Müxalif mövqeli ziyalının təşkilatı ilə eyni adda yeni birlik yaradıldı; indi iki Kinematoqrafçılar Ittifaqı var
“Bu, mənim mövqeyimə, ictimai fəaliyyətimə qarşı addımdır”
Ziyalılar Forumunun üzvü, kinodramaturq Rüstəm Ibrahimbəyovun rəhbər olduğu Kinematoqrafçılar Ittifaqı ilə eyni adda yeni təşkilat yaranıb. Təşkilat Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqı adlanır. APA-nın məlumatına görə, yeni qurumun yaradılmasına iyunun 21-də “Nizami” Kino Mərkəzində “Kino və konseptual problemlər” mövzusunda keçirilmiş tədbirdə qərar verilib.
Ittifaqın təşəbbüs qrupunun və idarə heyətinin tərkibinə Şəfiqə Məmmədova, Ayaz Salayev, Cəmil Quliyev, Vaqif Mustafayev, Oqtay Mirqasımov, Ramiz Fətəliyev, Mais Ağabəyov, Yusif Quliyev, Siyavuş Kərimi, “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov, “Nərimanfilm” Kinostudiyasının direktoru Nəriman Məmmədov daxildir.
Yenilərdən Ibrahimbəyovun ittifaqına ittiham
Tədbirdə çıxış edən Cəmil Quliyev bildirib ki, yaradılma təşəbbüsü irəli sürülmüş Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqının fəaliyyət istiqamətləri – milli filmlərin beynəlxalq arenaya çıxarılması, milli filmlərin təşkili, beynəlxalq simpozium və konfransların təşkili, kino infrastrukturunun formalaşdırılmasıdır.
Azərbaycanın xalq artisti Şəfiqə Məmmədova bildirib ki, bu gün Azərbaycan kinosunun əsas problemlərindən biri gənc nəslin formalaşmaması məsələsidir: “Gənc nəslin demokratik, sağlam, mədəni mühitdə inkişafı çox vacib məsələdir. Biz bunu kinoya da gətirib, maarifləndirmə işi aparmalıyıq”.
Müzakirədə çıxış edən kinorejissor Oqtay Mirqasımov Azərbaycan kinosunun mövcud vəziyyətindən danışıb, bu sahənin inkişafının bir nəfərdən asılı olmadığını qeyd edib: “Kinoda tək adam heç nədir, bu, kollektiv əməyin nəticəsidir. Bu qurumun yaranması çox şey deməkdir. Biz bu illər ərzində çox şeylər itirmişik, çünki Birliyimiz yalnız sözdə olub. Ümid edirəm ki, bundan sonra əməldə də olacaq”.
Kinorejissor Vaqif Mustafayev isə Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar Ittifaqının fəaliyyətinin qənaətbəxş olmadığını deyib: “Hazırda mövcud olan Kinematoqrafçılar Ittifaqının fəaliyyəti qənaətbəxş deyil, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər. Lazımdır ki, milli filmlər təhlil və təbliğ olunsun, kino mühiti yaransın. Kinonun tədrisi də vacib məsələlərdən biridir”.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqının yarandığı elan olunub və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri seçilib.
“Alternativ qurumun yaradılmasının səbəbi hər nədirsə, kinoyla, sənətlə bağlı deyil”
Azərbaycan Kinematoqrafçılar Ittifaqının birinci katibi Rasim Balayev isə bildirdi ki, həmkarlarının bu addımı başa düşülən deyil. Çünki eyni adlı təşkilat artıq neçə ildir ki, fəaliyyət göstərir: “Axı Azərbaycan Kinematoqrafçılar Ittifaqı var. Heç olmasa başqa ad qoyaydılar. Eyni adlı ikinci təşkilata nə ehtiyac vardı? Dövlətin dəstəyi ilə bir qrup iddialı adam bu addımı atıb. Bizim təşkilatın dövlət qeydiyyatı var, bu, 1956-cı ildə qurulan təşkilatdır”.
