Qiyamçılarla döyüşən və əsir düşən zabitin “Azadlıq”a danışdıqları…
Polkovnik Əzizağa Süleymanov Gəncə qiyamı ilə bağlı çoxlarının bilmədiklərini açıqlayır
1993-cü ildə Elçibəy hakimiyyətinin devrilməsilə nəticələnən Gəncə qiyamına dair yazılarımızı daha bir maraqlı materialla davam etdiririk. Bu dəfə sizi Gəncə qiyamının canlı şahidi, Milli Qvardiyanı yaradan ilk adamlardan biri olan polkovnik Əzizağa Süleymanovun xatirələrilə tanış edirik. Qərara gəldik ki, onun danışdıqlarını elə öz dilindən təqdim edək…
“4 iyun 1993-cü il… Artıq hava qaralmaq üzrə idi. Hərbi hissəyə yaxın məsafədən qəfildən şiddətli avtomat səsi eşidildi. Keşiyimizi çəkən əsgərlər ora-bura qaçmağa başladılar. Elə bildik ki, hərbi hissələrdən hansısa bizi azad etmək üçün hücuma keçib. Dəhşətli insan naləsi hər yeri bürümüşdü. Dəhlizlə qaçan hərbçilərdən biri bildirdi ki, qvardiyaçıları Goranboy taborunun uşaqları və gəncəli mülki adamlar güllələdilər. Çöldə maşında olub güllələnənlərin içində sağ qalan qvardiyaçıları da qapını açıb, yanımıza salmışdılar. Bu zaman yaxından daha bir aramsız atəş səsi eşidildi. Hərbi hissədə bizə qonşu hərbi kazarmada saxlanılan qvardiyaçıların bir hissəsi bu qarışıqlıqdan istifadə edərək kazarmanın arxa pəncərəsini açıb qaça bildilər. Bir güllə səsi də yaxından eşidildi.
Keşiyimizi çəkən əsgərdən soruşduq ki, nə baş verir? O bildirdi ki, bir Milli Qvardiyaçı bizə tabe olmayıb özünü öldürdü. Həmin şəxs Gəncənin futbol komandasında “Ziko” ləqəbli məşhur futbolçu, Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsində xidmət edən qvardiyaçı Ismayılov Kamaləddin Rəhim oğlu idi. Yanımıza salınan qvardiyaçılardan çöldə nə baş verdiyini soruşdum. Onların cavabı belə oldu: “Komandir, sizi Surət Hüseynovun adamları əsir götürəndən sonra hər tərəfdən axışıb gəldilər. Elə bil sizin tutulmağınız barədə onlara kimsə məlumat vermişdi. Sizdən sonra bizə heç kim rəhbərlik edə bilməmişdi. Komandanın başı danışıqlara qarışmışdı. Sizin əsir götürülməyiniz ona çox pis təsir etmişdi. O, sizi onların yanına göndərməyinin peşmançılığını çəkirdi. ”Böyük səhv etdim”, deyirdi”.
Bu arada, onların qabağına çıxa biləcək bir şəxsin olmadığını hiss edən surətçilər danışıq zamanı baş prokuror Ixtiyar Şirinovun onlara təhvil verilməsini tələb edirdilər. Tahir Məmmədov isə baş prokurorun heç kimə təhvil verilməyəcəyini qəti şəkildə bildirirdi. Hər dəqiqə vəziyyət ağırlaşırdı. Surət Hüseynovun tərəfdarları isə baş prokuroru tələb edirdilər. Vəziyyətin çıxılmaz olduğunu hiss edən Tahir Məmmədov Ixtiyar Şirinovu gizli yolla Milli Təhlükəsizlik Nazirliyinin Gəncədəki inzibati binasının ərazisindən çıxarmaq qərarına gəlmişdi. Milli Qvardiyanın iki nəfər xüsusi təyinatlı dəstəsinin üzvü olan Əlizadə Tərlan Aydın oğlu və Rəfiyev Elgün Qoca oğlu Ixtiyar Şirinovu inzibati binadan maneəsiz çıxarmışdı. Sonradan aldığımız məlumata əsasən, Ixtiyar Şirinov təhlükəsiz yerdə olduğunu hiss edib, onu müşayiət edən Milli Qvardiyaçıların xidmətlərindən imtina edir. Onları geri qaytararaq, özü naməlum istiqamətdə hərəkət edir.
