i aliyev-h azimov

Günahkar İlham Əliyevdir

i aliyev-h azimovHacıbaba Əzimovun mənzilini ölkə başçısının sifarişilə Hacıbala Abutalıbov və onun işçiləri məhv edib

2011-ci il mayın 31-də professor, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov Əlimərdan Topçubaşov küçəsi, 62 ünvandakı memarlıq abidəsi olan binadakı 9/11 saylı mənzilinin zorakılıqla məhv edilməsi və mənzilin həqiqi bazar qiymətindən 3 dəfə az məbləğdə kompensasiya ödənilməsi ilə bağlı cavabdehlər Bakı Şəhər Icra Hakimiyyəti, Nəsimi Rayon Icra Hakimiyyəti, Nəsimi Rayon Polis Idarəsi və Zülfəli Üzeyir oğlu Ismayılova qarşı  dəymiş zərərin ödənilməsi barədə 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinə iddia ərizəsi verib. Lakin 2012-ci il fevralın 21-də cavabdehlərdən heç birinin nümayəndəsinin iştirak etmədiyi bir şəraitdə məhkəmə iddianın rədd edilməsi haqqında qərar qəbul edib. Odur ki, H.Əzimov həmin qərardan 18 aprel 2012-ci il tarixli apellyasiya şikayəti verib.

Məhkəməyə hörmətsizlik

Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının işlə bağlı keçirilən 30 may 2012-ci il tarixli iclasında cavabdeh tərəfdən heç kim iştirak etməyib və hətta məhkəməyə hörmətsizlik göstərərək iştirak etməmələrinin səbəbləri haqqında izahat verməyiblər. Buna görə də iddia tərəfi işə baxılmasında tərəflərin bərabərhüquqluluğunun gözlənilməsi və çəkişmə prinsipinə əməl olunması,  məhkəmə baxışında cavabdehlərin iştirakının təmin edilməsi, H.Abutalıbov və Z.Ismayılovun izahatının dinlənilməsi üçün məhkəmənin təxirə salınması barəsində, eyni zamanda dövlət başçısı I.Əliyevin dəfələrlə əmlakın satın alınması məsələlərinə müdaxilə etdiyini və ölkə qanunvericiliyinin tələblərinə zidd mülahizələr söylədiyini, bəyanatlar verdiyini nəzərə alaraq onun və ya onun nümayəndəsinin məhkəmədə izahatının dinlənilməsi və iddiaçının çıxışının audio yazılışının aparılmasına icazə verilməsi haqqında vəsatətlər verib. Məhkəmə sədri heç bir səbəb göstərmədən, qəsdən, tamamilə qərəzli olaraq audio yazılışa icazə verməyib. Halbuki, Inzibati Prosessual Məcəlləsinin 17.2 ci maddəsinə əsasən proses iştirakçıları və iclas zalında olan digər şəxslər iclasın gedişinə dair qeydlər apara, tərəflərdən hər hansı birinin vəsatətinə əsasən və ya məhkəmənin öz təşəbbüsünə əsasən məhkəmə iclasının audio yazılışına, video və foto çəkilişinə məhkəmə tərəfindən icazə verilə bilər.

