Rüstəm İbrahimbəyov: “Alternativ qurumu hakimiyyət yaradıb”

“Azərbaycan Kinematoqrafçılar İttifaqına alternativ yaradılmasının məqsədi aydındır. Mənim fəal vətəndaş mövqeyimə, ictimai fəaliyyətimə qarşı addımdır. Çünki hökumət kino sənətinin inkişafına kömək etmək istəyirdisə, elə bunu bizim vasitəmizlə edə bilərdi. Hazır təşkilat vardı. Mənə görə, fəal ictimai fəaliyyətimə görə Azərbaycan Kinematoqrafçılar İttifaqını çox ağır vəziyyətə salıblar”. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov “Media forum” saytına belə deyib.

Rüstəm İbrahimbəyov bildirib ki, Azərbaycanın hər bir vətəndaşı digərləri ilə bir yerə yığılıb hansısa təşkilat yaratmaq hüququna malikdir, bunu edə bilərlər: “O cümlədən yaradıcı ictimai təşkilat yaratmaq olar. Mənim buna heç bir etirazım yoxdur, ola da bilməz.

Amma bilmək lazımdır ki, bu təşkilatı kimlər yaradıb, məqsədləri, niyyətləri nədir. Təşkilatın yaradıldığı tədbirdə hakimiyyətin, hökumət dairələrinin nümayəndələri iştirak ediblər, onların bu məsələdə rolu olub. Aydın olur ki, alternativ qurumu hakimiyyət yaradıb”.

İttifaq sədri deyib ki, mövcud olan bir təşkilata alternativ yaratmaq, özü də eyni adda təşkilat yaratmaq düzgün deyil: “Ədliyyə Nazirliyi yeni qurumu qeydə alsa, məsələnin yaradıcı deyil, siyasi iş olduğu ortaya çıxacaq. Amma adlar tam eyni deyil, bir söz fərqi var. Bizim təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqıdır. Onlar isə özlərini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı adlandırıblar. Yəni formal tərəfdən deyə bilərlər ki, təşkilatın adı ayrıdır. Amma bu, avtoritar ölkələrdə sınaqdan keçirilmiş tanış texnologiyadır. Bir nəfər görkəmli şəxsiyyət hansısa seçkidə namizəd olanda hakimiyyət eyni adlı beş-altı nəfər alternativ namizəd irəli sürür. Məqsəd aranı qarışdırmaq, həmin tanınmış şəxsiyyətə problem yaratmaq olur. Ola bilər ki, yenə eyni texnologiyadan istifadə ediblər.

Amma yaxşı iş görsələr, çox əla, buna sevinərik, onları alqışlayarıq. Onu da unutmasınlar ki, təşkilat yaratmaq asan işdir. Ancaq təşkilat fəaliyyət göstərməlidir, xeyir gətirməlidir. Fəaliyyətləri uğurlu olsa, hamıdan əvvəl mən onları dəstəkləyərəm. Hesab edirəm ki, hakimiyyət yeni təşkilata əlindən gələn köməyi edəcək. Bu da kinonun xeyrinədir”.