubiyyəti qutsal idi. Tez-tez bir ərəb atalar sözünü misal çəkərdi: “Aynadan bir eviniz varsa, kimsəyə daş atmayın!”
Bəzən Türkiyədəki millətçi dostlarımız eşidəndə ki, Elçibəyə Azərbaycandakı milli azlıqlar arasında da böyük sevgi var, mat qalırlar. Biz onlara izah edirik ki, Əbülfəz bəy başqalarını heçə sayaraq deyil, əksinə, qollarında daşıyaraq böyüklüyünü göstərən bir lider idi. Bizim millətçilik düşüncəmizdəki ən böyük fərq də budur. Bizim eqomuzun mahiyyəti budur. Biz sevməyə məhkum olan bir millətik. Biz dünyanı işğal etməyə iddialıyıq, hər kəsin sevgi haqqını özünə qaytarmaq üçün…
Fərqli Bəy
Elçibəyi tənqid edənlərə pis baxmıram. Onları iki yerə bölürəm: nə istədiklərini bilənlər və başqalarının istəklərinə xidmət edənlər. Ikincilərlə məsələ aydındır. Onlar maaşın quludur. Birincilər isə qarşı cəbhənin ağıllı adamlarıdırlar. Elçibəyi tənqid etməklə özlərinə diqqət çəkirlər. Özlərini ictimai rəydə qaldırmaq istəyirlər. Elçibəyi tənqid etmək belə, bunun üçün yetir. Çünki yüksəklərə daş atmaq da bir qabiliyyətdir.
Elçibəyin sovet dövründə necə mübarizə apardığına dair min bir əfsanə var. Amma o gün bir nəfər maraqlı bir olay danışdı. Kimsə Əbülfəz bəyə deyib ki, siqareti tərgit, o da ikisini birdən yandırıb. Deyib ki, hətta ziyanı da insanlara sevgi ilə anlatmaq lazımdır. Birinə yaxşılıq etmək onun üzərində böyük haqlar əldə etmək demək deyil. Elçibəy sovetlər birliyinə qarşı mücadilə verdi, amma yenə də “mən” sözünü dilinə gətirmədi, “Siz etdiniz” deyə xitab elədi. Onun gücü sadəcə, ovcundakını hiss etmək qabiliyyətində idi.
O, ümummilli deyil…
Bəzən bizim gənclərimiz hakimiyyət düşərgəsinin Heydər Əliyevə “ümummilli” deməyindən qıcıqlanaraq bu epitetdən Elçibəy haqqında istifadə edirlər. Elçibəy qətiyyən ümummilli deyil. O, savaş adamı idi. Bir sifəti var idi. Və siması ilə savaşanların lideri idi. Onun ümummili olacaq qədər qəddar və hamıya pislik edən bir keçmişi yoxdur. Bir adam hər kəsə yaxşılıq edə bilməz, amma pislik edə bilər. Yalnız bu cür pislik etməklə ümummilli olmaq olar. Çünki diktatorlar nəinki opponentlərinin, hətta özlərinin və yaxınlarının da taleyini qara yazan adamlardır. Elçibəy isə heç kimin əvəzinə bir addım atmayıb, sadəcə, inamlı yolu göstərib.
Yolundan dönənlər…
Elçibəyin doğum günündə bunları da xatırlamaq pis olmazdı. O, Rəsulzadədən aldığı bayrağı özündən sonrakılara verdi. Və ən maraqlısı da odur ki, özünü onun yanında və yolda (sağlığında) elan edənlər indi Elçibəyin düşmənlərilə bir səngərə girib onun cəbhəsindəki insanları alnından nişan alıblar. Elçibəy isə deyirdi ki, açıq alın güllə yeməz…
Seymur Həzi