Mer səlahiyyətlərini aşır

Bundan başqa H.Əzimov məhkəmə kollegiyasının iclasın başlandığı ilk andan iddia tərəfinə qarşı qərəzli mövqe nümayiş etdirdiyinə görə ona etirazını bildirib və işə yeni tərkibdə məhkəmə kollegiyası tərəfindən baxılmasını xahiş edib. Lakin kollegiya sədri H.Xəlilov hakimlər heyətinə etirazın yazılı şəkildə təqdim edilməsini tələb edib. Halbuki, Inzibati Prosessual Məcəlləsinin 19.2-ci maddəsinə görə iddiaçılar məhkəmə iclasının gedişində şifahi şəkildə də hakimə etiraz bildirə bilərlər. Buna baxmayaraq hakimə etiraz ərizəsi yazılması üçün iclasa fasilə verilib. Fasilədən sonra məhkəmə sədrinə yazılı şəkildə hakimlər heyətinə etiraz haqqında iddia tərəfinin ərizəsi təqdim edilməsinə  baxmayaraq, məhkəmə yenə də bu vəsatətə baxmayıb və içlası qeyri-müəyyən vaxtadək təxirə salıb.
Bunları nəzərə alaraq iddia tərəfi  Baki Şəhər Apellyasiya Məhkəməsinin Inzibati – Iqtisadi Kollegiyasina 11 iyun 2012-ci il tarixli yazılı vəsatət verib və xahiş edib ki, 1) 1 saylı Inzibati-Iqtisadi Məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən araşdırılmamış və qiymət verilməmiş əhəmiyyətli sayda sübutlar araşdırılsın və qiymətləndirilsin; 2) Ilkin iddia ərizəsində, apellyasiya şikayətində və 11 iyun 2012-ci il tarixli vəsatətdə göstərilən hallar və sübutlar, o cümlədən “MBA – LTD” şirkətinin ekspert rəyi və cavabdehlərin təzyiqi və qeyri-insani hərəkətləri nəticəsində iddiaçının səhhətinin kəskin şəkildə pisləşməsi araşdırılsın və qiymətləndirilsin; 3) Bakı Şəhər Icra Hakimiyyətinin Başçısı H.Abutalıbov öz səlahiyyətlərini aşaraq və ölkə qanunvericiliyinin, həm də Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq vətəndaşlara məxsus mülkiyyət üzərində 24 sentyabr 2008-ci il tarixli, 511 saylı qanunsuz sərəncam verdiyinə və Ərizəçinin mənzilini zorakılıqla məhv etdiyinə görə ondan izahat tələb edilsin; 4) Bakı Şəhər Icra Hakimiyyətinin Başçısı H.Abutalıbovdan və BŞIH-in katibliyinin rəhbəri Z.Ismayılovdan öz vəzifələrindən istifadə etməklə təkcə 2010-cu ildə 17 memarlıq abidəsini, o cümlədən Ərizəçinin yaşadığı binanı məhv etdiklərinə görə izahat tələb edilsin; 5) Ölkə başçısı  I.Əliyevin vəzifə səlahiyyətlərini aşaraq dəfələrlə dövlət müşavirələrindəki çıxışlarında ölkə vətəndaşlarının mülkiyyət hüquqlarının həyata keçirilməsinə müdaxilələr etdiyinə və əmlakın satın alınması ilə bağlı ölkə qanunvericiliyinin norma və prinsiplərinə zidd iddialar irəli sürdüyünə görə şahid qismində məhkəməyə çağırılaraq ifadə verməsi təmin edilsin.       

Ilham Əliyev qanunsuzluq edir

Lakin məhkəmə kollegiyasının 13 iyun 2012-ci il tarixinə təyin edilmiş növbəti iclasında da iddia tərəfinin 30 may və 11 iyun tarixli vəsatətləri və cavabdehlərin məhkəmə baxışında iştirakı təmin olunmadı.
Odur ki, yeni hal yarandığına və məhkəmə kollegiyasıın oz üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə qadir olmadığına, iddiaçılara qarşı qərəzli, ədalətsiz mövqe tutduğuna, işin nəticəsində maraqlı olduğunu açıqca nümayiş etdirdiyinə, məhkəmənin obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar yarandığına görə iddiçı tərəf hakim H.Xəlilovun sədrlik etdiyi hakimlər heyətinin apellyasiya şikayətinə baxılmasından kənarlaşdırılsı haqqında bir daha vəsatət verdi. Məhkəmə kollegiyası  bu vəsatəti də təmin etmədi.
Bundan sonra məhkəmə sədri H.Əzimova çıxış üçün söz verdi. H.Əzimov 1 saat 40 dəqiqə çəkən çıxışında təkzibedilməz faktlara, hüquq normalarına, dürüst dəlillərə istinad edərək cavabdehlərin, məhkəmələrin və I.Əliyevin əmlakın satın alınması bəhanəsi altında yol verdikləri qanunsuzluqlar, özbaşınalıqlar haqqında geniş şərh verdi. O, göstərdi ki, Bakı Şəhər Icra Hakimiyyətinin Başçısı H.Abutalıbov öz səlahiyyətlərini aşaraq və ölkə qanunvericiliyinin, həm də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq vətəndaşlara  məxsus mülkiyyət üzərində 24 sentyabr 2008-ci il tarixli, 511 saylı qanunsuz sərəncam vermiş və həmin sərəncam əsasında minlərlə mülkiyyətçiləri məcburi qaydada öz qanuni mülkiyyətlərindən məhrum etmiş, o cümlədən  onların iddiası üzrə başlanılmış məhkəmə prosesinin hələ başa çatdırılmadığı bir vaxtda, 2010-cu ilin dekabr ayında onlara məxsus mənzilin yerləşdiyi memarlıq abidəsini “dövlət satınalması” bəhanəsi altında məhv etmişdir.

