Bakı meri postuna yeni iddialı

Paşayevlər Abutalıbovun yerinə öz adamları olan bir xanımı təyin etdirmək istəyir

“Qış bulvarı” layihəsilə bağlı qəzetimizin veb-səhifəsinin şərh bölümünə maraqlı məlumat yazılıb. Həmin məlumatda bildirilir ki, bu məsələdə Bakı meri Hacıbala Abutalıbovun canfəşanlıq etməsi təsadüfi deyil. Məsələ burasındadır ki, layihənin icrası merin qardaşı Osman Abutalıbova tapşırılıb. O, bu bulvarın tikintisini əslən Naxçıvandan olan Məmməd Mahmudov adlı bir iş adamı ilə birgə aparacaq.
Məlumatda həmçinin qeyd edilir ki, “Qış bulvarı” layihəsində adı daha çox hallanan Bakı şəhər Icra Hakimiyyəti Başçısı Aparatının Nəzarət şöbəsinin müdiri Zülfəli Ismayılov bu vəzifəyə faktiki olaraq meriyanı idarə edən Nərminə Isaqovanın dəstəyilə gəlib. Əvvəllər isə bu vəzifədə elmlər doktoru Arzu Məmmədov çalışıb.
Yeri gəlmişkən, “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, Nərminə Isaqovanın Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyin edilməsi barədə “yuxarılar”da müzakirələr gedir. Oxucuların diqqətinə çatdıraq ki, Hacıbala Abutalıbovun əvəzlənməsi məsələsi bir müddətdir ki, gündəmə gəlib. Bu vəzifə uğrunda hakimiyyətdaxili qruplar arasında amansız mübarizə gedir. Bu posta fövqəladə hallar naziri Kəmaləddin Heydərov yaxın çevrəsinə daxil olan Qaradağın icra başçısı Süleyman Mikayılovu, nəqliyyat naziri Ziya Məmmədov yaxın adamı, Nəsiminin icra başçısı Nəsib Məhməliyevi, Bəylər Əyyubov isə Gəncənin icra başçısı Elmar Vəliyevi təyin etdirmək uğrunda mübarizə aparırlar. Paşayevlər Sumqayıtın icra başçısı Eldar Əzizovu bu posta  təyin etdirməyə çalışırdılar. Lakin onlar namizədlərini Nərminə Isaqova ilə əvəz ediblər. Bildiridiyinə görə, onsuz da BŞİH-in faktiki rəhbəri olan bu xanımın Abutalıbovun yerinə təyin edilməsi məsələsi demək olar ki, həll edilib.

Hikmət