Qiyamçıların namərd hücumu
Surət Hüseynovun adamları ilə danışıq aparan Sülhəddin Əkbərov və Tahir Məmmədov onlarla belə razılığa gəlmişdilər ki, qvardiyaçılar və Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsi silahı təhvil vermədən maneəsiz şəhərdən çıxırlar. Birinci Milli Qvardiyanın “Mersedes” markalı avtobusuna qvardiyaçıların bir hissəsi minir və yola düşür. Ikinci böyük avtobus MTN-nin olur. Həmin avtobusa yerdə qalan hər iki silahlı qurumun əməkdaşları, başda Tahir Məmmədov olmaqla, 50-dən çox adam minir. Tahir Məmmədov yerdə heç bir əməkdaşının qalmadığına əmin olandan sonra özü avtobusun qabağında ayaq üstə durub, sürücüyə şəhərdən çıxmaq barədə göstəriş verir. Birinci avtobus ikinci avtobusdan bir az tez çıxaraq, Surət Hüseynovun şəxsən qərargah saldığı 709 saylı hərbi hissənin yaxınlığında silahlı pusquya düşür. Sonradan aldığımız məlumatlara görə, yol kənarında pusqu qurub duran silahlıların bir neçəsi Gəncədə qatı cinayətkar sayılan şəxslərlə yanaşı, həm də Goranboy taborunun milliyyətcə qarışıq olan 5-6 hərbi formalı üzvləri olur. Onlar birinci avtobusu atəş açmadan saxlayıb hərbi hissənin içinə sala bilirlər. Tahir Məmmədov olan ikinci avtobusun qarşısı göy rəngli “Jiquli” ilə kəsilir. Avtobusun sürücüsü maşını saxlayır. Bunu görən Tahir Məmmədov həmin sürücünü sükanın arxasından götürüb çölə atır. Avtobusun əsl sürücüsü olan MTN əməkdaşı tez avtobusun sükanı arxasına keçib, yolu kəsən “Jiquli”ni vuraraq, yolun Gəncəyə girişi istiqamətdə hərəkət edir. Bu zaman avtobusun qabağına qəflətən çıxan ağ “masxalatlı” hərbçi əlindəki avtomatın altında quraşdırılmış qumbara ilə avtobusu öndən vurur. Avtobus dayanan kimi, onun sağ və solunda gizlənən ağ “masxalatlılar” onu avtomat atəşinə tutur. Ilk güllə Tahir Məmmədovun başına dəyir. O, müqavimətini saxlaya bilməyərək, atəş zamanı mərmi və güllədən çilik-çilik olmuş ön şüşəsindən avtobusun qabağına düşür. Avtobusun sürücüsü isə sükanın arxasındaca keçinir.
Bu dəhşətləri unutmayın!
…Amansızlıqla və qəddarcasına hazırlanmış bu terror aktı zamanı 13 nəfər yerincədə ölür, 10 nəfərdən çox əməkdaş ağır güllə yarası alır. Avtobusdan salamat çıxan karate üzrə respublika və Avropa çempionu, qvardiyaçı Hüseynov Firdovsi Hüseyn oğlu avtobusun yanında əlində tapançalı mülki formalıdan “bizi niyə güllələyirsiniz?”, deyə soruşduqda həmin şəxs atəş açır, onu güllə ilə başından vurur. Firdovsi yerindəcə keçinir. Güllə səsini və yaralanan insanların ah- naləsini eşidən Gəncə sakinləri bu vəhşi terror aktını görüb küçəyə tökülürlər. Evlərindən küçəyə çıxıb onlara tərəf gələn insan axınını görən, ermənilərdən qorxub döyüş bölgəsindən qaçıb fərarilik edən bu canilər törətdikləri qanlı cinayət hadisəsi yerindən qaçırlar.
