Hilal Məmmədov barəsində 3 aylıq həbs qərarı verildi

İyunun 22-də Nizami Rayon Məhkəməsi Hilal Məmmədov barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçib. Bir gün əvvəl külli miqdarda narkotik maddə saxlama ittihamı ilə həbs edilən hüquq müdafiəçisi Hilal Məmmədov iyunun 22-də vəkilin iştirakı ilə dindirilib. Vəkil Anar Qasımlının “Azadlıq” radiosuna verdiyi məlumata görə, müdafiə etdiyi şəxs ittihamları rədd edib: «Nizami Rayon Polis İdarəsində istintaqa verdiyi ifadəsində o, narkotik maddənin istifadəsi və  satışı ilə məşğul olmadığını təkidlə qeyd etdi. Bildirdi ki, bu, ictimai-siyasi və hüquq müdafiəçiliyi fəaliyyətinə görə ona qarşı qurulmuş ssenaridir. O dedi ki, onu tutanda da narkotik maddədən söhbət getməyib, ona son vaxtlar «facebookda» çox fəallıq etməsi kimi fikirlər bildirilib».

Anar Qasımlı deyir ki, Hilal Məmmədov həbsini bir neçə gün əvvəl Rusiyanın NTV kanalına verdiyi müsahibəsi ilə də əlaqələndirir: «O, NTV kanalına müsahibəsində deyib ki, Azərbaycan hökuməti «Eurovision» mahnı yarışmasına milyonlarla pul xərcləsə də heç bir uğur qazana bilmədi, amma Astarada toyda səslənən «Tı kto takoy davay dosvidaniya» meyxanası bütün dünyaya yayıldı. Hilal Məmmədov hesab edir ki, ola bilsin onun bu dedikləri yuxarıdakıların xoşuna gəlməyib».

Anar Qasımlının sözlərinə görə, Hilal Məmmədov öz izahatında saxlanarkən zorakılığa məruz qaldığını, döyüldüyünü də qeyd edib: «O mənə bədəninin müxtəlif yerlərindəki zədələri göstərdi. Ayağındakı qançır izləri açıq-aşkar görünür. Biz döyülmə faktı ilə bağlı Nizami Rayon Prokurorluğunda olduq dedilər bu məsələnin araşdırılması ilə məşğul olacaqlar».

Hilal Məmmədov iyunun 21-də yaşadığı binanın yaxınlığında saxlanılıb. Daha sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə, daha sonra Nizami Rayon Polis İdarəsinə aparılıb.

Barəsində Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) cinayət işi açılıb. O, 33,074 qram heroini əldə edib saxlamada ittiham edilir.

İttiham təsdiqlənərsə Hilal Məmmədovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə gözləyə bilər.