R.Balayev eyni zamanda kinorejissor V.Mustafayevin R.Ibrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar Ittifaqının fəaliyyətini qeyri-qənaətbəxş saymasına da münasibət bildirdi: “O, özü üçün deyir. Getsin ”Space”nin dərdini çəksin. Bizim fəaliyyətimizdən kiminsə narazı olması ilə bağlı söylənilənlər yalnız bəhanədir. Təşkilatımızın Nizamnaməsi var, biz də ona uyğun fəaliyyət göstəririk. Alternativ qurumun yaradılmasının səbəbi hər nədirsə, kinoyla, sənətlə bağlı deyil. Yəqin bu səbəblər tezliklə üzə çıxacaq”.
Onu da xatırladaq ki, bir müddət əvvəl fəaliyyətində problemlər yaranan Azərbaycan Kinematoqrafçılar Ittifaqının yerləşdiyi Hökumət Evindən çıxarılma təhlükəsi vardı. Səbəb təşkilatın 30 min manat borcunun yaranması idi. Problemin həlli üçün dövlətdən heç bir maliyyə dəstəyi almayan təşkilat yalnız Ibrahimbəyovun şəxsi vəsaiti hesabına çətinlikdən çıxa bilmişdi.
“Bu, avtoritar ölkələrdə sınaqdan keçirilmiş tanış texnologiyadır”
“Azərbaycan Kinematoqrafçılar Ittifaqına alternativ yaradılmasının məqsədi aydındır. Mənim fəal vətəndaş mövqeyimə, ictimai fəaliyyətimə qarşı addımdır. Çünki hökumət kino sənətinin inkişafına kömək etmək istəyirdisə, elə bunu bizim vasitəmizlə edə bilərdi. Hazır təşkilat vardı. Mənə, fəal ictimai fəaliyyətimə görə Azərbaycan Kinematoqrafçılar Ittifaqını çox ağır vəziyyətə salıblar”. Bunu məsələylə bağlı “Media forum” saytına açıqlama verən Ibrahimbəyovun özü deyib.
R.Ibrahimbəyov bildirib ki, Azərbaycanın hər bir vətəndaşının başqalarıyla bir yerə yığılıb hansısa təşkilat yaratmaq hüququ var, bunu edə bilərlər: “O cümlədən yaradıcı ictimai təşkilat yaratmaq olar. Mənim buna heç bir etirazım yoxdur, ola da bilməz.
Amma bilmək lazımdır ki, bu təşkilatı kimlər yaradıb, məqsədləri, niyyətləri nədir. Təşkilatın yaradıldığı tədbirdə hakimiyyətin, hökumət dairələrinin nümayəndələri iştirak ediblər, onların bu məsələdə rolu olub. Aydın olur ki, alternativ qurumu hakimiyyət yaradıb”.
Ittifaq sədri deyib ki, mövcud olan bir təşkilata alternativ yaratmaq, özü də eyni adda təşkilat yaratmaq düzgün deyil: “Ədliyyə Nazirliyi yeni qurumu qeydə alsa, məsələnin yaradıcı deyil, siyasi iş olduğu ortaya çıxacaq. Amma adlar tam eyni deyil, bir söz fərqi var. Bizim təşkilatın adı Azərbaycan Kinematoqrafçılar Ittifaqıdır. Onlar isə özlərini Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqı adlandırıblar. Yəni formal tərəfdən deyə bilərlər ki, təşkilatın adı ayrıdır. Amma bu, avtoritar ölkələrdə sınaqdan keçirilmiş tanış texnologiyadır. Bir nəfər görkəmli şəxsiyyət hansısa seçkidə namizəd olanda hakimiyyət eyni adlı beş-altı nəfər alternativ namizəd irəli sürür. Məqsəd aranı qarışdırmaq, həmin tanınmış şəxsiyyətə problem yaratmaq olur. Ola bilər ki, yenə eyni texnologiyadan istifadə ediblər.
