İctimai Palatada İTV və seçki müzakirələri

İyunun 20-də Ictimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, seçki mühitinin formalaşdırılması ilə bağlı məsələlər əsas müzakirə mövzusu olub. Qərara alınıb ki, iyunun 21-i saat 12-də Müsavat Partiyasının qərargahında keçiriləcək “Seçki dinləmələri”nə ölkəmizin aparıcı müxalifət partiyalarının rəhbərləri, hüquq müdafiəçiləri, hüquqşünaslar, həmçinin Ziyalılar Forumunun təmsilçiləri dəvət edilsin və geniş müzakirələr təşkil olunsun.
Bundan əlavə, Koordinasiya Şurasının toplantısında Azərbaycan üzrə həmməruzəçilər Pedro Aqramunt və Cozef Debono Qrexin tutduğu vəzifədən azad edilməsi ilə bağlı Avropa Şurasına müraciət hazırlanmasına dair qərar qəbul olunub. Koordinasiya Şurası hesab edir ki, sözügedən həmməruzəçilər Avropa Şurasının yox, Azərbaycan hakimiyyətinin mövqeyindən çıxış edirlər.
Toplantıda Ictimai Televiziyanın Ictimai Palatanın tədbirlərini işıqlandırmaq və Ictimai Palataya efir vaxtı vermək haqqında müraciətinə verdiyi cavab da müzakirə olunub. Cavab məktubunda bildirilib ki, Ictimai Palatanın ITV haqqında təsəvvürləri həqiqəti əks etdirmir: “Ictimai telekanal cəmiyyətdə ən baxımlı və obyektiv kanal kimi tanınır”.
Ancaq Ictimai Palatanın Koordinasiya Şurası hesab edir ki, ITV bir ailənin televiziyasıdır. Bu televiziyanın verdiyi məlumatlar plüralizmə söykənmir və respublikadakı real vəziyyəti əks etdirmir. Əslində, televiziya bu prinsiplərə söykənən televiziya olmalıdır. Bu səbəbdən bir daha ITV-ni Ictimai Palatanın tədbirlərinə dəvət edirik.
Onu da qeyd edək ki, bu gün saat 12-də Ictimai Palatanın “Seçki dinləmələri” mövzusunda Dəyirmi masası təşkil olunacaq. Dinləmələr Müsavat Partiyasının qərargahında keçiriləcək və ITV bir daha bu tədbirə dəvət olunur.    
Müzakirələr zamanı Ictimai Palatanın “Avtoritarizmdən demokratiyaya keçidin yumşaq Yol Xəritəsi”nin ildönümü ilə bağlı sənədin yenidən müzakirə olunması təklifi səslənib və bu haqda müvafiq qərar qəbul olunub.   
Daha bir qərar isə Milli azadlıq hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin doğum günü ilə bağlı olub. Belə ki, 24 iyun 2012-ci il tarixində, saat 11-də Fəxri xiyabanda Əbülfəz Elçibəyin anım mərasimi keçirilməsi qərarlaşdırılıb.

Ramin DEKO