Ilham Əliyev – polis prezidenti
Bir gün sonra Oqtay Gülalıyevi buraxacaqmışlar. Bir gün qabaq çağdaş Azərbaycan gəncliyinin ən aktiv tanınmışlarından olan fotoreportyor Mehman Hüseynovu tutdular. Xalqı sevinməyə qoymadılar. Bu, 45 illik Əliyevlər hakimiyyətinin daşlaşmış prinsiplərindəndir – Azərbaycan xalqını sevinməyə qoymamaq! Azərbaycan xalqının sevinci bunların ağrı-acısı, yuxusuz gecələri deməkdir. Buna görə birini tutmamış o birini buraxmırlar. 1969-cu ildən start götürən bu sonu görünməyən tutquların əliyevçi türmə strategiyasının fəlsəfəsi budur: xalqın başı dıkəlməsin!
Keçənlərdə ata Əliyevin, indi oğul Əliyevin dövlət hakimiyyət sistemini ailə hakimiyyəti sisteminə çevirməyinin nədəni də budur: dövlət bizik! hakimiyyət bizik! Buna görə biz çıxışlarımızda, yazılarımızda “Azərbaycan hakimiyyəti” anlayışından hələlik daşınmalı, əliyevlər hakimiyyəti deməliyik. Bilməliyik, bütün dünyaya bildirməliyik: legitimlikdən bütünlüklə uzaq əliyevlər hakimiyyəti Azərbaycan hakimiyyəti demək deyil. Bu hakimiyyət Azərbaycan hakimiyyəti olsaydı, ölkənin doğal resurslarına bir ailə yiyələnməz, bu ailənin maraqları üçün dövlət demokratiya platformasından diktatura platformasına keçirilməz, rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq DÖVLƏT SIYASƏTINƏ çevrilməz, ailə hakimiyyətinin ölkədə TƏK üstün güc olaraq tanınması üçün Təhsil, Sağlamlıq, Gömrük, Vergi sistemləri rüşvət-korrupsiya içində darmadağın edilməz, ELM, Mədəniyyət, Mənəviyyat faktorları bir belə aşağılanmaz, ayaqlara salınmazdı.
Baxın, 1993-dən bu yana ata-oğul Əliyevlər Informasiya Özgürlüyünə son qoymaqdan ötrü hansı oyunlardan çıxmır, hansı metodlara əl atmırlar! Qabaqcıl, gəlişmiş dünya AÇIQ HÖKUMƏT prinsipinə üstünlük verirkən, bunlar QAPALI HÖKUMƏT yolu tuturlar. Niyə? Qurduqları korrupsiya hökumətini – korrupsiya rejimini qoruyub saxlamaq üçün. Korrupsiyanın istənilən ölkə üçün nə demək olduğunu bugünlərdə Bakıda olan ABŞ dövlət katibi H.Klinton belə formullaşdırdı: “Korrupsiya ölkənin potensialını öldürür, resursları tükədir. O, şərəfsiz başçıları qoruyur”. Klintonla deyə-gülə demokratiya danışıqlarından sonra parlamentdən andidemokratik qanun keçirilir. Bu qanun yalnız Azərbaycan xalqına deyil, bütün demokratik dünyaya mesajdır: biz sizi saymırıq! Olsun…
Görün I.Əliyevin imzası ilə əlaltı parlamentə ötürülən qanunla gerçəkləşdiriləcək antidemokratik yasaqlara necə don geydirilir: “Azərbaycanın siyasi, iqtisadi, hərbi, milli maraqlarının, maliyyə-kredit, valyuta siyasəti sahəsində mənafelərin qorunması, ictimai qaydanın, salamlığın, mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqasədlərilə”. “Informasiya əldə etmək haqqında” adlanan bu qanun praktik olaraq, eləcə də faktik olaraq əliyevçi korrupsiya hakimiyyətini – polis rejimini qoruyub saxlamaq üçün ortaya atılan hər hansı legitimlikdən uzaq, antidemokratik qanundur, Əliyevlər ailəsinin korrupsioner maraqlarına qarantiya yaratmağa yönəlik qanundur. Buna oxşar bir qanunu bundan öncə I.Əliyev 2009-cu ildə saxta referendum yolu ilə Konstitusiyaya artırmışdı. Görünür, doğrudan da “iştah diş altındadır” – dünənki yasaqlar bu gün üçün yetərli sayılmır. Başlıcası da ailə-prezident biznesi bütün ölkəni bürüyəndən, Neft-Qaz, Balıq-Kürü resursları, Qızıl-Gümüş yataqları bir əldə toparlanandan sonra.
Bütün bunlardan sonra prezident-monopolistə bir iş qalır: polis rejimini gücləndirdikcə gücləndirmək, diktatura rıçaqlarını bərkitmək, bərkitmək, bərkitmək! Belə hakimiyyətə xalq yox, sürü gərəkdir. Təhsil sisteminin darmadağın edilməsi SÜRÜ psixologiyasını stimullaşdırmaq, Məhkəmə-hüquq sisteminin dövlət siyasəti olaraq məhkəmə-rüşvət sisteminə çevrilməsi SÜRÜ qanunlarını qoruyub saxlamaq üçündür!