Turqut Özalın öldürülməsi ehtimalı güclənir

Türkiyənin keçmiş prezidentini zəhərləyiblər?

Türkiyənin 8-ci prezidenti Turqut Özalın qəfil ölüm səbəbi ilə bağlı şübhəli məqamlar ortaya çıxıb. Araşdırma aparan xüsusi komissiya keçmiş prezidentin ailə üzvlərinin onun öldürülməsilə bağlı iddialarının əsassız olmadığını göstərib. Turqut Özalın ən yaxın adamlarından biri isə onun ölümü ilə bağlı şok versiya irəli sürüb.
Turqut Özalın öldürülməsi iddialarını araşdırmaq üçün 2010-cu ildə prezident Abdullah Gülün göstərişi ilə yaradılan xüsusi komissiya ilk hesabatını açıqlayıb. Hesabatda deyilir ki, mərhum prezidentin ölümü uzun çəkən bir xəstəlikdən sonra baş verən və gözlənilən bir ölüm olmayıb. O, qəflətən, iş başında dünyasını dəyişib. Bu cür vəfat edən prezidentin ölüm səbəbi də hər zaman iddialara səbəb olur. Üstəlik, meyitin yarılmaması və ya hər hansı digər araşdırma aparılmaması şübhəli məqamdır.
Sənəddə, Özalın keçmişdə səhhətində problemlər olmasına baxmayaraq, onun iqamətgahında tibb işçilərinin və təcili yardım maşınlarının saxlanmaması da şübhəli məqam kimi öz əksini tapıb. Hesabatda mərhum prezidentin ölümünün səbəblərinin qaranlıq qaldığı vurğulanır. Turqut Özalın müalicəsi ilə bağlı Amerikadan və Türkiyədən sənədlər toplanıb. Ölüm səbəbinin araşdırılması üçün 12 nəfərdən ibarət tibbi komissiya yaradılıb. Hesabat müəllifləri ölümün dəqiq səbəbinin müəyyən olunması üçün Turqut Özalın məzarının açılmasını və onun nəşinin üzərində araşdırmalar aparılmasını tövsiyə ediblər.
Artıq Özalın ailəsi də məsələ ilə bağlı mövqeyini açıqlayıb. Mərhum prezidentin oğlu Əhməd Özal deyib ki, əgər müasir texnologiya ilə 20 ildən sonra hər hansı nəticə əldə etmək mümkündürsə, buna etiraz etmirlər. Amma son qərarı məhkəmə və Turqut Özalın həyat yoldaşı Səmra Özal verməlidir.
Məsələ ilə bağlı hökumətin mövqeyini isə baş nazirin müavini Bəşir Atalay açıqlayıb. O bildirib ki, araşdırmaların bundan sonrası artıq məhkəmənin işidir.
Xatırladaq ki, Turqut Özal 1993-cü il aprelin 17-də, Azərbaycan və Orta Asiyanın türk dövlətlərinə etdiyi 12 günlük səfərdən qayıtdıqdan sonra qəfildən dünyasını dəyişib. Turqut Özalın ən yaxın adamlarından olan, keçmiş nazir Mətin Gündərə Türkiyə mediasına açıqlamasında onun Orta Asiya ölkələrindən birində zəhərləndiyi ehtimalını irəli sürüb. Onun sözlərinə görə, Turqut Özalın səfəri burada Türkiyənin təsirini genişləndirməyə xidmət edirdi. Bu isə Rusiyanın maraqlarına toxunurdu.