Deyəsən, siyasət də özünün yay fazasına daxil olur. Yay məndə həmişə bir məhlul təəssüratı yaradır: sanki hər şey bir məhlula qarışır, onun içində həll olmağa başlayır. Mənim müxalifətin yay planlarından o qədər də xəbərim və məlumatım yoxdur, çünki öz yazı-pozu işimlə məşğulam. Amma mənə elə gəlir ki, siyasi proseslər yayda səngiməyəcək. Bölgə o qədər mürəkkəbləşir ki, hadisələr biri-birinin növbəsini gözləmir. Indi çox şey haqqında söhbət açmaq olar. Amma hadisələri qabaqlamağın də mənası yoxdur. Şimal tərəfi bir qədər aydın görünür, amma ABŞ-da məchulluqdur, seçkinin nəticəsini gözləmək lazım gələcək. O gün haradasa oxudum ki, Rusiyada müxalifət və ictimaiyyət fəallarının evində axtarış aparırlar. Buralara şükrlər dilədim. Zira o da var ki, müxalifətçilərin evində bir şey yoxdur, eləsi var ki, heç evi belə yoxdur. V.Putin Rusiyanı hara aparır? Bu suala heç rusların özü cavab tapa bilmir. Məni isə bu sual o qədər də qayğılandırmır. Narahatlıq yaradan odur ki, bizimkilər Rusiya siyasətinə bir “şkola” – məktəb kimi baxırlar. Amma bir məsələni qeyd etmək istəyirəm: Rusiyada heç bir vaxt azadlıq olmayıb. Indi bunun tarixi və siyasi kökləri haqda araşdırma aparmağa lüzum yoxdur, biz Rusiyanı özümüzdən də yaxşı bilirik, hamı özünü Rusiya ilə bağlı çox bilikli və məlumatlı hesab edir. Indi Rusiyanın Azərbaycandan qopmaq məsələsini həll etməyə çalışırlar, hər halda mən belə düşünürəm. Mənə elə gəlir ki, indi Qəbələ RLS-lə bağlı məqamlar təkcə iqtisadi maraqdan doğmur. Təbii ki, ildə 7-10 milyon dövlət üçün heç nədir, məbləğ deyil. Lakin mənə elə gəlir ki, burada təkcə iqtisadi ədaləti bərpa etmək meyli ifadə olunmayıb. Əgər o məsələ həll edilsə, ruslar Qəbələ RLS-dən əl çəksələr, mən bunu bizim bu hakimiyyətin 19 ildə yeganə diplomatik qələbəsi, Azərbaycanın tam suveren və müstəqil olması yolunda atdıqları yeganə addım hesab edəcəm. Amma o da var ki, çayı keçməmiş “afərin!” deməyin də mənası yoxdur. Hakimiyyətin işini bilmək olmaz, bunlar üçün kreslo hər şeydən önəmlidir. Birdən ən son məqamda fikirlərini dəyişdilər. Nə bilmək olar ki? Ona görə dedim ki, hadisə və olayları qabaqlamağa ehtiyac yoxdur, çünki bizə sevinmək düşmür, bircə kərə axıra qədər sevindiyimiz yadıma gəlmir. Güman etmirəm ki, Rusiya tək strateji mövcudluq xatirinə ildə 300 milyon dollar ödəmək qərarına gəlsin. O qədər də kiçik məbləğ deyil! Nə qədər ki, Gürcüstanda rus hərbi hissələri və texnikası vardı biz fəxrlə deyirdik ki, ölkəmiz Qafqazda rus qoşunu olmayan yeganə ölkədir. Indi bunu deyə bilmirik. Ona görə də Rusiyanın əlini Qəbələ RLS-dən üzmək lazımdır. Bu, bizim üçün təkcə ritorik məzmun kəsb etmir, ölkə həqiqətən də azad olmalıdır. Mənə qalsa, hətta MDB ilə də vidalaşardıq və Gürcüstanı bu yolda tək qoymazdıq. Nə isə. Mənim yazdıqlarım bəlkə də kiməsə “zəncinin arzuları” kimi görünür. Amma həyatda və siyasətdə nələr olmur?! Bir gün röya kimi görünən şeylər başqa bir gün gerçəklik olur. Ona görə də mən tam pessimist deyiləm, hələ ümid edirəm. Həm də bunların o qədər də alternativ seçim imkanları yoxdur. Indi çıxışlarda təzədən ABŞ-la bağlı işarələr hiss edirəm, çalışırlar ki, ABŞ-ın ölkəyə diqqətini atırsınlar, o qədər açıq danışmasalar da ona işarə edirlər ki, bu ölkə ilə məsləhətləşmək və dialoq üçün ehtiyac duyurlar. Iranla münasibətlər də buna sövq edir. Indi bu münasibətlər elə səviyyəyə gəlib çatıb ki, hamı özünə dayaq və müttəfiq axtarır. Ən çox narahatlıq doğuran budur ki, dünyada böyük məsələlərin və problemlərin həll olduğu bir vaxtda bizi adi tamaşaçıya çeviriblər, hadisələr bizə yalnız tamaşa kimi görünür və necə deyərlər, elə tamaşalar da olur ki, o tamaşaya hətta “bilet” də tapa bilmirik. Ona görə ağlıma bir sual gəlir: Bəs deyilmi? Tamaşaçı olmaq Sizi bezdirməyibmi?
Kiçik sözardı
Bu yazını da başa vurduq. Amma yazmaq da elə seyrçilik və tamaşaçılıq tək bir şeydir. Yox, demirəm ki, yazı məni bezdirib. Amma əsl siyasət üçün bərk darıxmışam. Elə bir siyasət ki, ondan yazanda adam əsnəməsin!..

Tamaşaçı olmaqdan bezmədiniz?
•