Rekonstruksiya adı altında sahibkarların əmlakı əllərindən alınıb
Azərbaycan hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslərin ölkədə fəaliyyət göstərən sahibkarların əmlaklarına əl qoyulması sirr deyil. Iri çəkili məmurlar müxtəlif yollarla sahibkarlara məxsus obyektləri özününküləşdirir. Buna qarşı çıxanlar isə ya həbs edilir, ya da ölkədən didərgin salınır.
Nümunə olaraq Nurəddin və Loğman Zülfüqarlı qardaşlarının işini göstərmək olar. 2005-ci ildə Zülfüqarlı qardaşlarına məxsus “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” zavodlarını onların əlindən almaq üçün iş adamları saxta ittihamlarla həbs etdilər. Nurəddin Zülfüqarlı təcridxanada zavodların müəyyən hissəsini satmaq barədə razılıq ərizəsi yazdıqdan cinayət işinə xitam verildi və qardaşlar azad edildilər. Bir qədər sonra isə onların “Bakı Poladtökmə” zavodundakı cüzi payına da əl qoyuldu. Bu dəfə isə Zülfüqarlı qardaşları dirəniş göstərdi. Lakin növbəti dəfə saxta ittihamlarla həbs olunmaqn təhlükəsi yarandığı qardaşlar Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar.
Dünən isə məlumat aldıq ki, Milli Parkda obyekt sahibi olan onlarla sahibkarın əmlakı əllərindən alınıb. Bu “əməliyyat” Milli Parkın rekonstruksiyası adı altında həyata keçirilib.
Həmin sahibkarlardan biri Rasim Məmmədovdur. Rasim Məmmədovun 70-dən artıq yaşı var. Bulvardakı “Venesiya” kafesi ona məxsus olub. Lakin rekonstruksiya adı altında kafe əlindən alınıb. Rafiq Məmmədova heç kompensasiya da ödənilməyib.
Rekonstruksiyanın qurbanı olan sahibkarlardan biri Tofiq Quliyev adlı sahibkardır. Onun isə tərsanəsi əlindən alınıb. Bu məlumatları “Azadlıq”a tanınmış vəkil Aslan Ismayılov verib. O, qeyd edib ki, yaxın günlərdə hakimiyyətin “bulvar əməliyyatı” ilə daha qəzetimizə daha geniş bilgilər verəcək.
Informasiya şöbəsi