Böyük insan qırğınının qarşısını alan sadə Gəncə vətəndaşları yaralı və ölənləri fədakarlıq edib xəstəxanaya yerləşdirirlər. Hadisə yerində olan yaralı və sağ qalan qvardiyaçılar, həmçinin Gəncənin sıravi vətəndaşları sonradan söyləyirdilər ki, atəşə tutulmuş avtobusun sağ və sol tərəfindəki oturacaqlarda ölən və yaralı qvardiyaçıların hər birinin bədənində ən azı, 10-15 güllə yarası vardı. Bu avtobusda olub güllə yarası alan, Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinin üzvü, leytenant Cabbarov Vilayət Həmid oğlunun bir qoluna 19 güllə dəymişdi. Milli Qvardiyanın başqa bir zabiti, leytenant Əzimov Rövşən Salman oğlunun ayağında güllə yarasından salamat yer yox idi.
Iki kilid ad
Bəli, qvardiyaçıların başına gələn bu müsibətli bəlanın bilavasitə səbəbkarlarının bir hissəsi başda alay komandiri Elmar Hüseynov və Milli Qvardiyanın qərargah rəisi Tariyel Nəsirov olmaqla, komandir heyətilə birlikdə mənimlə bərabər surətçilərin əsiri idilər. Bacarıqsızlıqlarının, satqınlıqlarının acı dadını yavaş-yavaş hiss edirdilər. Qvardiyaçıların güllələnməsi xəbərin eşitsək də, bir-iki nəfəri çıxmaq şərtilə, kimlərin ölüb, kimin yaralanmasından, xəbərimiz yox idi.
Təslimçilər aradan çıxır
4 iyun axşamını biz saxlanıldığımız əsgər yataqxanasında çarpayısız taxta döşəmənin üzərində ayaq üstə keçirtdik. Otağın darlığından, hərbçilərin çoxluğundan oturmağa belə, yer yox idi. Həmin gün bizə adi su içməyə də icazə verilməmişdi. Hərbi forma geymiş, sifətində narkomanlıq əlamətləri hiss edilən canilər bizə heyvana baxan kimi baxır, söyür, təhqir edirdilər. Bu nalayiq insanlar bizi təhqir edən zaman, hamı dönüb bir küncə qısılıb xısın-xısın söhbət edən, Milli Qvardiyanın komandan müavini, qərargah rəisi Nəsirov Tariyel Əli oğluna və Milli Qvardiyanın alay komandiri Elmar Knyaz oğlu Hüseynov tərəfə nifrətlə baxırdılar. Onlara yaxın məsafədə oturan qvardiyaçı Mübariz Abdullayev mənə yaxınlaşıb bildirdi ki, alay komandiri Elmar Hüseynov kimisə gözləyir. Gec gəldiklərindən narahat olduğunu Nəsirova bildirəndə eşidib.
