Professoru şillələyən nazir balasına eşq olsun!

Bakı Dövlət Universitetinin Mais Əliyev adlı professoru artıq Azərbaycan cəmiyyətində xeyli məşhurlaşıb. Niyə? Adam durub-durub bu yaşında birdən-birə nə təhər oldu ki, populyarlaşdı?
Düşünürsünüz ki, adamın adı-sanı inqilabi elmi kəşflərinə, yaxud yetişdirdiyi tələbələrin dünyanı ayağa qaldırdığına görə dillərə düşüb?
Yox, canım, narahat olmayın, həyəcanlanmayın, özünüzə gəlin… – ona görə deyil! Ramiz Mehdiyevin akademiklik etdiyi Azərbaycan elmində yaxın illərdə alim adlarının kəşflərə görə dilə-dişə düşməsi şəxsən Isa Məsihin bacarmayacağı bir möcüzədir…
Professor Azərbaycan üçün sadə, adi və adına layiq bir səbəbə görə məşhurlaşıb: Müdafiə Sənayesi naziri Yavər Camalovun naməlum oğlu məlum professoru şillələməklə onu xalqa tanıdıb.
Belə bir hadisə baş veribsə, harınlıq, qudurğanlıq və tərbiyəsizlik əlamətidir. “Hər bir valideynin övladına qoyduğu ən böyük var-dövlət gözəl tərbiyədir” deyib Imam Əli. Belə görünür ki, Yavər Camalovun müdafiə sənayesinin başına daş salmağa başı qarışdığından, övladına var-dövlət düzəltmək barədə düşünməyib və yaxud MSN-dəki korrupsiya faktlarını ictimaiyyətə açıqladığına görə bir şöbənin işçilərini tamamilə işdən qovmağa girişən hörmətli nazir “övlada var-dövlət qoymaq” deyəndə təmsil olunduğu komandanın mənəvi-psixoloji durumuna uyğun olaraq Dubayda villa almağı, xarici banklarda şəxsi hesab açmağı, oğlunun ayı ətinə tamah salmasına qədər divlərə xas inkişaf etməsini düşünür. Yoxsa, hansı tərbiyəli gəncin müəllim bir yana, özündən yaşlı adamı şillələməyə əli qalxar?
Bu, məsələnin ayrı tərəfidir, – indisə keçək hörmətli professora! Azərbaycanın təhsil müəssisələri içərisində xüsusi çəkisi olan Bakı Dövlət Universitetinin müəllimi Mais Əliyevin ata Camalovdan 30 min manat pul alması səbəbindən oğul Camalovun “şillə-qapazını” məmnuniyyətlə həzm etdiyi barədə hələlik təkzib olunmayan məlumat yayılıb.
Hə… deyəsən, hər şey elə bu məqamdan başlayır, axı! Əgər bir müəllim auditoriyanın içində, tələbələrinin gözü qarşısında bir gəncin təpiklərini hansısa “mükafat” qarşılığında öpürsə, bu biabırçılığın bioqrafiyasına yazılmasına razı olursa, sonra da heç nə baş verməyibmiş kimi gözlərinin qarşısında döyüldüyü tələbələrin üzünə çıxıb, hətta onlara dərs deməyə davam edirsə… Yavər Camalovun oğlu əcəb eləyib, əsl kişilik göstərib, qoluna qüvvət! Onun yerində olsam, həmin professoru auditoriyada yox, bu dəfə BDU-nun qabağında çığnayaram. Pulla deyilmi? Professorun auditoriyadakı ləyaqəti və təpik yemə haqqı 30 mindirsə, yəqin BDU-nun həyətində sürünməyi də ən uzağı 50 min olacaq. Cəhənnəmə, verərəm o pulu, adamın ləyaqətini bütün universitetə göstərərəm – olmasın tankın bir lüləsi, ermənilərin öhdəsindən “lüləsiz də” gələrik!..
Bu, artıq Yavər Camalovun övladına verdiyi naqis tərbiyənin nəticəsi deyil, Y.Camalovun oğlunun naqis cəmiyyətdə yaşamasının göstəricisidir.
Həzrət Əli deyirdi ki, uşaqlar ata-analarından daha çox, yaşadıqları zamana oxşayırlar. Yavər Camalovun, ya qeyrisinin övladı bu yekəlikdə universitetin o yekəlikdə professorundan hansı əxlaq, hansı tərbiyə, hansı cəsarət öyrənəcək? Elə bu professorlar deyilmi cəmiyyəti şikəst edən, şikəstlər ordusu yetişdirən?
Y.Camalovun oğlu bilsəydi ki, hansısa müəllim – rüşvət almır, öz ləyaqətini hər şeydən uca tutur, tələbələrinə ata kimi davranır, onun dərs dediyi auditoriyaya girməyə cəsarət edərdimi?
Bu hakimiyyət bilsəydi ki, cəmiyyətin ayrı-ayrı fərdlərinin ləyaqətini satın almaq, onları pul və vəzifə qarşılığında yalaq və yaltaqlığa məcbur etmək mümkün deyil, bu boyda allahsızlığı, talançılığı, riyanı, yalanı dövlət siyasətinə çevirməyə çalışardımı?
Öz qürurunu və şərəfini “beş-on quruşa” satan mənəviyyatsız dəllallar olmasaydı, hakimiyyət hər bir fərdə “potensial satlıq mal” kimi baxmağa vərdiş edə, tək-tük, nadir imtinanı gördükdə isə quduza dönərdimi?
Bu əxlaqı daşıyanlar hələ də seçkidə “beş quruş” müqabilində 5 illik həyatını qurban verirsə; imansızlar hələ də “işi itirmək” qorxusu ilə Allahı şeytana satırlarsa; cəmiyyət hələ də rüşvətxor, korrupsioner yaramazlara yuxarıdan aşağı baxmaq əvəzinə, onların qarşısında yer öpürsə.., əlbəttə ki, tiraniya bildiyini edəcək!