Makkeyn Rusiyanın Əsədə niyə dəstək verdiyini açıqladı

“Rusiya “Ərəb baharı”nın Çeçenistana sıçrayacağından qorxur”

Bəşər Əsəd rejiminə siyasi və hərbi dəstəyə görə Rusiyaya ünvanlanan sərt ittihamlar davamlı xarakter alıb. Bir müddət öncə ABŞ dövlət katibi Hillari Klintonun Suriya rejiminə dəstək verməsinə görə Rusiya hakimiyyətini günahlandırmasından sonra Putinə qarşı sərt mövqeyiylə tanınan respublikaçı senator Con Makkeyn də Kremli Bəşər Əsədə hərbi yardımda ittiham edib.

“The Washington Times” qəzetinə açıqlama verən senatorun sözlərinə görə, Rusiya Suriyaya göyərtəsində dəniz piyadalarının olduğu hərbi gəmiylə yanaşı raket əleyhinə müdafiə sistemləri də göndərib. Makkeyn deyib ki, Rusiya Bəşər Əsədin hakimiyyətdə qalması və xalqa qarşı zorakılıqları artırmasına şərait yaradır. Respublikaçı senator Rusiyanı saxta mübarizə aparmaqda günahlandırıb. ABŞ prezidentliyinə keçmiş namizəd beynəlxalq birliyin Suriyaya yönəlik hərbi müdaxiləyə bir an öncə başlamalı olduğunu da vurğulayıb. O, müddət uzandıqca Bəşər Əsəd rejiminin zorakılıqları artırmasına yola açdığını bildirib.

Makkeyn “American Enterprise Institute” adlı strateji araşdırmalar mərkəzində çıxışı zamanı isə Suriyaya hərbi müdaxilə üçün ABŞ-ın liderliyində bir beynəlxalq koalisiyanın yaradılmasının lazım olduğunu söyləyib. Makkeyn Rusiya və Çinin BMT TŞ-dakı veto hüququndan yayınmaq üçün Suriyaya hərbi müdaxilə istiqamətində qanuni səlahiyyətə sahib könüllü ölkələr koalisiyasının yaradılmasını təklif edib. Respublikaçı senator Obama administrasiyasını Suriya siyasətini də tənqid edib. Onun sözlərinə görə, Obama administrasiyasının ləng hərəkət etməsi Bəşər Əsədin şiddəti artırmasına yol açır.

ABŞ-ın Suriya məsələsində təcili hərəkətə keçməli olduğunu vurğulayan Makkeyn bunun baş tutmayacağı təqdirdə Suriyanın Yaxın Şərqin mərkəzində, həm İsrail həm də, Türkiyəni təhdid edən dövlət halına gələcəyini bildirib. Senator ABŞ-ın ərəb və avropalı müttəfiqlərlə, xüsusilə də Türkiyə və Körfəz ölkələriylə sıx əməkdaşlıq etməli olduğunu deyib. Makkeyn Rusiyanın Əsəd rejiminə dəstəyinin səbəbini də açıqlayıb. Onun fikrincə, Rusiya “Ərəb Baharı”nın Çeçenistan kimi bölgələrə yayılmasından qorxduğu üçün Bəşər Əsəd rejiminə dəstək verir.

azadliq.info