Bir azdan bir hərbçi qapıya yaxınlaşdı. Bu, alay komandiri Elmar Hüseynovun yaxın qohumu, Surət Hüseynovun mühafizəçisi idi. Elmar Hüseynovla Tariyel Nəsirovu zirzəminin qapısına çağırıb çölə çıxartdılar. Onlar çölə çıxan kimi mən üzümü oradakılara dedim ki, gördünüzmü satqınçılıq necə olur? Buna görə də Milli Qvardiya bir güllə atmadan belə, surətçilərə təhvil verilib. Elmar Hüseynovla Tariyel Nəsirov 40-50 dəqiqədən sonra geri qayıtdılar. Onlar içəri girən kimi hamı dönüb mənə baxdı. Fikirləşirdim ki, indi onlarla aramda böyük mübahisə olacaq. Lakin bu belə olmadı. Onlar bizdən bir az da aralı çəkildilər, Elmar Hüseynov, Tariyel Nəsirov və Elmarın müavini, Milli Qvardiya alayının qərargah rəisi Zakir Ağayarov nə barədəsə gizlicə söhbət edirdilər. Elmar Hüseynov Surət Hüseynovla görüşüb bizim yanımıza gətiriləndən yarım saat sonra bizi bu hərbi hissənin qərargahına yaxın yeraltı sığınacaqdan çıxarıb, başqa bir yeraltı beton zirzəmiyə saldılar. Elmar Hüseynov və Tariyel Nəsirov da bizimlə idi. Təxminən bir saatdan sonra bizi saldıqları zirzəminin yanına Milli Qvardiyanın maşını gəldi. Maşını idarə edən isə Elmar Hüseynovun qohumu, Surət Hüseynovun mühafizəçisi idi. Tariyel Nəsirov və Elmar Hüseynov Milli Qvardiya alayının qərargah rəisi Zakir Ağayarovla görüşüb, “Niva” markalı maşınına oturub bizə bir söz demədən çıxıb getdilər. Bir daha geri qayıtmadılar. Mən Zakir Ağayarovdan soruşum ki, bəs siz nə əcəb getmədiniz? O, sualıma cavab olaraq bildirdi ki, sən məndən yaxşı bilirsən, məndən niyə soruşursan?
Vətən xainlərinin əsriliyindəydik
Həmin günü axşama yaxın biz saxlanıldığımız yerə bir dəstə hərbçi yaxınlaşdı. Onlar Azərbaycan ordusunda xidmət edən hərbçilərə oxşamırdılar. Sonradan öyrəndiymizə görə, göy beretli bu hərbçilər Rusiya Müdafiə Nazirliyinin əks-kəşfiyyat idarəsinin üzvləri imiş. Onları biz tanımasaq da, MTN-nin bizimlə birlikdə saxlanılan əməkdaşları tanıyırdılar. Işin tərsliyindən Gəncə şəhərində surətçilərin saxladığı MTN əməkdaşlarını da biz tanımırdıq. Surət Hüseynovun rəhbərlik etdiyi hərbçilər saxlanılan hərbçilərlə eyni forma geyinmişdi. Heç kimdə fərqləndirici nişan yox idi ki, kimin kimliyi müəyyən edilsin. Biz ölkə daxilində də o zaman birlikdə müəyyən tədbirlərdə iştirak etməmişdik ki, bir-birimizi tanıyaq. Yalnız 1993-cü ildə ölkə rəhbərliyinin Gəncəyə göndərilən Milli Qvardiyanın Xüsusi Təyinatlı Dəstəsinin üzvləri MTN-nin Xüsusi Təyinatlı Dəstəsinin əməkdaşlarını tanıya bilərdilər. Çünki Milli Qvardiyanın Xüsusi Təyinatlı Dəstəsi milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbərovun sərəncamına göndərilmişdi. Milli Qvardiya alayının şəxsi heyəti Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşını da üzdən tanımırdı.
Biz Surət Hüseynovun tərəfdaşları və dövlət rəhbərliyində xidmət edən, lakin qiyamçılarla gizli əlaqəsi olan xainlərin rəhbərliyi altında acınacaqlı vəziyyətə salınaraq, bir-birimizi tanımaq məcuburiyyətinə düşmüşdük. Bizi dövlət qiyamçısı Surət Hüseynovun əsiri edənlər, dövlətin dayağı olan iki güc sturukturunun əməkdaşlarının xidmət etdiyi, dövlətin bel sütunu sayılan, ölkə prezidentinin inanıb güvəndiyi vəzifə sahibi təyin elədiyi şəxslər, bilərəkdən və yaxud bilməyərəkdən bu günə salmışdılar. Bacarıqsız vəzifə sahiblərinin ucbatından vətən yolunda həyatını qurban verməyə hazır olan insanlar elə günə qalmışdılar ki, Vətən xainlərinin əsirlərinə çevrilib yer altında bir beton zirzəmidə bir-birlərilə tanış olurdular.
Natiq Güləhmədoğlu