Elçin Behbudov: “Xüsusi İdarənin rəisi vəzifəsində çalışsa da, o xaraktercə kommersantdır”
Bir neçə il ləğv edilmiş Xüsusi Idarənin sabiq rəisi Elman Qəmbərov yeni vəzifəyə gətirilir. Bu barədə məlumatı “Reytinq” qəzeti yayıb. Məlumatda deyilir ki, Elman Qəmbərov prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini təyin edə bilər. Hazırda belə vəzifə olmadığı üçün onun yaradılması gündəmə gəlib. “Belə demək olar ki, sözügedən vəzifə məhz Elman Qəmbərov üçün təsis olunacaq”,- deyə məlumatda bildirilir.
Vaxtilə Elman Qəmbərovla bir yerdə işləyən və generalın sifarişilə həbs edildiyini bildirən Işgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bu məlumatın inandırıcı olmadığı qənaətindədir: “Elman Qəmbərov Xüsusi Idarənin rəisi vəzifəsində çalışsa da, o xaraktercə kommersantdır. Təhlükəsizlik qurumlarına layiq adam deyil. Bu baxımdan inanmıram ki, onu belə bir vəzifəyə təyin edərlər. Digər tərəfdən Elman Qəmbərov ”vurulmuş” kadrdır. Azərbaycanda “vurulmuş” kadrların yenidən mühum postlara təyin edilməsi təcrübəsinə isə rast gəlinməyib. Xatırlayırsınızsa Bakı polisinin sabiq rəisi Məhərrəm Əliyevin də milli təhlükəsizlik nazirinin müavini vəzifəsinə təyin ediləcəyi barədə məlumat yayılmışdı. Lakin təsdiqini tapmadı. Hesab edirəm ki, Elman Qəmbərovla bağlı yayılan məlumat da eyni qəbildəndir”.
Elçin Behbudov əlavə edib ki, Elman Qəmbərovun adı beynəlxalq təşkilatların hesabatlarına düşüb: “Bu adam hələ Xüsusi Idarənin rəisi işləyəndə özü üçün işgəncə otağı yaratmışdı. Orada onlarla insana işgəncə verilib. Elman Qəmbərovun işgəncələrinə məruz qalan şəxslərdən biri də mənəm. Və mən bu barədə, həmçinin başqa şəxslərin başına açdığı oyunlar barədə beynəlxalq təşkilatlara məlumat vermişəm. Əgər o yenidən hansısa vəzifəyə təyin olunacaqsa, mənim işim-gücüm onu ifşa etmək olacaq”.
Hikmət