Amma yaxşı iş görsələr, çox əla, buna sevinərik, onları alqışlayarıq. Onu da unutmasınlar ki, təşkilat yaratmaq asan işdir. Ancaq təşkilat fəaliyyət göstərməlidir, xeyir gətirməlidir. Fəaliyyətləri uğurlu olsa, hamıdan əvvəl mən onları dəstəkləyərəm. Hesab edirəm ki, hakimiyyət yeni təşkilata əlindən gələn köməyi edəcək. Bu da kinonun xeyrinədir”.
Fərq “Respublika”da imiş
Məsələ ilə bağlı yeni yaranan ittifaqdan da münasibət öyrəndik. Ittifaqın idarə heyətinin üzvü Ayaz Salayev bildirdi ki, təşkilatların adı iddia edildiyi kimi tam eyni deyil. Belə ki, onların təsis etdiyi qurumun adı Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqıdır, Ibrahimbəyovun rəhbərlik etdiyi təşkilat isə Azərbaycan Kinematoqrafçılar Ittifaqı adlanır. Salayevin sözlərinə görə, yeni yaranan təşkilatın adında Respublika sözünün olması onu fərqli edir.
Hər halda hansı səbəbdən ikinci Kinematoqrafçılar Ittifaqının yaranması haqda suala isə A.Salayevin cavabı belə oldu: “Mənim üçün adın böyük prinsipial əhəmiyyəti yoxdur. Həmkarlarıma olan hörmətimə görə təşkilatın yaranma zərurəti və səbəbləri barədə danışmaq istəmirəm”.
“Bunu zaman tələb edir”
Yeni ittifaqın sədri Şəfiqə Məmmədova isə APA-ya açıqlamasında bildirib ki, Ibrahimbəyovun rəhbərlik etdiyi qurum uzun müddətdir fəaliyyətdədir. Lakin yeni filmlər çəkilir, artıq kinematoqrafçıların əhatəsi genişlənir. Ona görə, kim haranı seçsə, orda da fəaliyyət göstərəcək: “Zaman bu gün bunu tələb edir, eyni sahədə min qurum ola bilər. Assosiasiyalar, birliklər, nə bilim yeni-yeni qurumlar. Fikrimcə, bu təbii prosesdir. Biz heç kimlə rəqabət aparmaq niyyətində deyilik. Əksinə, ünsiyyət yaratmaq lazımdır. Hərə öz məqsədi, öz istiqaməti üzrə işləməli, yaratmalıdır”.
Ş.Məmmədova eyni zamanda R.Ibrahimbəyov və R.Balayevin mətbuata açıqlamalarına da münasibət bildirib: “Nə deyim… Onların fikirləri belədir, hərənin öz sözü var. Fikirləri belədirsə, çıxış eləsinlər, desinlər. Gələcəkdə biz ünsiyyət saxlayacağıq”.
Bəs qanunlar nə deyir?
Bəs görəsən, müxtəlif təşkilatların eyni və ya bu qədər yaxın ad altında fəaliyyət göstərməsi ölkə qanunlarına nə dərəcədə uyğundur? Bu sualla tanınmış hüquqşünas Müzəffər Baxışova müraciət etdik. M.Baxışov bildirdi ki, eyni adlı iki təşkilatın təsis edilməsi Azərbaycanın Mülki Məcəlləsi və “QHT-lər haqqında” qanunla qadağandır: “Əgər bir hüquqi şəxs Ədliyyə Nazirliyindən qeydiyatdan keçibsə, onunla eyni adlı təşkilatın təsis edilməsi qanunla qadağandır. Bu baxımdan Rüstəm Ibrahimbəyov hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edə bilər”. Adda cüzi dəyişikliyin olduğu halda qanunvericiliyin buna necə yanaşdığına gəlincə, M.Baxışov vurğuladı ki, bunu ən son qeydiyyat orqanı müəyyən edir. Azərbaycanda isə tamam başqa reallıqların hökm sürdüyünü deyən M.Baxışov bildirdi ki, bu üzdən belə incə məqamlara çox halda diqqət yetirilmir.
Xəyal