Onun yaxın ətrafı və bir qrup yüksək vəzifəli rəsmilər Suriyadan qaçmağa hazırlaşır
Suriyada vəziyyətin getdikcə ağırlaşması Bəşər Əsədin ətrafındakı şəxslərdə ciddi narazılıq, o cümlədən şəxsi təhlükəsizliklə bağlı narahatlıqlar artıb. Xarici medianın yazdığına görə, Bəşər Əsədin yaxın ətrafından şəxslərin də aralarında olduğu bir qrup yüksək vəzifəli dövlət rəsmiləri ölkədən qaçmağı planlaşdırır. “The Daily Telegraph” qəzetinin adı açıqlanmayan amerikalı rəsmilərə istinadən verdiyi məlumatda Əsədin yaxın çevrəsinin ondan üz döndərməyə hazırlaşdığı deyilir.
Xəbərdə Suriyadakı bəzi yüksək vəzifəli hərbi rəsmilərin qaçış strategiyalarını təyin etmək üçün müxaliflərlə əlaqəyə keçdiyi bildirilir. Həmçinin rəsmlərin Bəşər Əsəd əleyhdarlarına qoşulduğu zaman müxaliflər tərəfindən necə qarşılanacaqları da müzakirə olunub. Qaçış planında Suriya diktatoruna yaxın şəxslərin pullarını Livan və Çin banklarına köçürmələri və müxalif qruplara yardım məqsədiylə Qərb hökumətləriylə əlaqə yaratmağa çalışmaları yer alıb. Müxalifətdəki mənbə ingilis qəzetinə qaçmaq üçün uyğun zaman gözləyən yüksək vəzifəli rəsmilərin olduğunu təsdiqləyib. Mənbə onlar arasında prezident sarayında vəzifə tutanların da olduğunu deyib.