HAMİ azad mətbuatın və ictimai fəalların müdafiəsinə qalxdı

Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu (HAMİ) son dövrlər azad mətbuata və hüquq müdafiəçilərinə qarşı aparılan təqib kampaniyası ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

“Azərbaycan hakimiyyətinin son bir neçə ay ərzində KİV-ə, ayrı-ayrı jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı apardığı təqib kampaniyası narahatlıqla qarşılanır. 2012-ci ildə belə təqiblər miqyasına görə əvvəlki illərlə müqayisədə xeyli artıb.
2012-ci ilin əvvəllərindən başlayaraq növbəti dəfə qəzetlərin səyyar satışı qadağan olunub. Bundan sonra “Azadlıq”, “Yeni Müsavat” və “Xural” qəzetləri bir neçə dəfə məmurların qaldırdığı əsassız iddialara görə cərimələnib.
2012-ci iliin fevral ayında jurnalist Anar Bayramlı, mart ayında “Xəyal TV”-nin əməkdaşları Vüqar Qonaqov, Zaur Quliyev və Zaur Mustafayev həbs edilib. Jurnalist İdrak Abbasov fiziki zorakılığa məruz qalıb.
Bunlardan başqa “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova şantaj edilib, onun peşə fəaliyyətinə müdaxilə olunub.
2012-ci ildə “Kür Vətəndaş Qərargahının” rəhbəri Oqtay Gülalıyev, Vətəndaş Cəmiyyətinin İnkişafı Birliyinin rəhbəri Cəmil Məmmədli, hüquq müdafiəçisi İlham Əmiraslanov, RATİ-nin fotorepartyoru Mehman Hüseynov həbs olunublar.
Hazırda jurnalistlər Ramin Bayramov, Anar Bayramlı, Vüqar Qonaqov, Zaur Quliyev və Əvəz Zeynallı həbsdədir. Onların sırasına ötən gün daha bir jurnalit – “Talışın səsi” qəzetinin baş redaktoru Hilal Məmmədov da qatılıb. Həmçinin hüquq müdafiəşiləri Vidadi İsgəndərli, Taleh Xasməmmədov və İlham Əmiraslanov bu gün də həbsdədirlər.
Bundan başqa Oqtay Gülalıyev və Mehman Hüseynov barədə cinayət işi davam etdirilir.

Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu Azərbaycan hakimiyyətinə müraciət edərək, müstəqil KİV-ə, ayrı-ayrı jurnalistlərə və  hüquq müdafiəçilərinə qarşı təzyiqlərə son qoymağa, həbs olunanları azadlığa buraxmağa çağırır. Azad KİV-ə və hüquq müdafiəçilərinə qarşı aparılan təzyiq, təqib kampaniyası ölkəmizin beynəlxalq səviyyədə təcrid olunmasına gətirib çıxaracaq.
Bir daha Azərbaycan hakimiyyətini tənqidə dözümlə yanaşmağa, təqib- təzyiq kampaniyasına son qoymağa, hüquq-müdafiə təşkilatlarını isə belə kampaniyalardan qorunmaq üçün birləşməyə çağırırıq”.