“Azəriqaz”ın əməkdaşlarına cinayət işi açılıb

Azərbaycan Dövlət Neft Şirkəti, “Azəriqaz” İstehsalat Birliyinin bir neçə əməkdaşı barədə cinayət işi başlanılıb.

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Mehman Xudayarov, Oqtay Yaqubov, Ramiz Əliyev, Rauf Məmmədov və idarənin daha bir əməkdaşı abonentlərin qaz xətlərinə müdaxilə etməsinə, qaz pulunun müəyyən edilmiş tarif əsasında ödənilməməsinə şərait yaradıb və göz yumub. Həmin əməkdaşlar “Azəriqaz”a ilkin məlumata görə, 10 min manata yaxın ziyan vurub.

Məsələ ilə bağlı prokurorluqda Cinayət Məcəlləsinin 189.1.4-cü (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması) maddəsi ilə iş başlanılıb. “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayev belə bir faktın olduğunu təsdiqləyib: “May ayında Yasamal rayon qaz İstismar Sahəsindən “Azəriqaz” İB-nə məktub daxil olub. Bildirilib ki, 5 çilingər abonentlərin qazdan qanunsuz istifadəsinə şərait yaradıb və idarəyə ümumilikdə 9539 manat 4 qəpik ziyan vurulub. “Azəriqaz” İB də öz növbəsində Bakı şəhər Prokurorluğuna müraciət edib və məsələnin araşdırılmasını istəyib”.