İlqar Verdiyev şəhid oldu
Iyunun 10-da gecə saatlarında Goranboyda zabit yoldaşını xilas edərkən minaya düşən, Azərbaycan Ordusunun zabiti Ilqar Verdiyev vəfat edib. Bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalından məlumat veriblər. Məlumatda bildirilir ki, Ilqar Verdiyev iyunun 14-də saat 14:00 radələrində hospitalın reanimasiya şöbəsində dünyasını dəyişib. Həkimlərin səyinə baxmayaraq Azərbaycan Ordusunun zabitinin həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Müdafiə Nazirliyinin Goranboydakı”N” saylı hərbi hissəsinin Mühəndis-Istehkam bölüyünün komandiri, kapitan Ilqar Verdiyev iyunun 9-dan 10-na keçən gecə minaya düşüb. Əvvəlcə hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi Zahir Məmmədov minaya düşüb. Yaralı zabiti götürmək üçün ona yaxınlaşan mühəndis-istehkam bölüyünün komandiri Ilqar Verdiyev ikinci minanın partlaması nəticəsində yaralanıb. Hadisə nəticəsində Ilqar Verdiyev bir qolunu, Zahir Məmmədov isə bir ayağını itirmişdi. Dərhal zabitlər Müdafiə Nazirliyinin Sarıcalı Hospiytalına gətirilsələr də, hər iki zabitin vəziyyəti ağır olduğundan onlar Bakıya-Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Qeyd edək ki, Ilqar Verdiyev əvvəllər uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb və mayor hərbi rütbəsi almışdı. 2008-ci ildə Müdafiə Nazirliyinin hərbi hissələrinin birində baş vermiş hadisədən sonra Ilqar Verdiyev müdafiə naziri Səfər Əbiyevin qəfil qərarı ilə hərbi rütbəsi bir pillə aşağı salınaraq kapitan hərbi rütbəsilə Goranboydakı “N” saylı hərbi ghissəyə bölük komandiri göndərilmişdi. Ilqar Verdiyevin Müdafiə Nazirliyindən uzaqlaşdırılması 2008-ci ildə baş verən hadisənin mətbuata çıxmasından sonra baş vermişdi. Müdafiə naziri Səfər Əbiyev həmin məlumatın Ilqar Verdiyev tərəfindən mətbuata ötürüldüyünü zənn edərək onu cəzalandırıb və rütbəsini bir pillə aşağı endirməklə Goranboya göndərmişdi(Olaylar).