Bakıda münasib yer ayrılmadığını deyib qurultayını Gürcüstanda keçirmək istəyən Müsavat rəhbərliyi Tiflisə gedir. Partiyanın başqan müavini Gülağa Aslanlı “Media forum” saytına deyib ki, Gürcüstana yola düşüblər: “Hazırda Qaxda müsavatçı Seyidəli Məmmədlinin qardaşı oğlunun yasındayıq. Az sonra Gürcüstana yola düşəcəyik”.
Müsavat rəhbərliyi iyunun 19-da Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Fətəli Xan Xoyskinin vəfatının 92-ci ildönümü münasibətilə onun məzarını ziyarət edəcək, Tiflisdə keçiriləcək anım tədbirlərinə qatılacaq.
Gürcüstana gedən nümayəndə heyətinə Müsavat başqanı İsa Qəmbər, başqan müavinləri Tofiq Yaqublu, Gülağa Aslanlı, Məclis sədri Arzu Səmədbəyli, Divan üzvləri Nüşabə Sadıqlı, Almaz Əliqızı, Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqlı və başqa şəxslər daxildir.
Gülağa Aslanı bildirib ki, Müsavat nümayəndə heyəti Tiflisdə bir sıra görüşlər keçirəcək, müzakirələr aparacaq: “Bu səfərin Müsavatın qurultayı ilə bağlılığı da var. Müsavatın qurultayının Gürcüstanda keçirilməsi məsələsini də müzakirə edəcəyik”.