Ukrayna üçün leysandan sonra “soyuq duş”
İyunun 15-də futbol üzrə Avropa Çempionatının qrup mərhələsində II turun növbəti oyunları keçirilib. D qrupunda əvvəlcə Ukrayna-Fransa qarşılaşması olub. Lakin qarşılaşma başlayandan 4 dəqiqə sonra dayandırılıb. Oyunun keçirildiyi Donetsk şəhərində yağan leysan baş hakimi belə bir qərar verməyə məcbur edib. Qarşılaşma 1 saatlıq məcburi fasilədən sonra davam etdirilib.
Oyunun birinci hissəsi qolsuz heç-heçə ilə bitib. İkinci hissədə isə Fransa yığması 3 dəqiqəyə 2 qol vurmaqla Ukraynanı məğlub edib. 53-cü dəqiqədə Menez, 56-cı dəqiqədə Gabaye fərqlənib. Oyun 2:0 hesabı ilə də başa çatıb.
Günün ikinci qarşılaşması İngiltərə və İsveç milliləri arasında olub. Oyun gərgin və məhsuldar olub. Qapılardan 5 top keçib. Hesab isə 3:2 İngiltərənin xeyrinə olub. İsveç yığması rəqibinə layiqli müqavimət göstərsə də və hətta bir ara hesabda irəli çıxsa da, məğlubiyyətdən qaçmağa sonadək gücü çatmayıb. Belə ki, 24-cü dəqiqədə Kərolun vurduğu qolla İngiltərnin qarşısında yenik vəziyyətə düşən İsveç yığması 49 və 59-cu dəqiqələrdə fərqlənərək hesabı öz xeyirlərinə dəyişiblər- 2:1. Lakin ingilislər əzm və inadkarlıq göstərərək 64-cü dəqiqədə hesabı bərabərləşdirib, 78-ci dəqiqədə isə daha bir qolla irəli çıxıblar.