Ramiz Mehdiyevdən məmurlara məxfi məktub

PA rəhbəri icra orqanlarına nə tapşırıb?

Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyevin imzası ilə bütün icra orqanlarına məktub göndərilib. Həmin məktubda icra orqanlarına rəsmi və hakimiyyətyönlü qəzetlərə abunə yazılmaq tapşırılır. PA-nın ictimai-siyasi şöbəsinin adından məktuba edilən əlavədə isə qəzetlərin siyahısı göstərilir.
Siyahıda “Respublika” qəzeti xarici bütün rəsmi qəzetlər və sözügedən şöbənin müdiri Əli Həsənovun nəzarətində olan mətbuat orqanlarının adı qeyd edilib. “Respublika” qəzetinin siyahıya salınmaması bəllidir. Bu qəzetin baş redaktoru Teymur Əhmədovla Ramiz Mehdiyev arasında ziddiyyətlər var. Bu baxımdan da PA-da “Respublika” qəzetinə ögey münasibət var. Maraqlıdır ki, siyahıda yazıçı-deputat Aqil Abbasın qəzeti “Ədalət”in də adı yoxdur.
Bu arada qeyd edək ki, hakimiyyət müstəqil qəzetlərin çökdürülməsinə yönəlik kampaniyanı şiddətləndirib. Xüsusilə, “Azadlıq”ın fəaliyyətinə ciddi maneələr yaradılır. Məhkəmə cərimələrinin yenidən gündəmə gəlməsi, paytaxt və rayonlarda qəzetin satışının faktiki olaraq qadağan edilməsi “Azadlıq”a qarşı təzyiqlərə nümunə ola bilər. Bu da səbəbsiz deyil.
Hakimiyyət ölkəni informasiya blokadasında saxlamaq üçün müstəqil qəzetləri sıradan çıxararaq yalnız onların siyasətini dəstəkləyən medianın çiçəklənməsinə çalışır. Ramiz Mehdiyevin qeyd etdiyimiz məktubu buna bir daha sübutdur.

Informasiya şöbəsi