Məhkəmə Əliyevin sifarişini yerinə yetirir

1 saylı Inzibati-Iqtisadi Məhkəməsi isə qərar qəbul edərkən Ərizəçilərin mənzillərinin ümumi sahəsinin və əmlakın real bazar qiymətinin qüvvədə olan hüquq normalarına müvafiq olaraq hesablanmamasına göz yummuşdur. Halbuki, “MBA-LTD” qiymətləndirmə və konsaltinq şirkətinin ekspert rəyi ilə H.Əzimovun mənzilinin 1 kv. metr sahəsinin bazar qiymətinin 4000 manat olduğu müəyyən edilmişdir.
Professor H.Əzimov qeyd etdi ki, Bakı Şəhər Icra Hakimiyyəti Başçısının göstərilən sərəncamında açıq şəkildə “park-bağ” salınması nəzərdə tutulan ərazidən əhalinin köçürülməsinin qanun normaları əsasında deyil, məhz I.Əliyevin tapşırığı ilə həyata keçirildiyi iki dəfə xüsusi olaraq vurğulanıb. Ölkə prezidentinin səlahiyyətləri məsələsini tənzimləyən Konstitusiyanın 109-cu maddəsində isə dövlət başçısına vətəndaşların xüsusi mülkiyyətinin dövlət satınalmasını həyata keçirmək üçün tapşırıq vermək səlahiyyəti nəzərdə tutulmayıbdır ki, bu da məcburi icra qüvvəsinə malik olmuş olsun.
Bu hallar və digər faktlar sübut edir ki, vətəndaşların mülkiyyət hüquqlarının və mənafelərinin cavabdehlər və məhkəmə tərəfindən pozulmasının əsas səbəbkarı I.Əliyev olmuşdur. I.Əliyev 2010-cu il mayın 7-də dövlət müşavirəsindəki çıxışında şəhərin mərkəzində bir kvadratmetr mənzil sahəsinin bazar satınalma dəyərinin 1500 manat olmasını, bu məbləqdən artıq kompensasiya tələb edilməsinin isə yolverilməzliyini bəyan etmiş, 2012-ci il aprelin 16-da isə Nazirlər Kabinetinin iclasında çıxış edərək vətəndaşların mülkiyyət hüququnun pozulmasını pisləyən  xarici və ölkə mətbuat orqanlarını Azərbaycana qarşı “qaralama kampaniyası” və “təxribat” aparmaqda təqsirləndirmiş, onları və öz hüquqlarının müdafiəsinə qalxmış mülkiyyətçiləri “təxribatçi qüvvələr” adlandırmışdır. Belə bir ictimai – siyasi şəraitdə Azərbaycan Respublikasının ali qanunvericilik orqanı olan Milli Məclisin (parlamentin) razılığı alınmadan, birbaşa şəxsən dövlət başçısı tərəfindən təyin edilən və işdən çıxarılan məhkəmə hakimləri “təxribatçı qüvvələr”ə xidmət etməkdə günahlandırılaraq işdən qovulmaq təhlükəsi ilə qarşılaşmamaq üçün dövlət başçısı I.Əliyevin rəyini və siyasi iradəsini itaətkarcasına rəhbər tutaraq əmlakları zorakılıqla əllərindən alınmış yüzlərlə vətəndaşın məhkəmələrdəki haqlı iddialarından heç birini təmin etməyiblər.

Burada qaydaları mən qoyuram

Məhkəmələr ölkə qanunvericiliyinin və Avropa Konvensiyasının norma və prinsiplərinə tamamilə zidd qərar və qətnamələr qəbul ediblər və bununla da Avropa Şurasının üzvü olmasına baxmyaraq, Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqil olmadığını, məhkəmələrin ali icra hakimiyyətinin yedəyində getdiyini, ölkədə qanunun aliliyi prinsipinə əməl olunmadığını nümayiş etdiriblər. Təsadüfi deyildir ki, ABŞ Dövlət Departamentinin 2011-ci ildə dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatının Azərbaycana aid hissəsində I.Əliyevin məhdudiyyətsiz hakimiyyət əldə etməsi və məhkəmələrin müstəqil olmaması məsələsinə toxunularaq göstərilmişdir ki, “Azərbaycan Konstitusiyasında hakimiyyət bölgüsü nəzərdə tutulsa da, faktiki olaraq bu ölkədə prezident icra, qanunverici və məhkəmə hakimiyyətləri üzərində dominant mövqeyə malikdir”, “hökumət insan haqları pozuntuları ilə bağlı cinayətləri araşdıra bilmir. Cəzasızlıq əsas problem olaraq qalır”.
Apellyasiya Məhkəməsinin 13 iyun 2012-ci il tarixli iclasında iddiaçı H.Əzimov məhkəmə sədri Hilal Xəlilovdan məhkəmə baxışının Inzibati Prosesual Məcəlləsinin tələblərinə uyğun aparılmasını, o cümlədən həmin məcəllənin 17 və 19-cu maddələrinin normalarının düzgün tətbiq edilməsini, iddia tərəfinin təqdim etdiyi sübutların araşdırılması və qiymətləndirilməsi, eyni zamanda vəsatətlərin təmin edilməsi üçün məhkəmənin təxirə salınmasını tələb etdi. Lakin hakim görünməmiş təkəbbürlə, amiranə şəkildə “burada qaydaları mən qoyuram” deyərək verilmiş vəsatətlərdən heç birini təmin etmədi və qısa fasilədən sonra iddianın təmin edilməməsi haqqında məhkəmə qərarının nəticə hissəsini elan etdi.

Ramin DEKO