“Azadlıq” qəzetinin Türkiyə təmsilçisi Aydın Taşın “Azərbaycan saatı”nı kimlər durdurmaq istədi?” başlıqlı yazısını oxudum. Sözün açığı, çanaq antenimin yoxluğu üzündən verilişi izləmək imkanım olmayıb. Cəmi-cümlətani bircə kərə, “Youtube”da, o da internetimin kəramətindən cəmi 2 dəqiqə neçə saniyəsə izləyə bilmişəm, vəssalam. Ona görə də verilişin haçan efirə gedib, haçan getmədiyini yalnız mənə gələn zənglərdən bilirəm. Düzü, bir az da çətinliyə düşmüşəm. “Azadlıq”da yazıram və “Azərbaycan saatı”nı hazırlayanlar arxadaşlarımdı deyə, məni tanıyıb-bilənlər, yerlilərim, yerlərdə yaşayan dostlarım verilişlə bağlı bir sualları olan kimi mənə zəng vururlar, mən də çətin vəziyyətdə qalıram ki, nə deyim. Kəsəsi, demək istədiyim bu: azərbaycanlı seyrçi dünyanın harasında yaşamasından asılı olmayaraq, ölkəsi haqda gerçəkləri görmək və eşitmək üçün əməlli-başlı təşnəymiş.
Bu gün Azərbaycan TV-ləri reytinqin əlində əsir-yesir qalıblar. Yəni, öz efir siyasətlərini reytinq müəyyənləşdirən qurumların verdiyi hesabatlar əsasında qururlar; elə bu reytinq adlı kabus üzündən gördüyümüz efir mənzərəsinin nə qədər ürəkbulandıran olmasını isə bilməyən yoxdu. “Azərbaycan saatı” kimi, lakin daha peşəkar və mükəmməl səviyyədə hazırlanmış bir proqram yetər ki, reytinq şirkətlərinin sayğacları yansın. Lakin bu gün, bu saat bu, Azərbaycanda mümkün deyil və elə “Azərbaycan saatı” həm də onunçün çalışır ki, bu ölkədə belə şeylər mümkün olsun. Lap Türkiyədəki kimi…
“Türkiyədəki kimi” dedim, elə “Saat”ımızın yaradıcıları da verilişi bu ümidlə hazırlamağa başlayıblar ki, Türkiyə demokratik, söz və mətbuat azadlığı olan ölkədir, orada Radio-Televizyon Üst Kurulunun qanunlarını pozmadan arın-arxayın iş görmək olar. Əslində, yaranan problemlər heç RTÜK-dən gəlməyib də. Heç “Kanal Avropa”nın sahibi Əli Paşa Akbaşın dediyi kimi, nə Almaniyadan, nə də Türkiyə xarici işlər naziri hörmətli Əhməd Davudoğlundan gəlib yasaq.
Araşdırmalardan sonra aydın olub ki, yasaq Ermənistandan gəlibmiş… Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatında Türkiyə nümayəndə heyətinin başqanı, bizim Əli Paşanın həmyerlisi Ismayıl Safidən. Bir türkün Ermənistandan zəng edərək, Əli Paşaya hədə-qorxu gəlməsi mənə çox maraqlı gəlsə də, burada mistika və ya hansısa xüsusi əlamət axtarmaq fikrində deyiləm. Ancaq yenə də, “Azərbaycan saatı”nın durdurulma tələbinin Ermənistandan gəlməsinə sıradan bir fakt kimi yanaşmağa özümü məcbur eləyə bilmirəm. Millət vəkilinin eyləminə qalanda isə, bu, vəzifədən, tutduğu mövqedən sui-istifadə və korrupsiya halıdı. Bu korrupsiya əməlinin o biri başında Azərbaycanda olduğu kimi, mütləq maddi qazancdan söhbət gedib-getmədiyinə qərar verməyi isə oxucularımızın ixtiyarına buraxıram.
Hər halda, Azərbaycan hökumətinin həqiqətin üzə çıxmasına qarşı bu cür önləyici tədbirlərə milyonlar xərclədiyi kimsəyə sirr deyil. Həm də Azərbaycan vətəndaşının cibindən çıxardıqları paralarla. Yəni, öz pulumuzla öz gözümüzü çıxarırlar.
Yazının sonunda proqramın rəhbəri Qənimət Zahid deyib: “Onlar hər dəfə bizi durdurmaq üçün Türk kanallarını pulla basdırmağa cəhd edəcəklər. Eybi yox, qoy buralarda da kimlərsə bizim hesabımıza varlansın”.
Türkiyədə 300 kanal var, olsun, bu qədər kanalı susdurmaq belə, Əliyev rejiminin əlində su içmək kimi bir şeydi. Lakin bir şey var ki, asan yolla para qazanmaq hər bir kanalın arzusudu. Deməli, bu paranı cəlb eləmək üçün kanallar həvəslə “Azərbaycan saatı”yla əməkdaşlığa can atacaqlar. “Saat”ımızın hər kanalda 6-7 buraxılışı olsa, bu, birlikdə 2000-dən artıq veriliş, 2000 saat xəbər deməkdi. Kor nə istər, iki göz…
Beləliklə, “Azərbaycan saatı” yatmayacaq, zira o, yatanları ayıltmaq üçün qurulub…

“Azərbaycan saatı” neçəyə qurulub?..
•
•