Cəbhəçi gənclər tariximizin “tozunu sildi”

Milli Azadlıq Hərəkatı və AXCP-nin tarixi rolu haqda gənc fəallara məlumat verildi

AXCP Gənclər Komitəsi Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında “Milli Azadlıq Hərəkatı və AXCP-nin tarixi rolu” adlı tədbir keçirib. Tədbirdə əsasən partiyaya yeni qoşulan gənclər iştirak edib. Tədbirin qonaqları, istiqlalçı deputat İbrahim İbrahimli Milli Azadlıq Hərəkatından, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bu təşkilatın Azərbaycanın yaxın siyasi tarixində rolundan danışıb.

Tədbirin aparıcısı AXCP Gənclər Komitəsi üzvü Xanım Mustafayeva olub. 

İlk çıxış edən İbrahim İbrahimli gənclərə Azərbaycan xalqının taleyinə biganə qalmadıqları və fəal vətəndaşlıq nümunəsi yaratdıqları üçün təşəkkür edib. O, Azərbaycan Xalq Cumhuriyyətinin şərqdə ilk demokratik dövlət olaraq yaranmasından, onun süqutuna səbəb olan tarixi amillərdən, Cümhuriyyətin qurucusu Rəsulzadənin və silahdaşlarının başına gələnlərdən danışıb. İbrahimli daha sonra 1988-ci ildə başlayan Meydan Hərəkatından, bu hərəkatın Azərbaycana ikinci dəfə müstəqillik qazandırmasından bəhs edib, hərəkatda gənclərin tutduğu yer və oynadığı rolu qeyd edib.

Sonrakı məruzəçi Fuad Qəhrəmanlı isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının yaranma tarixindən, onun məram və məqsədlərindən, gənclərin partiyadakı rolunun önəmliliyindən söz açıb. O, Elçibəy hakimiyyətinin Azərbaycan xalqına bəxş etdiyi demokratiyadan, Heydər Əliyevin hansı üsullarla hakimiyyətə gəlməsindən, bu rejimdən qurtulmağın vacibliyindən və yollarından danışıb.

Sonda məruzəçilər tədbir iştirakçılarının suallarına cavab veriblər.

Bəyim Həsənli