Braziliya prezidenti Dilma Russef iyunun 19-da bu ölkədə səfərdə olan İran prezidenti Mahmud Əhmədinejadın onunla təkbətək görüşmək xahişini rədd edib. “Media forum” saytı Braziliyanın “Oqlobo” qəzetinə istinadla xəbər verir ki, Əhmədinejad və onun başçılıq etdiyi İran nümayəndə heyəti prezidentin bu hərəkətindən ciddi narahat olub.
Braziliya mediası Russefin İran prezidentinin təkbətək görüşmək xahişini rədd etməsini Rio-de-Janeyroda Əhmədinejada qarşı keçirilən etiraz aksiyası, İran prezidentinin antisemit mövqeyi və vaxtaşırı Xolokostu inkar etməsi ilə əlaqədar olduğunu vurğulayır.
Əhmədinejad BMT-nin təşəbbüsü ilə iyunun 20-dən 22-ə qədər Rio-de-Janeyroda “Davamlı inkişaf” mövzusunda keçiriləcək beynəlxalq konfransa qatılmaq üçün Braziliyaya səfər edib. Bir çox dövlət başçısının iştirakı ilə keçiriləcək toplantıda dünyada yaşıllığın qorunub saxlanması yolları, ətraf mühit və yoxsulluğun aradan qaldırılması məsələləri müzakirə ediləcək.
İyunun 18-də minlərlə braziliyalının iştirakı ilə Əhmədinejadın bu ölkəyə səfərinə etiraz olaraq aksiya keçirilib. Aksiyaya hüquq müdafiəçiləri, yerli yəhudilər və cinsi azlıq nümayəndələri qatılıblar. Əllərində ingilis dilində yazılmış plakatlar gəzdirən aksiyaçılar “Əhmədinejad Braziliyaya gəlmə”, “Əhmədinejad Braziliyaya xoş gəlməmisən”, “İranlılar, biz sizi sevirik” və digər şüarlar səsləndiriblər və İran prezidentinin bu ölkəyə səfərinin ləğv olunmasını tələb ediblər.
Braziliyada dini təəssübkeşliyə qarşı mübarizə komitəsinin təmsilçisi İvanir dos Santos jurnalistlərə açıqlamasında Əhmədinejadın insanlar arasında dini nifrəti qızışdırdığını deyib: “Biz istəyirik dünya bilsin ki, dini və məzhəbi nifrət ətraf mühitə mənfi təsir buraxır. Əhmədinejad belə bir nifrətin nümayəndəsidir”.