İrandan qonşu ölkələri narahat edəcək bəyanat

İranın kəşfiyyat şefi deyib ki, nüvə alimlərinin qətli üçün qonşu ölkələrdən birinin ərazisindən istifadə olunub

İran kəşfiyyatının – ETTELAAT-ın rəhbəri Heydər Moslehi iyunun 17-də jurnalistlərə açıqlamasında ölkənin nüvə alimlərinin öldürülməsində iştirakı olan 20 nəfərin tutulduğunu bildirib. “Media forum” saytının məlumatına görə, tutulanların kimliyi haqda açıqlama verməyən Moslehi saxlanılanlara qarşı irəli sürülən ittihamlara toxunub: “Hazırda həmin şəxslərin işi araşdırılır. Onlara qarşı irəli sürülən ittihamların sübuta yetirilməsi üçün bir az vaxt lazımdır. Ümumi şəkildə onu deyə bilərəm ki, tutulanlara qarşı irəli sürülən ittihamlar ETTELLAAT-ın məsələ ilə bağlı son bəyanatında göstərilənlərdən qat-qat çoxdur.

Biz nüvə alimi Məsud Əliməhəmmədini qətlə yetirən terrorçu şəbəkənin əsas üzvünü – Məcid Camali Fəşini tutsaq da, şəbəkənin digər üzvlərini tuta bilməmişdik. Lakin geniş axtarış əməliyyatları nəticəsində Məcid Camali Fəşinin terror şəbəkəsində fəaliyyət göstərən bir sıra adamları tuta bildik”.

Moslehi deyib ki, ABŞ, Böyük Britaniya və İsrail nüvə alimlərini qətlə yetirmək üçün İranla qonşu olan ölkələrdən birinin ərazisindən istifadə ediblər: “Əlbəttə, əminik ki, terrorçuluq işləri həmin qonşu ölkə hökumətinin icazəsi ilə aparılmayıb, qonşu ölkənin hökuməti bu işlərdən xəbərsiz olub. Əldə etdiyimiz məlumatlara görə, terrorçular həmin qonşu ölkənin ərazisindən işğal olunmuş ərazilərə (İsrail nəzərdə tutulur – “Media forum”) gedib-gəlmək, silah və partlayıcı maddə daşımaq üçün istifadə ediblər.

Bu, acı bir gerçəklikdir və hökumətlər bu problemə çarə tapmalıdır. Heç bir qonşu belə vəziyyətə dözməz. Əlbəttə, bundan əvvəl də Amerika, Böyük Britaniya və İsraildən ibarət xəbis üçbucağın bir sıra qonşu ölkələrin ərazisindən istifadə etdiyi bəlli idi. Artıq qərara almışıq ki, indən belə bu kimi hallarla bağlı tədbir görək, lazımi xəbərdarlıqları çatdıraq”.

İranın nüvə alimi Məsud Əliməhəmmədi 2010-cu il yanvarın 12-də Tehranda qətlə yetirilib. Bu qətlə görə edama məhkum edilən Məcid Camali Fəşi mayın 15-də Tehranda dar ağacından asılıb.