Siyasi qələbə üçün əsas nə lazımdır?

Misir seçimini etdi. Rəqiblər nəticələrin hələ ilkin xarakter daşıdığını, rəsmi dairələr isə yekun məlumatın bir -iki günə elan ediləcəyini desələr də artıq
“Müsəlman qardaşları” seçkini udduqlarını bəyan ediblər. Bəri başdan onu qeyd edim ki, ilkin nəticələrə görə seçkini müxalifət udub, hakimiyyətdəkilər isə uduzublar. Bu o deməkdir ki, Misirdə seçkini saxtalaşdırmırlar. Düzdür, hər şey seçkinin nəticələri rəsmi elan olunandan və hamının o nəticələri öz maraqlarına rəğmən tanımasından sonra bəlli olacaq. Onda bilinəcək ki, bu ölkədə siyasi qüvvələr udmağı və uduzmağı bacarırlar, ya yox?! Digər detal isə budur ki, seçkini dini qüvvələr udublar. Mən də hamı ki, bu fenomenin o qədər də bilicisi deyiləm, onun səbəblərini göstərməkdə acizəm. Lakin burada iki nüansı qeyd etmək istərdim. Birincisi, Şərq ölkələrinin hamısında dünyəvi və dinc siyasi qüvvələrin fəaliyyət imkanları məhduddur, dini siyasi qüvvələr ekstremal mübarizə şəraitinə daha tez alışırlar, radikal mübarizəni daha tez əxz edirlər. Ikincisi, “Müsəlman qardaşları” 1928-ci ildə yaranıb. O vaxtdan 84 il ötüb. 84 ildən sonra bu siyasi qüvvə qalib gəlib. Burada böyük mübarizə əzmini görməmək mümkün deyil. Dünya təcrübəsində bu cür, düz 84 il mübarizə aparan siyasi qüvvələr o qədər də çox deyil. Bir əsr. Söhbət, bəli, təxminən bir əsrdən gedir. Bir əsr ərzində onlar konspiroloji mübarizə üsullarını mənimsəyib və ekstremal şəraitə alışıblar. Indi qalib siyasi qüvvə, dinçilər də dünyəvi dövlət tərəfdarı olduqlarını, lakin ölkəni şəriət qaydaları ilə idarə edəcəklərini bildirirlər. Doğrusu, dünyəviliklə şəriətin uzlaşması bir o qədər də real görünmür və mən praktikada buna necə nail olunacağını bir o qədər də yaxşı təsəvvür etmirəm. Tələsməyək. Görək, daha bir şərq ölkəsi öz inkişafında hansı səmtə yönələcək…
Rusiya müxalifətçiləri birləşir!
Putin-Medvedvev tandemi ölkədə siyasi partiyaların qeydiyyatını asan duruma gətirən qərarlar verəndə zənn edirdilər ki, bununla müxalifət partiya və qurumları xırdalanacaq. Lakin ötən dəfə eşitdik ki, əksinə iki böyük qrup birləşib və bir partiya yaratdıqlarını bəyan ediblər. Amma mən bunda yenilik və ümid üçün əsas görmürəm. Rusiyanın müxalif siyasi elitası əhalini yorub və bu insanların böyük siyasi perspektivi yoxdur, çünki insanlar ədalətsizlik dolu özəlləşdirməni, 90-cı illərin əvvəllərinə xas olan xaosu və özbaşnalığı bu insanların adı ilə bağlayırlar. Daha yaxşı olardı ki, onlar böyuk ambisiya və iddialardan əl çəkəydilər, bir vətəndaş kimi demokratiya və azadlıq üçün mübarizə aparaydılar. Ictimai rəyi zorla dəyişmək mümkün deyil. Hər dəfə o ölkə ilə bağlı siyasi analizləri oxuyanda B.Nemtsovun adına rast gəlirəm. Bu adama siyasi fəallıq üçün minnətdarlıq etmək olar. Sağ olsun! Dayanmır və mübarizə aparır! Amma mən onun böyük perspektivinə inanmıram. Onlara “kart-blanş” verilmişdi. Amma onlar bunu qiymətləndirmədi. Nə liberal tək liberal oldular, nə də mühafizəkar tək mühafizəkar! Indi isə tamam başqa bir dövrdür. 90-cı illərin siyasətçilərinin bir hissəsi tamam kənara çəkildi. Ona görə onları qınamaq lazım deyil, əksinə alqışlamaq lazımdır ki, missiyalarını başa vurmuş hesab etdilər. Amma burada bir nüans var. Demokratik şərait siyasi liderlərin yetişməsi üçün münbit olur. Putin dövründəki Rusiyada bu cür liderlərin yetişməsi qeyri-mümkündür. Bunu etiraf edirik. Amma bəzən siyasi liderləri qışqırıqçılardan, hay-küy salanlardan ayırmaq lazımdır. Onu da qeyd etmək lazımdır ki, 80-ci illərin sonunda, 90-cı illərin əvvəllərində meydana çıxan “liderlər”in bir hissəsi sadəcə hay-küyçü idi. Indi Rusiya bir daha həmin dəstəni saf-çürük edir. Bizə isə nəticəni gözləmək lazım gəlir.
Kiçik sözardı
Yazının böyük hissəsi xaricə həsr olundu. Amma bu problem deyil. Bir qayda olaraq xaricdən yazanda da fikrimdə özümüzü tuturam, fərqli prizma və güzgüdən özümüzə baxmağa cəhd edirəm. Siyasi qələbə üçün nə lazım gəlir? Mübarizə əzmi! Siyasi inadkarlıq və fədakarlıq! Bunlar varsa, qələbə o qədər də uzaqda olmayacaq…