“Suriya üzrə keçiriləcək konfransda İranın iştirakı vacibdir”
Rusiya Xarici işlər Naziri Sergey Lavrov bəyan edib ki, Moskva Bəşər Əsədin hakimiyyəti tərk etməsi haqda danışıqlar aparmır. Bir gün əvvəl Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland bildirmişdi ki, ABŞ Rusiya ilə “Suriyada hakimiyyətin dinc yolla keçidi”ni müzakirə edir. Lavrov: “Əgər belə bir şey deyilibsə belə, bu yalandır. Bu mövzuda danışıqlar aparıla bilməz, çünki mövqeyimizə tamam ziddir”.
Nazir heç bir rejimin devrilməsində iştirak etmədiklərini və bunun üçün gizli danışıqlar aparmadıqlarını deyib.
Bu arada Moskva hesab edir ki, Suriya üzrə keçiriləcək beynəlxalq konfransda İranın iştirakı mütləqdir. Lavrov: “Biz Suriyada zorakılığın dayandırılması üçün bütün beynəlxalq qüvvələrin səfərbər edilməsini istəyiriksə, İranın iştirakı vacibdir”.
Rusiya XİN-i konfransda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün, Suriyanın bütün qonşularının həmçinin Səudiyyə Ərəbistanı, Qətər və İranın iştirakını təklif edir.
azadliq.info