“Vətəndaş mövqeyi göstərə bilməyən – rəis, müdir, direktor, polis tərəfindən gündə beş-altı dəfə alçaldılan insanlardır”
Bir neçə gün əvvəl ermənilərlə azərbaycanlılar Gürcüstanda birgə tədbir keçiriblər. Tədbirdə dizaynerlər, jurnalistlər, yazıçılar, bəstəkarlar və bir sıra təşkilatların nümayəndələri iştirak edib. Tədbirin təşkilatçısı Azərbaycanda fəaliyyət göstərən Humanitar Tədqiqatlar Cəmiyyəti olub.
Tədbirdə Azərbaycandan 10, Ermənistandan isə 20 nəfər iştirak edib. Iştirakçılar muharibəyə son qoymağı, hər şeyi sülhlə həll etməyi təklif ediblər. Hər iki tərəfin fotoqraf və dizaynerlərinin əl işləri tədbir boyunca nümayiş etdirilib.
Yazıçı-publisist Seymur Baycan, “Dalğa” Gənclər Hərəkatının beynəlxalq əlaqələr üzrə koordinatoru Həmidə Qiyasbəyli loqo, bəstəkar Firudin Allahverdi musiqili kompozisiya hazırladığına görə təltif ediliblər.
Mətbuat daha çox Seymur Baycanın mükafat almasına işıq salıb və bu, bir mənalı qarşılanmayıb.
Seymur Baycan “Azadlıq”a açıqlamasında onun haqda yazılanlardan o qədər məlumatlı olmadığını dilə gətirdi: “Tiflisdən təzə gəlmişəm, nə yazdıqlarından, nə dediklərindən xəbərim yoxdu. Bir az yorğunam. Telefonumu indi açmışam, çoxlu sayda zənglərin gəldiyini görmüşəm. Əslində hər şey deyilənlər kimi deyil. Tiflisdə müxtəlif insanlar olub. O cümlədən ATƏT-in həmsədrlərindən biri tədbirdə iştirak edib. Səfər layihə çərçivəsində baş tutub. Biri loqo hazırlayıb, digəri musiqili kompozisiya nümayiş etdirdiyinə görə mükafatlandırılıb. Bunu şişirtməyə, xox gəlməyə məncə, ehtiyac yox idi”.
Seymur Baycan “niyə məhz siz, axı başqaları da mükafat alıb” sualına “Tədbirdə iştirak edənlər arasında bir az yaşlısı, təcrübəlisi olduğuma görə hər şeyi sadəcə mənim üstümə gəliblər”, – deyə cavablandırdı.
Yazar Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının “ermənilərdən nəinki mükafat almaq, hətta onlarla üzbəüz oturmaq da vicdansızlıqdır. Seymur Baycan pula görə çoxdan şeytana satılıb. Indiyə qədər ermənilər üçün gizli, indi isə açıq xidmət edir. O, Azərbaycan cəmiyyətində nə yaxşı yazar, nə də ki, torpağını sevən insan kimi tanınıb” açıqlamsına da münasibət bildirdi: “Mən təkcə Akif Nağı haqda yox, ümumiyyətlə, ortaya düşən bir-iki nəfər adam haqda danışmaq istəyirəm. Mənim bu insanlara yazığım gəlir. O adamlar hakimiyyətin sındırdığı, əzdiyi, məhv etdiyi, alçaltdığı insanlardı. Vətəndaş mövqeyi göstərə bilməyən – rəis, müdir, direktor, polis, bir sözlə, vəzifəcə özündən bir pillə yuxarı dayanan insanlar tərəfindən gündə beş-altı dəfə alçaldılaan insanlardır. Onlar belə an axtarırlar ki, özləri-özlərinə insan olduqlarını, vətəndaş olduqlarını sübut eləsinlər. Əgər məni söymək onlara özlərinə adam olduqunu xatırladırsa, bunun özü də böyük bir əməldir. Buyursunlar, nə qədər istəyirlər söysünlər”.
Seymur Baycan onu tənqid və təhqir edənlər sərt cavab verdi: “Bu hakimiyyətə qarşı mövqe bildirməyən, vətəndaş mövqeyi ifadə etməyən, insanların evləri söküləndə, həbsə atılanda səsini çıxartmaması, əksinə bu cür vətənpərvərlik zurnası çalması, Qarabağa şikəstəsi oxuması vecimə deyil. Nə qədər danışırlar danışsınlar, onları saymıram. O insanın sözünü səmimi qəbul edərəm ki, başqa bir məsələdə onu narahat edir, o məsələ ətrafında danışır, o cümlədən bu məsələ də onu narahat edir. Yoxsa biri Borçalıdan, o biri Qarabağdan, başqa birisi Uyğur türklərinin hüquqlarından danışır, ancaq gözünün qarşısında baş verənləri görmür. Bu cür insanları nə qəbul edirəm, nə də sayıram”.
Ramin DEKO