Məmurların əhaliyə kondisioner vədi söz olaraq qalır…
Havanın temperaturu son günlər artan xətlə davam edir. Bu baxımdan ictimai nəqliyyatda vəziyyət dözülməz həddə çatıb. Məsələ burasındadır ki, Nəqliyyat Nazirliyinin əhaliyə bəh-bəhlə “müasir, Avropa standartlarına uyğun avtobuslar” kimi təqdim elədiyi nəqliyyat vasitələri sadalanan göstəricilərdən çox uzaqdır.
Nəqliyyat nazirinin tez-tez misal çəkdiyi Avropa ölkələrindəki avtobuslarda qış üçün isitmə sistemi, yay üçün də kondisionerlər var. Özü də nəinki avtobuslarda, hətta bəzi ölkələrdə dayanacaqlarda da…
Paytaxt Bakıdakı sərnişin avtobuslarında isə bu qızmar yay günlərində nəinki kondisioner yoxdur, üstəlik, zir-zibil, toz-torpaq insanların nəfəsini kəsir.
Bir müddət əvvəl Bakıya gətirilən və sərnişindaşımada daha çox istifadə olunan Koreyanın “Daewoo” markalı avtobuslarında açılan pəncərələr də yuxarıda yerləşdiyindən və kiçik olduğundan salon həddindən artıq bürkü olur. Onu da nəzərə almaq lazımdır ki, Bakıda ictimai nəqliyyatda sərnişinlərin sayı əksər hallarda çox sıx olur.
Düzdür, ictimai nəqliyyatda Türkiyə və Avropa istehsalı olan bəzi marşrut avtobusları da var ki, onlarda kondisioner olsa da, sürücülər onları ümumiyyətlə, işlətmirlər.
Yeri gəlmişkən, avtobuslarda sürücülər qızmar yay günlərində salondakı dözülməz vəziyyətdən maraqlı çıxış yolu tapıblar – hərəkət zamanı avtobusun qapısını açıq qoymaq. Təbii ki, bu, təhlükəlidir.
Söhbətləşdiyimiz sürücülər deyirlər ki, son illərdə Bakıya gətirilən 2000-dən çox iritutumlu avtobuslarda kondisioner yoxdur. Hazırda marşrut xəttində olan avtobusların bəzilərində kondisioner var ki, benzini çox “içdiyinə” görə ondan da istifadə eləmirlər: “Gündəlik təxminən 180-200 manatlıq plan qoyublar. Biz bunun planını çatdıraq, benzinini çatdıraq, arayış pulunu, dispetçer pulunu çatdıraq? Özləri fikirləşsinlər ki, həm sürücülər, həm də vətəndaşlar yazıqdır axı. Məgər bizə xoşdur istidən ”bişmək”? Camaat necə əziyyət çəkirsə, biz də onlarla eyni vəziyyətdəyik”.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, Bakıya yeni gətirilən avtobusların bəzilərində kondisioner var. Onun sözlərinə görə, “MAN” markalı sərnişin avtobusları kondisionerlə təchiz olunub. Köhnə avtobuslar isə nəfəslik sistemi ilə işləyir. Marşrut avtobuslarında sərnişinlərin hava alması üçün nəfəsliklər var. Onun fikrincə, avtobusun havalandırılması üçün nəfəsliklər kifayət edir.
“Şəhər nəqliyyatında nəfəslik hissəsi olur. Yəni pəncərələrinin yuxarı hissəsində xüsusi nəfəsliklər olur. Bəzən sərinkeşlərdən istifadə edilir. Şəhərlərdə kondisioner sistemi özünü doğrultmur. Çünki avtobusun qapıları tez-tez açılıb-bağlanır. Ona görə də, kondisionerdən istifadə etmək effekt vermir. Amma şəhərlərarası, uzaq yol gedən avtobuslar üçün kondisionerlər var”, – deyə Namiq Həsənov “anspress”ə açıqlamasında bildirib.
Mətbuat katibi onu da əlavə edib ki, avtobuslar hərəkət edərkən qapıları açıq saxlamaması üçün nazirlik tərəfindən reydlər keçirilir.
Avtobuslarla yaranmış vəziyyətlə bağlı qeyd etdiklərimiz metroya da aiddir. Metropolitenin rəisi Tağı Əhmədov hələ aylar öncə metro vaqonlarında kondisionerlərin quraşdırılacağı vədini versə də, göründüyü kimi, deyilənlər elə söz olaraq qalıb.
Ramin DEKO