Bundan hansı ölkə daha çox ziyan çəkəcək?
Azərbaycanla Iran arasında münasibətlərin gərginləşməsi, bu ölkədə həbs edilən iki azərbaycanlı şairdən xəbərin olmaması Xarici Işlər Nazirliyinin vətəndaşlara xəbərdarlıq etməsi ilə nəticələnib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, artıq azərbaycanlılar üçün Irana səfər etmək təhlükəli hala çevrilib. Belə görünür ki, Irana səfər edən Azərbaycan vətəndaşlarının Iranda yoxa çıxması ehtimalı var. XIN nümayəndəsinin bu açıqlaması vətəndaşları Irana getməkdən çəkindirmək niyyəti kimi də qəbul edilə bilər. Bu da artıq iki ölkə arasıda münasibətlərin daha da pisləşməyə doğru getdiyini deməyə əsas verir.
Bəs Azərbaycan vətəndaşlarının Irana getməsinin qarşısının alınması hansı fəsadlar törədə bilər? Rəsmi statistikaya əsasən, iki ölkə arasında illik ticarət dövriyyəsində idxal həcmi 400-500 mln manat, ixrac həcmi də bir o qədərdir. Bundan əlavə, hər il minlərlə şəxs müalicə dalınca Irana üz tutur. Iranla sərhəd rayonların sakinləri isə gündəlik alış-verişlərini də bu ölkədə həyata keçirir. Viza rejiminin aradan qaldırılması isə bu prosesi daha da sadələşdirib. Belə olan halda vətəndaşları Irana getməməyə çağırmaq iki ölkə arasında yaranan problemin həlli ola bilərmi?
Nemət Əliyev: “Ticarət dövriyyəsinin kəskin azalması ilə yanaşı Iranda fəaliyyət göstərən sahibkarlara da ciddi ziyan dəyəcək”
Iranla Azərbaycan arasında bir sıra iqtisadi əlaqələrin mövcud olduğunu deyən iqtisadçı-ekspert Nemət Əliyev hesab edir ki, Xarici Işlər Nazirliyinin bu cür çağırışı həmin əlaqələrin zəiflənməsinə və bu ölkə ilə sərhəddə yaşayan soydaşlarımızın durumuna ağır təsir edə bilər: “Azərbaycanla Iran arasında əlaqələrin kəsilməsi ilk növbədə ölkəmizə pis təsir edəcək. Ona görə hökumət vətəndaşlarına dəyən ziyanın miqyasını azaltmağı düşünməlidir”.
Ekspertin sözlərinə görə, bir sıra iş adamları Azərbaycanda təhlükəsiz biznes, iqtisadi şəraitin olmadığına görə öz vəsaitlərini Iran iqtisadiyyatına yönəldib. Əlaqələrin kəsilməsi ticarət dövriyyəsinin kəskin azalması ilə yanaşı, Iranda fəaliyyət göstərən sahibkarlara da ciddi ziyan vuracaq.
Elxan Şahinoğlu: “Bu, Azərbaycanın Iranla münasibətlərində gərginliyin gələcək illərdə də davam edəcəyinə işarədir”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Irana gedən Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə zəmanətin olmadığını desə də, bu ölkəyə olan axının qarşısını almağın çətinliyini də vurğuladı: “Iki şairin tutulmasını nəzərə alsaq, Irana gedənlərin təhlükəsizliyinə zəmanətin olmadığını demək olar. Ancaq Iran Azərbaycan vətəndaşlarına tətbiq etdiyi viza rejimini aradan qaldırıb. Neçə illərdir azərbaycanlılar ticarət və müalicə məqsədi ilə bu ölkəyə üz tutur. Ancaq önəmli olan odur ki, bu axının qarşısını necə alınacaq”.
Ekspertin fikrincə, nazirliyin bu xəbərdarlığı təhlükəli tendensiya yarada bilər. Bununla belə vətəndaşların təhlükəsizliyinə zəmanət verilməməsi ikitərəfli münasibətləri həll etmir. Bu, Azərbaycanın Iranla münasibətlərində gərginliyin gələcək illərdə də davam edəcəyinə işarədir.
Fizzə