Ermənistanda dövlət sisteminin müharibə şəraitində necə fəaliyyət göstərməsini yoxlamaq üçün xüsusi hərbi təlimlər keçiriləcək. APA-nın “Radio Azatutyun”a istinadən xəbərinə görə, bunu hökumətin bu gün keçirilən iclasından sonra Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib. Onun sözlərinə görə, iyunun sonunda keçiriləcək təlimlər zamanı Ermənistan Respublikası yüksək hərbi hazırlıq vəziyyətinə gətiriləcək.
Nazir qeyd edib ki, iyunun 25, 26 və 27-də “Hərbi-dövlət sisteminin müharibə şəraitinə keçidi və təcavüzün dəf edilməsi üzrə əsas tədbirlərin təşkili” mövzusunda hərbi-siyasi mərhələ keçiriləcək: “Mən xahiş edərdim ki, bütün rəhbər orqanlar tərəfindən məsul şəxslərin hazırlanması üzrə göstərişlər verilsin. Çünki həmin müddətdə Ermənistan Respublikası yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək və bunun fonunda biz hərbi vəziyyətə keçid, hərbi toplanışların keçirilməsi, təcavüzə müqavimətlə bağlı göstərişlər verəcəyik. Eyni zamanda Ermənistan prezidenti dəstək xahişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərliyinə müraciət edəcək”.
S. Ohanyan bildirib ki, sentyabr ayında Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Operativ Reaksiya üzrə Kollektiv Qüvvələrinin “Əməkdaşlıq 2012” adlı birgə təlimləri keçiriləcək: “Bu təlimlər ərəfəsində hazırda Ermənistan Silahlı Qüvvələrində bütün dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə komanda-qərargah təlimləri keçirilir”.