Telekanallarda Rəsulzadəyə qadağa var

Bunu tanınmış teleaparıcı da təsdiqləyir

“Azadlıq” radiosunda “Pen klub” layihəsinin qonağı olan kinoşünas, teleaparıcı Nadir Bədəlov Azərbaycan tarixində xoşladığı və filmə gətirmək istədiyi dövr 1916-cı ildən 1920-ci ilə kimidir. Həmin dövr üçün qəhrəmanının kimliyinə gəlincə, kinoşünas sualı belə cavablandırıb:
“Desəm ki, Məhəmməd Əmin Rəsulzadə, mən orijinal olmayacağam. Çünki Rəsulzadə çoxgedişli siyasətçi idi. Onu hələ öyrənmək lazımdır. Hələ onun mühacirət dövründə nələr baş verdi!.. Onun Türkiyədən uzaqlaşdırılması… Stalin onu burdan apardı. Bu balaca məsələ deyil. Stalin – tarixi yaradanlardan biri idi, o, məhz Rəsulzadə üçün gəlmişdi, onu həbsxanadan çıxarıb Moskvaya apardı. Bundan sonra ona dönük çıxıb ölkədən qaçmaq da hər adamın hünəri deyil…
Stalinə məktub yazmışdı ki, sizin haqqınızda yaxşı fikirdəyəm. Ancaq bir şeyi yadınızda saxlayın, biz müxtəlif mədəniyyətlərik, gec-tez Azərbaycan sizdən ayrılmalıdır. Onun Stalinlə bağlı xatirələri də gözəl əsərdir. Niyə də Rəsulzadə haqda film çəkməyim? O özü tələb edir, istəyir”.
Bununla belə, xeyli müddət televiziyada işləmiş şəxs kimi, Nadir Bədəlov da təsdiqləyir ki, telekanallarda Rəsulzadəyə qarşı qadağa var: “Belə bir embarqo var. Amma bilmirəm, bu nəylə əlaqədardır”.