Genaralın həbs etdirmək istədiyi baş leytenantın anası danışdı
“General Vaqif Axundovun nəzərinə çatdırmaq istəyirəm ki, o, oğlum Asif Lətifovu həbs elətdirə, hətta öldürtdürə bilər, amma istənilən halda mən onun bütün əməllərini ifşa edəcəm”. Bu sözləri dünən Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunda mətbuat konfransı keçirən Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) “Betta” qrupunun sabiq əməkdaşı, baş leytenant Asif Lətifovun anası Gülnaz Lətifova deyib.
Baş leytenantın anası bildirib ki, oğlu qanunsuz olaraq XDMX rəhbərliyi tərəfindən işdən çıxarılıb: “Mənim oğlum 17 il Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət edib, prezidenti, onun ailəsini qoruyub. Dəfələrlə xidmətinə görə mükafatlandırılıb. Lakin ”Betta” qrupunun komandiri, general Bəylər Əyyubovun yaxın qohumu Fikrət Rzayev oğluma qarşı qərəzli münasibət bəsləyib. O, hər ay işçilərdən, o cümlədən oğlumdan 30 manat pul tələb edib. Oğlum isə onun bu qanunsuzluğu barədə rəhbərliyi məlumatlandırıb. Bu, Fikrət Rzayevlə oğlum arasındakı münasibətləri daha pisləşdirib. Fikrət Rzayev onsuz da Asiflə yola getmirdi. Bunun kökündə şəxsi məsələ dayanır. Asif onun qanunsuz əməllərini ifşa etdiyinə görə isə bu şəxs daha da aqressivləşib. Nəhayət, bir bəhanə ilə oğlumu işdən çıxartdırıb”.
Gülnaz Lətifova bildirib ki, Fikrət Rzayevin bəhanəsi Asif Lətifovun xidmət zamanı tapdığı güllə olub: “Bu barədə mətbuatda geniş yazılıb. Oğlum xidmət zamanı güllə tapıb və həmin gülləni Fikrət Rzayevlə arasında problem olduğu üçün ona deyil, işlədiyi qurumun müfəttiş təşkilat idarəsinə təhvil verib. Indi bəhanə gətirirlər ki, nə üçün gülləni Fikrət Rzayevə təhvil verib. Hələ bununla bağlı Asif barəsində cinayət işi də başlanıb. Siz bir maddələrə baxın: 228.1 (qanunsuz silah saxlama) və 232.2.3 (qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə). Mən general Vaqif Axundova sual edirəm: Asifdə hansı silah olub və kimdən odlu silah, döyüş sursatı, partlayıcı maddə tələb edib ki, onun barəsində bu maddələrlə cinayət işi başlamısınız? Bu qədər yalan, böhtan olar? Adamın Allahı olar, niyə 17 il xidmət etmiş bir zabitə belə böhtan atırsınız? Mən bu sualları ona görə Vaqif Axundova ünvanlayıram ki, müstəntiq oğluma cinayət işinin məhz onun sifarişilə başlandığını deyib. Cənab Vaqif Axundov, məgər bu sizin üçün restoranda oturub şam yeməyi sifariş verməkdir? Siz niyə insanların taleyilə oynayırsınız?!”.
Asif Lətifovun anası onu da əlavə edib ki, XDMX-dən istintaqa ekspertiza üçün güllə göndəriblər: “Təsəvvür edirsiniz, nə baş verir? Asif gülləni 1 il 3 ay bundan əvvəl tapıb. Və tapan kimi dərhal təhvil verib. Indi istintaqa güllə göndərirlər ki, onun üzərindəki torpaqla Asifin tapdığı yerin torpağını uyğunlaşdırsınlar və görsünlər Asif düz deyir ya yox. Əvvəla, 1 il 3 aydan sonra güllənin üzərində torpaq qalar? Ikincisi, biz nə bilək ki, bu həmin güllədir? Axı Asif gülləni təhvil verəndə bu aktlaşdırılmayıb, paketə qoyulmayıb, yəni ekspertiza üçün qanunla müəyyən olunmuş prosedurlar həyata keçirilməyib. Indi bir güllə gətiriblər ki, bu ekpertiza olunmalıdır”.
Gülnaz Lətifova sonda Ilham Əliyevə müraciət edərək bu məsələnin ciddi şəkildə araşdırılmasını xahiş edib.
Azad